“Yeni qatar alınıb deyə vətəndaş niyə əlavə pul ödəməlidir?” - Tural Abbaslı

"Bu, arqumentsizliyin son həddidir. Əgər məntiq budursa, onda belə çıxır ki, 2019-cu ilə qədər bizi Afrika standartlarından da aşağı səviyyədə daşıyırdılar"

"Bu, insanların sərhəddən keçmək məcburiyyətindən istifadə edilərək formalaşdırılmış qiymətlərdir"

Pandemiyadan sonra 6 illik fasilə ilə yenidən fəaliyyətə başlayan Bakı–Tbilisi sərnişin qatarı Azərbaycanda geniş ictimai maraq doğurub. Mayın 26-dan etibarən bərpa olunan reyslərin müasir “Stadler” qatarları ilə həyata keçiriləcəyi, sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstəriləcəyi açıqlanıb. 

 Lakin qatarın yenidən fəaliyyətə başlaması ilə yanaşı, tətbiq olunan tarif siyasəti də cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bakı–Tbilisi istiqamətində minimal bilet qiymətinin 81 manatdan, lüks sinif üzrə isə 180 manatdan başlaması sosial şəbəkələrdə və ictimai müzakirələrdə “bahalı nəqliyyat modeli” kimi qiymətləndirilib. İctimai fəallar və istifadəçilər bildirirlər ki, pandemiyadan əvvəl eyni marşrut üzrə bilet qiymətləri təxminən 37-42 manat arasında dəyişirdi və yeni tariflər əvvəlki dövrlə müqayisədə kəskin bahalaşma deməkdir.  Sosial platformalarda aparılan müzakirələrdə də vətəndaşlar qiymətlərin insanların alternativsiz vəziyyətindən istifadə edilərək formalaşdırıldığını, qatarın isə hava nəqliyyatına real rəqabətli alternativ olmalı olduğunu vurğulayırlar.

 AĞ Partiyanın sədri Tural Abbaslı “Sherg.az”a söyləyib ki, hamı qiymətlərin yüksək olmasından şikayətlənir:

"“Yeni tipli qatar” deyəndə Azərbaycan Dəmir Yolları bizi hələ də paravozlarla, teplavozlarla daşımaq istəyirmiş kimi təqdim edir. Bu nə təfəkkürdür ki, sizin “yeni tipli” dediyiniz qatarlar dünyada artıq standart hesab olunur. Dünyada qatarlar saatda 350-400 kilometr sürətlə hərəkət edir. Biz isə hələ normal oturacağı və yataq yeri olan bir qatara “yeni tipli” deyib, guya biz banan ölkəsiyik və bizə texnologiya gətiriblər deyə bunu baha satmalıdırlar kimi yanaşma görürük. Belə bir şey yoxdur. İkinci məsələ isə budur ki, dövlət hər sahədən mənfəət götürməməlidir. Bu kommersiya şirkəti deyil. Dövlət lazım gələndə subsidiyalaşdırma aparır. Necə ki, vaxtilə Naxçıvan-Bakı təyyarə biletləri subsidiyalaşdırılırdı, eyni yanaşma burada da tətbiq oluna bilər. Məsələn, sabah AZAL desə ki, yeni təyyarələr almışıq deyə biletlərin qiymətini 10 dəfə artırırıq, bu qəbul edilərmi? Dünyanın hansı ölkəsində yeni texnika alındığı üçün sərnişinin üzərinə belə yük qoyulur? Bu, arqumentsizliyin son həddidir. Əgər məntiq budursa, onda belə çıxır ki, 2019-cu ilə qədər bizi Afrika standartlarından da aşağı səviyyədə daşıyırdılar. Halbuki həmin dövrdə Azərbaycan inkişaf etmiş ölkə kimi təqdim olunurdu. Onda qaytarsınlar Sovet dövründən qalan paravozları, teplavozları, camaat da onlarla getsin".

Partiya sədri qeyd edib ki, İnsanları “ya komfort, ya ucuz qiymət” seçimi qarşısında qoymaq düzgün deyil:

"Dövlət komfortu münasib qiymətə təqdim etməlidir. Çünki həmin qatarlar da nəticə etibarilə xalqın pulu hesabına alınır. Bu qiymət siyasəti insanların alternativsiz vəziyyətindən sui-istifadədir. Bilirlər ki, insanlar ölkədən ya hava yolu ilə, ya da qatarla çıxa bilirlər. Qatar isə ən azı təyyarədən iki dəfə ucuz olmalıdır. Məsələn, təyyarə bileti 160 manatdırsa, qatar bileti maksimum 80 manat olmalıdır. Halbuki bəzi komfort və lüks yerlərin qiyməti 200 manata yaxınlaşır. Üstəlik, bu qiymətləri də açıq şəkildə təqdim etmirlər. Bir cümlə ilə desək, Azərbaycan Dəmir Yollarının müəyyən etdiyi bu tariflər sərnişindaşıma qiyməti deyil. Bu, insanların sərhəddən keçmək məcburiyyətindən istifadə edilərək formalaşdırılmış qiymətlərdir. Necə ki, Meksikadan ABŞ-yə miqrant keçirmək üçün insanlardan əlavə pullar alınır, burada da oxşar vəziyyət yaranır. Azərbaycan vətəndaşının Gürcüstan sərhədini keçməsi faktoru qiymətə çevrilib. Böyük Kəsikdən Qardabaniyə görə 50 manat tələb olunur. Halbuki həmin məsafəni taksi ilə 3-5 manata getmək mümkündür. Bu artıq sərnişindaşıma yox, sərhədi keçmək haqqına çevrilir. Əgər əsas arqument qatarın müasir olmasıdırsa, o zaman köhnə qatarları da saxlayın və onları daha ucuz qiymətə təqdim edin. Axı cəmi 5 il əvvəl insanlar həmin qatarlardan istifadə edirdi. Bütün bunlar göstərir ki, ortaya qoyulan əsaslandırmalar inandırıcı deyil və qiymətlər obyektiv hesab olunmur. İnsanların alternativsiz və çıxılmaz vəziyyətindən sui-istifadə edilməməlidir".