“Publik hüquqi şəxs” gözləsin: Təhsildə daha vacib islahatlara ehtiyac var 

Məktəblərdə publik hüquqi şəxsin formalaşdırılması vacibdir. Bunu elm və təhsil naziri Emin Əmrullayev UNEC-də mühüm elmi müzakirələrə həsr olunmuş “Elm Festivalı”nda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir. "Məktəbin publik hüquqi şəxsinin formalaşması uzunmüddətli prosesdir. Ona görə də hazırda gördüyümüz sadəcə transformasiya olaraq bu prosesi həyata keçirməkdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik. Amma adambaşına maliyyələşdirmə də vacibdir"- deyə o əlavə edib. Publik hüquqi şəxs statusu təhsil müəssisələrinə, konkret olaraq orta məktəblərə hansı üstünlüklər verəcək? Təhsil sahəsi üzrə mütəxəssislər hesab edir ki, orta ümumtəhsil müəssisələri özlərini maliyyələşdirməlidir. Onlar təhsil xidməti göstərməlidir. Sadəcə, bu istiqamətdə qarşıya qoyulan vəzifəni təmin edəcək kadrlarımız yoxdur. Bu gün ölkə büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsil sahəsidir. Ancaq bununla bərabər təhsil müəssisələri özləri-özlərini təmin etməyi də bacarmalıdır. Təhsil müəssisələri dövlətin təhsil proqramında nəzərdə tutulmayan xidmətlər üzrə pullu xidmət göstərə bilər. Yəni əlavə xidmətlər ödənişli olacaq. Lakin problem kadr məsələsindədir. Bu istiqamətdə bacarıqlı, peşəkar kadrlar, direktorlar yoxdur. Ona görə də ilk növbədə lazımi qədər maliyyə biliyinə malik kadrlar yetişdirilməlidir. Bu minvalla Azərbaycandakı orta məktəblər bir neçə ildən sonra publik hüquqi şəxsə çevrilə bilər. Bununla da, məktəblər məcbur olacaq ki, keyfiyyətli təhsil versin. Keyfiyyətli təhsil fonunda isə şagird günün ikinci yarısında hazırlığa getmək məcburiyyətində qalmaz. Dünyada qəbul edilən proses bundan ibarətdir. Bu mənada maliyyələşmə orta məktəblərə pis təsir göstərməyəcək. Əksinə, onların maliyyəsi artacaq və büdcədən asılılıqları aradan götürüləcək. Ondan sonra isə təhsildə fərqlənən şəxslərə əldə edilmiş vəsait hesabına mükafatlar veriləcək. Məsələ ondan ibarətdir ki, bu proses şəffaf olacaqmı? Yəni məktəb direktorları əldə edilmiş gəlirləri yenə də öz yaxınlarına, qohumlarına təyin edəcəklərmi? Ən vacib məsələ bu prosesdə şəffaflığın və hesabatlılığın formalaşdırılmasıdır. Məsələn, orta ixtisas təhsili müəssisələri artıq bir neçə ildir ki, publik hüquqi şəxs statusu alaraq kollecə çevrilmə yolu ilə yenidən təşkil edilib. Orta ixtisas, peşə məktəbləri dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilir. Amma birbaşa orta ixtisas təhsili müəssisələrinin, peşə məktəblərinin pullu olması mümkün deyil. Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Qeyd edim ki, 2011-ci ildə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə görə, ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Bununla bərabər orta məktəb öz maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları ala bilər. Bu o deməkdir ki, qanunvericilik  aktlarına görə, məktəblərin maliyyə mənbəyi və gəliri açıq şəkildə göstərilib. Heç bir halda, məqsəd və məramından asılı olmayaraq orta məktəblərdə satış yarmarkası, hansısa evdə bişirilmiş, hazırlanmış məhsulların pulla satılması yolverilməzdir. Məktəblər xeyriyyə, sosial kampaniyalara qoşula bilər. Amma bu kampaniyalar hansısa kommersiya məqsədi daşıya bilməz. Buna yol verən məktəb direktoru qanunvericiliyin tələblərini ciddi şəkildə pozur. Çünki məktəb binaları daxilində satışa çıxarılan məhsulların sağlamlıq, gigiyenik qaydalara nə qədər uyğun olub-olmaması məlum deyil və bu, şagirdlərin sağlamlığı üçün təhlükəli ola bilər. 

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi isə “Sherg.az"a açıqlamasında qeyd etdi ki, elm və təhsil nazirinin açıqlaması onu deməyə əsas verir ki, hazırda bu prosesi həyata keçirmək mümkün deyil: 
- İndiyədək yalnız bir neçə ali təhsil müəssisəsi publik hüquqi şəxs statusu qazanıb. Çoxu hələ də bu statusda deyil. Publik hüquqi şəxs statusu təhsil müəssisələrinə bir sıra üstünlüklər verir, daha geniş imkanlar yaradır. Bu, bəli, özünü maliyyələşdirmə anlamına gəlir. Sadəcə, aidiyyəti qurumlara tabeçiliklər qalır. Adambaşına maliyyələşmə tamamilə başqa istiqamətdir. Adambaşına maliyyəşəmədə dövlət büdcəsindən şagird sayına uyğun vəsait ayrılır. Digər məsələlərdə isə təhsil müəssisələri üçün imkan yaranır ki, müvafiq fəaliyyət göstərsinlər və bunun əsasında öz büdcələrini formalaşdırsınlar. Bu, hər hansı bir şirkətlə, müəssisə ilə əməkdaşlıq ola bilər. Şirkət və ya müəssisənin təqdim etdiyi məhsul hesabına məktəb fonduna vəsait toplanması, şagirdlərin təqdim etdiyi, hazırladığı təsviri sənət nümunələri, əl işləri və sair. bazara çıxarılması və əldə olunan gəlirin məktəb büdcəsinə yatırılması ola bilər. Məsələn, təhsil müəssisəsi hazırlıq kursları, peşə kursları, dərnəklər aça, təhsil mərkəzləri ilə əməkdaşlıq edə bilər və onlara fəaliyyətləri üçün imkan yaradaraq buradan əldə etdiyi gəlirlə məktəb büdcəsini artıra bilər. Lakin bu fəaliyyətlər təhsil müəssisəsi publik hüquqi şəxs statusu qazandıqda mümkün olur. Hesab edirəm ki, təhsil sahəsində hazırda daha vacib istiqamətlər var və islahatların aparılması vacibdir. Vacib məsələlər həllini tapdıqdan sonra pilot layihə olaraq məktəblərin publik hüquqi şəxs statusu əldə etməsi prosesinə başlamaq olar. Yəqin, belə də olacaq. Başlanğıc olaraq 1-2 məktəbdə pilot layihə həyata keçiriləcək. Bu, paytaxt məktəbləri, həmçinin hansısa bölgədə də icra oluna bilər. Ondan sonra təcrübənin müsbət nəticələri göründükdə, proses genişlənə və məktəblərə publik hüquqi şəxs verilməsinə başlanacaq.