Görkəmli dramaturq Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyesi var. Bu gün paytaxt sakinləri eynən bu vəziyyətdədir. Yağış bitib, amma fəsadları qalmaqdadır. Paytaxtda içməli su problemi yaranıb. Leysan, öz başını buraxıb normadan artıq yağmış yağışın suyu kanalizasiya suyuna qarışıbmı, anbarlar dolub daşmasın deyə kilidmi vurulub “ağzına”, əhali sudan istifadə edib təbii ehtiyaclarını çox da ödəməsin, zatən dolu olan kanalizasiya boruları bir də məişət tullantıları sularından partlamasın deyəmi, axı nədən şəhərdə su qıtlığı yaşanır, bilinmir.
Paytaxtın başıbəlalı Masazır qəsəbəsi, Yoncalıq ərazisində bu vaxta qədər əhaliyə su bir gündən bir verilirdi, yağışdan sonra isə günlərlə su olmur. Antisanitariya vəziyyəti yaranır. Qəsəbə sakinləri bu gedişlə Qanq çayına möhtac qalan hindlilərə oxşayacaqlar. Deyək ki, Masazır sənədsiz evlərin qanunsuz tikildiyi və bundan kimsənin “xəbər tutmadığı” gözdən iraq yerdir, bəs Yasamal rayonu? Paytaxtın mərkəzindəki Yasamal rayonu, "Həsən bəy Zərdabi - 84" küçəsinin sakinləri də susuzluqdan şikayətlənir. Axşam saat 11-12 oldu, vay sakinlərin halına... Suyun saatlarla verilməsi bir yana, veriləndə də təzyiq o qədər aşağı olur ki, yuxarı mərtəbələrə su çıxmır. İndi neyləyək? Gərək bina sakinləri ağırlıqqaldırma idman növünü öyrənsinlər ki həyətdən su daşıya bilsinlər. Təkcə, Yasamal deyil, ən mərkəz inzibati rayon – Səbaildə də su problemi yaşanır vaxtaşırı. Xatırladaq ki, bir neçə il əvvəl o zamankı “Azərsu” yaşayış binalarının damındakı su çənlərinin yığışdırılmasına göstəriş verdi. İnsanların öz maddi imkanları ilə alıb quraşdırdıqları su çənləri kütləvi şəkildə yığışdırıldı və elan edildi ki paytaxta fasiləsiz su veriləcək. Nə oldu? Fasiləsiz su, fasiləliyə dönüşdü. Hə, deyəcəklər əhali artıb. Ya da hardasa qəza baş verib, boru partlayıb, təmir gedir. İl boyu? Əhalinin artımı təbii prosesdir. Yağış da təbiət hadisəsidir. Əlaqədar qurumun, məmuların işinin öhdəsindən gələ biməməksə insan amilinə bağlıdır. Abonentlər su niyə kəsilir sualına cavab istəyir, cavabsa yoxdur. Sakinlər məcburdur, 3 tonluq su çəni alıb quraşdırsınlar ki su olmayan günlərdə istifadə edə bilsinlər.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əhalinin içməki suya mphtac qalması əlaqədar qurumların səriştəsizliyinin, yol verilən korrupsiyanın nəticəsidir:
- Mən şəkiliyəm. Hamı bilir ki, Şəkidə yağış yağanda küçələrdə yağış suyu hardasa toplanıb qalmır, arxlar var, yağış suyu bu arxlara axır. Ümumiyyətlə, rayonlarda yerli əhali təbiətə bələd olurdu, relyefi bilirdi, arxları buna uyğun qazırdılar ki yağış yağanda evləri su basmasın, küçələr suyun altında qalmasın. Dağlardan sel gələrdi, amma subasma olmazdı, su arxlar vasitəsiylə axıb gedərdi. Bakını niyə su basır, çünki şəhərsalma qaydalarına əməl edilməyib. Əhali artıb, amma illərdir kanalizasiya xətləri yenilənmir, çoxmərtəbəli binalar tikilib, amma yağış kollektorlar quraşdırılmayıb, drenaj sistemi yoxdur, səki kənarlarında bir vaxtlar mövcud olmuş su ötürücülərin üzəri qapadılıb. Bakıda həmişə su qıtlığı olub. Ötən əsrin əvvəlində yalnız Şollar su kəməri ilə Bakıya su gəlirdi, sonra əhali artdıqca ehtiyac ödənsin deyə Ceyranbatan su anbarı tikildi, Kürdən də su daxil olmağa başladı. Sonra da bildiymiz kimi Oğuz-Qəbələ-Bakı su kəməri çəkildi. Üç istiqamətdən paytaxta su gəldiyi halda əhali niyə sudan korluq çəkir? Çünki su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər. Yeyintilərə, korrupsiyaya yol verilir. Bu problem ciddi şəkildə araşdırılmır, hesabat tələb olunmur. Şəhərsalmada əhalinin suyla təchizatı əsas prioritet olmalıdır. Amma səriştəsizlik, məsuliyyətsizlik, laqeydlik abş alıb gedir. Binaların zirzəmiərində vəziyyət necədir, su boruları hansı vəziyyətdədir, kim bilir, kim bununla maraqlanır? Getdikcə vəziyyət daha da gərginləşəcək. İqlim dəyişilikləri labüddür. Bunu görürük. Yağışlar artacaq, leysanlar olacaq. Yağış suları düzgün yönləndirilməlidir ki, subasaların qarşısı alınsın. Əhali də su ilə normal şəkildə təmin edilsin. Böyük ehtimalla su boruları artıq yararsız haldadır. Sovet dönəmindən bu yana, su borularının çox az bir hissəsi yenilənib. Hər dəfə ayrı-ayrı məntəqələrdə qəza baş verəndə, görürük su xətlərinin vəziyyətini. Özləri də etiraf edir ki, köhnə borulardır. Bəs bu illər ərzində dövlət büdcəsindən ayrılan vəsait hara xərclənib? 21-ci əsrdə paytax şəhərində içmıli suyun olmaması dəhşətdir. Azərbaycan içməli su ehtiyatlarının olmadığı və ya az olduğu ölkə deyil. Sadəcə, su ehtiyatları səriştəsiz idarə olunur.