Hikmət Babaoğlu: “Azərbaycan viran qoyulan torpaqları qısa müddətdə yenidən dirçəldib”
“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi, Ermənistanın törətdiyi vandalizmin beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırılması ilə yadda qaldı. Qonaqların bir qismi işğaldan azad edilmiş şəhərlərimizin qısa müddət ərzində necə bərpa olunduğunu yerində müşahidə etmək imkanı əldə etdi”.
Bu sözləri millət vəkili Hikmət Babaoğlu Sherg.az-a bildirib:
“Ermənilər vəhşiliklərini yalnız azərbaycanlıları qətl etməklə göstərmədilər. Onların əsl simasını, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidələrinin, muzeylərin və məscidlərin məruz qaldığı dağıntılardan aydın şəkildə görmək mümkündür. Barbarlar məscidlərdə donuz saxlamaqla, bütün müsəlman icmasının mənəvi dəyərlərinə hörətsizlik edirdilər”.
Deputat qeyd edib ki, ermənilər insanların ən çox ziyarət etdiyi ərazilərə qəsdən minalar basdırıblar:
“Məsələn ötən gün WUF13 çərçivəsində hayların ən çox minaladığı ərazilərdən birinin məzarlıq olduğu açıqlandı. Onlar çox gözəl anlayırdılar ki, milli-mənəvi dəyərlərinə və soykökünə bağlı olan azərbaycanlıların ilk gedəcəyi yerlər qəbirstanlıqdır. Şeytanın belə ağlına gəlməyən məkrli planlar ermənilərin şüurunda yuva salıb. Azərbaycan bu faktları 40 mindən çox beynəlxalq nümayəndənin diqqətinə çatdıraraq, erməni vandalizmini dünya qarşısında ifşaladı”.
H.Babaoğlunun sözlərinə görə, sivil insanların ziyarət etdiyi ərazilərin minalanması vəhşilikdən başqa bir adla izah oluna bilməz:
“Hər kəsə aydındır ki, silah və hərbi resurslar müharibə üçün nəzərdə tutulub. Lakin ermənilər heç vaxt bu prinsipə əməl etməyiblər. Onların qəzəbi daşdan-divardan ağaclara qədər hər şeyə sirayət etmişdi. Ermənilərdən xoş üz görməyən torpaqlarımızın ağacları da solmuşdu. Azərbaycan isə doğma yurda qayıdan kimi torpqalara yeni nəfəs gətirdi. Viran qoyulmuş məkanlar qısa müddətdə abadlaşaraq çiçəklənən diyarlara çevrildi.”