“Səs yazıları seçki kampaniyasının bir hissəsidir, təbliğat aləti kimi istifadə olunur"
Ermənistanda parlament seçkilərinin baş tutmasına 16 gün qalıb. Baş nazir postuna namizədlər arasında Kremlin siyasi havasına arxayınlanan Robert Köçəryan, digər tərəfdə milyardları və təsir şəbəkəsi ilə seçilən Samvel Karapetyan, o biri yanda isə illərdir Ermənistanın oliqarx siyasətinin simasına çevrilən Qaqik Sarukyan ön plana çıxır.
Hayastan siyasətinin səhnəarxasında yeni güc savaşı başlayıb. Təzəlikcə Ermənistanın gündəmi sosial şəbəkələrdə yayılan videodakı görüntülərlə çalxalanıb. Əllərində avtomat tutan maskalı şəxslər, Ermənistan və qondarma “artsax”ın bayraqlarının önündə Paşinyanı ölümlə hədələyiblər. Parlement sədri Alen Simonyan Paşinyanı hədələyənlərin “Qarabağ klanı”nın üzvləri olduğunu açıqlayıb. Ermənistan cəmiyyətində şok effekti yaradan hadisələrdən biri də Koçaryanın Rusiya prezidenti ilə telefon danışığının internetdə yayılması oldu. Səsyazısında, Baş nazir olmaq üçün Vladimir Putindən kömək istədiyi məlum olub. Paşinyan danışıqların orijinal olduğunu təsdiqləyib. Köçəryan isə materialın sünii intellektlə hazırlandığını bildirib.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Köçaryanın yayılan səsyazılarının real olub-olmadığını müəyyən etmək çətindir:
“Məsələyə dair göz önündə iki senari dayanır. Köçəryanın Putinlə şəxsi münasibətlərinin olduğu məlumdur. Onlar zaman-zaman telefonla danışır, əlamətdar günlərdə isə bir-birini təbrik edirlər. Bu baxımdan, sözügedən danışıqların real olması ehtimalı da istisna edilmir. Digər tərəfdən isə Putin də daxil olmaqla istənilən bir ölkə liderinin Ermənistanda xüsusilə də, Paşinyana qənim kəsilən fiqurla danışığının yayılması həqiqətə uyğun gəlmir”.
Politoloqun sözlərinə görə, prezidentlər adi vətəndaş olmadıqlarına görə onların danışıqları dövlət təhlükəsizliyi sistemləri tərəfindən qorunur:
“Söhbət Rusiya kimi hegemon dövlətin liderindən gedir. Məhz seçkilərə az müddət qaldığı dövrdə, Paşinyana rəqib olan fiqurun səs yazılarının ortaya çıxması təsadüfi ola bilməz. Bütün bunlar Ermənistan hökumətinin mübarizə kampaniyasının bir parçası kimi də qiymətləndirilə bilər. Çünki bu fakt ictimai rəydə Köçaryanın Ermənistanı yenidən Rusiyanın təsiri altına salmaq istədiyinə dair təsəvvür formalaşdıracaq. Bu cür məlumatlardan çox vaxt konkret bir şəxslə bağlı hüquqi qərar çıxarmaqdan ziyadə, seçki prosesində siyasi təbliğat məqsədilə istifadə olunur. Rəqib qüvvələr də arxiv materiallar vasitəsilə, Paşinyana aid gizli məlumatları ortaya saça bilərlər”.