İxtisas seçimi edəcək abituriyentlərə müraciət edildi


 Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.
Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a verilən xəbərə görə, DİM son günlər sosial şəbəkələrdə aparılan monitorinqlərin nəticələri haqda məlumat verib. DİM qeyd edir ki, bu monitorinqlər bəzi insanların abituriyentlər və onların valideynlərinin etibarından sui-istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırış etdiklərini göstərir. Abituriyentlərə və onların valideynlərinə tövsiyə edirik ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədi ilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I-IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə II və III ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın xüsusi buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Siz, həmçinin Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərsiniz. “Məsləhət Mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. İxtisas seçimi ilə əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərərcək. Bununla bağlı əlavə məlumat veriləcək.

Bundan əlavə, növbəti həftə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin “Facebook” səhifəsində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaqdır.

“Abituriyent Məsləhət Mərkəzləri” həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərir.