“Dünya Azərbaycana etibar edir” - WUF13-ün arxasındakı siyasi mesaj budur - ŞƏRH

Müasir dünya artıq yalnız hərbi və siyasi güc üzərində qurulmur. XXI əsrin geosiyasi reallıqları göstərir ki, dövlətlərin beynəlxalq nüfuzu onların texnologiya, logistika, enerji təhlükəsizliyi, kommunikasiya imkanları və qlobal proseslərə inteqrasiya səviyyəsi ilə müəyyən olunur.

Elm, rəqəmsallaşma və qlobal informasiya axınının sürətlə dəyişdirdiyi beynəlxalq münasibətlər sistemində Azərbaycan da xarici siyasət modelini yeni reallıqlara uyğun şəkildə formalaşdıraraq mühüm strateji nəticələr əldə edir.

Bu sözləri Sherg.az-a açıqlamasında WUF13-ün qlobal əhəmiyyəti, Azərbaycanın şəhərsalma təcrübəsini dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib. 

Y. Hacıyevanın sözlərinə görə, son illər Azərbaycanın xarici siyasətində müşahidə olunan əsas xətt ölkənin regional çərçivədən çıxaraq qlobal siyasi və iqtisadi proseslərin fəal iştirakçısına çevrilməsidir: “Bu gün Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Avrasiya geosiyasətinin mühüm aktorlarından biri kimi qəbul olunur. Rəsmi Bakı müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi balanslı və praqmatik siyasət nəticəsində həm Qərb, həm Türk dünyası, həm Mərkəzi Asiya, həm də Yaxın Şərq istiqamətində etibarlı tərəfdaş imicini möhkəmləndirib. Əslində Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsas səbəbi dəyişən dünya düzənini doğru oxuya bilməsidir. Çünki artıq beynəlxalq münasibətlər yalnız dövlətlərarası diplomatiya ilə məhdudlaşmır. Qlobal proseslərdə beynəlxalq təşkilatlar, transmilli korporasiyalar, enerji şirkətləri, logistika şəbəkələri və maliyyə institutları da mühüm rol oynayır. Azərbaycan isə məhz bu mürəkkəb maraqlar sistemində balans yaratmağa nail olub. COP29 və WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu qərarlar əslində beynəlxalq ictimaiyyətin Azərbaycana verdiyi siyasi etimadın göstəricisidir. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlarının minlərlə nümayəndəsinin Bakıda bir araya gəlməsi ölkəmizin təhlükəsizlik, sabitlik və infrastruktur baxımından etibarlı platformaya çevrildiyini göstərir. Bu isə birbaşa Azərbaycanın geosiyasi çəkisini artırır”.

MŞ üzvünün fikrincə, bu gün beynəlxalq tədbirlərə ev sahibliyi etmək yalnız protokol xarakterli məsələ deyil. Bu, həm də siyasi güc nümayişidir. Dövlət özünü qlobal dialoq mərkəzi kimi təqdim edir, beynəlxalq gündəliyin formalaşmasında iştirak edir və siyasi nüfuzunu genişləndirir. Azərbaycan artıq bu mərhələyə daxil olub:

“Digər mühüm məsələ isə strateji tərəfdaşlıqların genişləndirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan enerji, nəqliyyat, təhlükəsizlik və iqtisadiyyat sahələrində mühüm beynəlxalq layihələrin əsas iştirakçılarından birinə çevrilib. Avropa İttifaqı ilə enerji əməkdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesləri, Mərkəzi Asiya ilə tranzit əlaqələrinin gücləndirilməsi və Yaxın Şərqlə iqtisadi əməkdaşlığın genişlənməsi Azərbaycanın diplomatik təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiya xüsusi yer tutur. Müasir dünyada siyasi nüfuz birbaşa iqtisadi imkanlarla bağlıdır. Məhz buna görə də Azərbaycan beynəlxalq investisiya forumları, enerji layihələri və nəqliyyat dəhlizləri vasitəsilə öz iqtisadi çəkisini artırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas mərkəzlərindən birinə çevrilən Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də Avrasiyanın strateji logistika qovşağıdır. Bu reallıq ölkəyə həm siyasi, həm də iqtisadi üstünlüklər qazandırır. Çünki qlobal enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynayan dövlətlərin beynəlxalq qərarvermə proseslərinə təsir imkanları da artır. Azərbaycanın xarici siyasətinin mühüm üstünlüklərindən biri də milli maraqları ardıcıl və prinsipial şəkildə müdafiə edə bilməsidir. Rəsmi Bakı beynəlxalq platformalarda regional təhlükəsizlik, enerji təhlükəsizliyi, multikulturalizm və beynəlxalq hüquq prinsipləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edir. Bu isə Azərbaycanın beynəlxalq siyasətdə müstəqil xətt yürüdən dövlət kimi qəbul olunmasına səbəb olur”.

Y. Hacıyeva qeyd edib ki, ən vacib məqamlardan biri isə odur ki, Azərbaycan yalnız xarici siyasətdə deyil, daxili idarəetmədə də qlobal təcrübəni tətbiq etməyə çalışır:

“Beynəlxalq tədbirlər vasitəsilə rəqəmsallaşma, innovasiya, ekologiya və dövlət idarəçiliyi sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi ölkənin modernləşmə prosesinə ciddi töhfə verir. Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasəti artıq klassik diplomatiya çərçivəsindən çıxaraq geoiqtisadi və geostrateji təsir mexanizminə çevrilib. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq sistemdə söz sahibi olan, regional prosesləri yönləndirə bilən və qlobal layihələrdə iştirak edən güclü dövlət kimi mövqeyini möhkəmləndirir”.