Bu cür videolardan sonra, əksinə, ailələrdə boşanmaların sayı artsa, nikahlarsa azalsa, heç təəccüblü olmaz
“Qadın zorakılığı” videoları ailə dəyərlərini təhqir edir
Mehriban Zeynalova: “Zorakılığa məruz qalan kişi və uşaqlar da diqqət almalıdır”
Mətanət Məmmədova: “Sosial çarx Azərbaycan qadınını 1920-ci illərdəki kimi göstərir”
Qadınlara Zorakılığa qarşı Beynəlxalq Mübarizə Günü 25 noyabrla bağlı BMT “Narıncı Gün” təşəbbüsü irəli sürmüşdü. “Narıncı Gün” təşəbbüsünə qoşulan Qazaxıstanda bir çox şəhərdə inzibati binalar, yaşayış binaları narıncı rəngə boyandı. Ölkəmizdə bu beynəlxalq mübarizə günü necə qeyd edildi? Binalar narıncı rəngə boyanmadı. Bəs nə oldu?.. Heç nə. Bəlkə 1-2 tədbir, statistik rəqəmlərin açıqlanması üçün “dəyirmi masa” keçirilib. Yəni sönük tədbirlər. Hə, bir də Azərbaycanın mobil operatoru "Azercell" 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində “Oflayn qadınlar” sosial layihəsini təqdim edib. “Azercell” özünü ən sürətli mobil operator adlandırır. Sosial layihə çərçivəsində təqdim olunan video-rolikə baxanda “sürət” əla görünür. O dərəcədə 3 dəqiqə 36 saniyəlik videoda Azərbaycan qadını məşəqqət dolu həyat “yaşayır”. Evdə əzazil qayınana, vecsiz ər, əzabkeş qadın obrazı yaradılıb. Guya ki məqsəd qadınlara yardımdır. İnternetiniz, mobil telefonda balansınız sıfır olsa da (onsuz da yeni tarif paketləri tətbiqindən sonra abonentlərdə balans zatən sıfır olur), Qadın Dəstək Xəttinə müraciət etmək mümkündür. Belə bir layihə təqdirəlayiq olardı, əgər Azərbaycan qadını və ümumiyyətlə, Azərbaycan ailəsi bu şəkildə alçaldılmasaydı. Qadınlara dəstək xəttinin olduğunu çatdırmaq, məlumatlandırmaq üçün mütləq əzazil qayınana, vecsiz, həyat yoldaşına hörmət qoymayan ər, qadını adam saymayan qonşu obrazı yaradılmalıdırmı? Bu videonu izləyən gənclərdə ailə barədə ancaq yanlış təsvvür formalaşa bilər. Gənc qızlar da ailə qurmaqdan çəkinib, belə qayınanam olacaqsa, evlənmirəm, oğlanın ayrıca evi olmalıdır, qayınana, qayınata ilə birgə yaşamaq istəmirəm, kimi tələblər, şərtlər qoyacaqlar. Bu video cəmiyyətə müsbət heç nə ötürmür. Bəli, zorakılığa məruz qalanlar var, həm də çoxdur. Lakin bunu cəmiyyətə çatdırmaq və dəstək lazımdırsa, mobil telefondan hətta internet paketsiz də, kontursuz da istifadə etməyin mümkünlüyünü, zənglərin ödənişsiz olduğunu göstərmək üçün amansız ailə təsviri yaratmaq mütləqdirmi? "Azercell" bu video-roliki kimə, hansı təşkilata, hansı rejissora, ssenaristə sifariş veribsə, seçimdə yanılıb. Bu cür videolardan sonra, əksinə, ailələrdə boşanmaların sayı artsa, nikahlarsa azalsa, heç təəccüblü olmaz.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a açıqlamasında qeyd etdi ki, qadınların məlumatlandırılması çox yaxşı haldır. Lakin bu cür mesajlar təkcə qadınlara yox, ümumiyyətlə, dəstəyə ehtiyacı olanlara ünvanlanmalıdır:

- Zorakılığa məruz qalan kişi də ola bilər, uşaq da. Niyə ancaq qadınlara yönəlir bu cür mesajlar? Zorakılığa məruz qalan kişilərlə bağlı niyə hazırlanmır belə məzmunlu video-roliklər? Zorakılığa məruz qalan daha çox qadınlardır, bu, bəllidir. Amma sosial ədalət prinsipi unudulmamalıdır. Yaxşı olar ki, reklamda “Qaynar xətt”ə müraciətdən sonra bu dəstək sayəsində ailənin daha möhkəmlənməsinə aid bir videoçarx da nümayiş etdirilərdi. Yəni xidmətdən sonra davranış korreksiyası baş verdi. Belədə ailələrin möhkəmlənməsinə xidmət edilmiş olardı. Qadın, nəhayət, dəstək xəttinə müraciət etdi, bəs sonra? Məqsəd dəstəyin yaxın olmasını göstərməkdirsə, bunun üçün ailə üzvlərini, ailə dəyərlərini aşağılamağa ehtiyac yoxdur.
Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, həmin videodakı mənzərə 1 əsr əvvəl üçün xarakterik ola bilərdi:

- İnternetin, sosial şəbəkələrin bu qədər inkişaf etdiyi, az qala hər kəs üçün əlçatan olduğu dövrdə bu video ölkəmiz haqqında geridəqalmış təsəvvürü yaradır. Qadınların, bəlkə də, 90-95 faizinin şəxsi mobil telefonu var. 1-2 faiz telefonsuz qadın ola, ya olmaya. Hansı dövrdə yaşayırıq, qadın internetdən, mobil telefondan istifadə edə bilməsin? Qadının bir qonşusu, qohumu, doğması yoxdurmu ki, çarəsiz vəziyyətdə qalır? Bu videoda Azərbaycan qadını çox çarəsiz göstərilir. Sanki 1920-30-cu illərdir. Həmçinin, videoda süjet xətti düzgün qurulmayıb. Göstərilənlər xırda məişət məsələləridir. Qadın həyat yoldaşının qarşısına yemək qoyur, duz qabında duz yoxdur, yoldaşı əsəbi halda bunu deyir. Hansımızın ailəsində bu cür hallar baş verməyib? Duz qabında bəzən duz olmayıb, bəzən yemək soyuq olur, çay yaxşı dəmlənmir. Belə vəziyyətdə qadın bunu zorakılıq hesab edib Qaynar Xəttə zəng edib yardım istəməlidir?! Qadın həyat yoldaşına ləyəndə su aparır ki, ayaqlarını suya qoysun. Burada hansı zorakılıq var? Qadının ailəsinə xidmət göstərməsi zorakılıq kimi qələmə verilməməlidir. Qayınana gəlininə deyir, çəkil televizorun qarşısından. Analarımız bizə heçmi əsəbi davranmayıb, o tərəfə çəkil, deməyib? Ana deyəndə zorakılıq olmur, qayınana deyəndə zorakılıq olur? Əksinə, analar qızlarına öyüd-nəsihət verməlidirlər ki, qayınananıza hörmət edin, yaşlı adamdır, bəlkə əsəbidir. Bunlar zorakılıq deyil. Kökündə zorakılıq dayanmayan epizodları ekranlaşdırıb bir qadının timsalında ümumi Azərbaycan qadını obrazını yaratmaq yanlışdır. Bu videoda səhnəciklər bir-birini təkzib edir. Səriştəsiz çəkilmiş sosial çarxdır. Kasıb bir ailə görüntüsü yaradılıb videoda. Bu da ayrı-seçkiliyin bir formasıdır. Məgər imkanlı, təminatlı ailələrdə zorakılıq olmur?
M.Məmmədova bildirdi ki, zorakılıqla qarşılaşan qadınlarla bağlı süjetlərdə fərqli görüntülər olmalıdır:
- Sərxoşluq. Narkomaniya, qadına xəyanət, həyat yoldaşının evin ehtiyaclarını ödəməməsi, qadını ac-susuz saxlamaq, fiziki zor tətbiq etmək. Bu, Azərbaycan cəmiyyətinə yaraşmayan videodur. Ailə dəyərlərimiz bu şəkildə təhqir edilməməlidir. Zorakılığa qarşı bütün cəmiyyət aktiv olmalıdır. Qadınla kişi eyni hüquqa malikdir. Amma ailə daxilində kiçik söz-söhbət, hər hansı narazılıq zorakılıq kimi qələmə verilməməlidir. Hesab edirəm ki, belə videolar ailə dəyərlərimizə qarşıdır. "Azercell"in əgər zorakılığa qarşı maarifləndirici çarx hazırlamaq məqsədi vardısa, müsabiqə elan edərdi, müxtəlif ssenarilər təqdim olunardı, televiziya mütəxəssisləri, rejissorlar rəy verərdi, sonra çəkilərdi sosial çarx. İdeya gözəldir. Təklif olunan xidmət təqdirəlayiqdir. Amma təqdimat düzgün deyil. Ortada əsaslı iş yoxdur. Gənc qızlara məsuliyyətsizlik, ailə dəyərlərinə hörmətsizlik aşılayır belə videolar.Sosial şəbəkələrə yerləşdirilib bu video. Qonşu ölkələrdə də izləyirlər. Azərbaycan ailəsi, Azərbaycan cəmiyyəti haqqında yanlış fikir formalaşacaq insanlarda.