“Azərbaycan cəmiyyətində kişinin rolu xeyli zəifləyib” - Yazıçıdan açıqlama

“Ailə dolandırmaq çətinləşdikcə kişinin gözü qadının qazancında qalır”

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın qadınlarla bağlı səsləndirdiyi fikir cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Onun “Biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər” açıqlaması sosial şəbəkələrdə və ictimai müstəvidə fərqli reaksiyalar doğurub.

Bir qisim bu fikirləri ailə institutunun qorunmasına çağırış kimi qiymətləndirsə də, digər tərəf bunu qadının cəmiyyətdəki rolunu məhdudlaşdıran və gender bərabərliyi prinsipləri ilə ziddiyyət təşkil edən yanaşma hesab edir. Xüsusilə qadınların təhsil, karyera və ictimai həyatda iştirakının genişləndiyi bir dövrdə belə açıqlamaların hansı mesaj verdiyi ciddi müzakirə mövzusuna çevrilib.

Mövzu həm də Azərbaycanda qadının ailə və cəmiyyət içindəki rolu, ənənəvi dəyərlərlə müasir yanaşmalar arasındakı balans və gender münasibətləri ilə bağlı yenidən fikir ayrılıqlarını gündəmə gətirib.

Sherg.az-a a açıqlamasında zözügedən kadrları izlədiyini vurğulayan yazıçı Sevinc Elsevər hesab edir ki, Kamal Abdulla əslində qadınların cəmiyyətdəki ən ağrılı problemlərindən birinə toxunub:

“Orada qadınların işləməməsi və ya məcburi şəkildə evdə, mətbəxdə saxlanılması çağırışı yoxdur. Söhbət qadının seçim haqqından gedir. Qadın istəyirsə, könüllü şəkildə işləməlidir. Amma təəssüf ki, bu gün bizim cəmiyyətdə qadının üzərinə həddindən artıq yük düşür. Ondan eyni anda hər şeyi bacarması tələb olunur. Həm işləməli, həm evdə xadimə, dayə, aşpaz rolunu yerinə yetirməli, həm də iş yerində məsuliyyətli və peşəkar olmalıdır. Uşağın təhsili, tərbiyəsi, məktəb və bağça məsələləri də əsasən qadının üzərində qalır. Bu qədər yükün altında isə qadın ya hansısa sahədə geri qalır, ya da fiziki və psixoloji olaraq tükənir”.

Xanım yazarın fikrincə, hazırkı iqtisadi reallıq ailədaxili münasibətlərə də təsir edir:

“Azərbaycan cəmiyyətində kişinin rolu çox aşağı düşüb. Ailə dolandırmaq çətindir. Nəticədə, kişinin də gözü qadının əlində, qazancındadır. Artıq kişilər evlənəndə nəzərə alır ki, görüm, bu qadın nə qazanacaq, nə qədər qazanacaq? Özü qazanmasa, atası, qardaşı da bizə əl uzadacaqmı? Qadın var, cürbəcür ağır işlərdə çalışır. Əslində Kamal müəllim demək istəyib ki, qadın savadı, istedadı və potensialı olduğu üçün işləsin, özünü təsdiqləsin, uğur qazansın. Amma sırf maddi məcburiyyətə görə ağır şərtlər altında işləməyə məhkum qalmasın. Heç bir qadın səhərdən axşama qədər ağır fiziki işlərdə, marketdə, küçədə və ya xidmət sahəsində məcburiyyətdən çalışmaq vəziyyətində olmamalıdır. Mən də arzulayıram ki, Azərbaycan qadını işləməyi məcburiyyət kimi yox, seçim və özünüreallaşdırma vasitəsi kimi görsün”.

Sevinc Elsevər bildirib ki, hazırda özü də iş axtarır və işləmək onun üçün artıq seçim yox, zərurətə çevrilib. Onun sözlərinə görə, cəmiyyətdə formalaşan yanaşma insan işləmədikdə ona “müftəxor” kimi baxılmasına səbəb olur: “Bu gün evdə qalan qadının üzərinə düşən yükün nə qədər ağır olduğunu düşünən yoxdur. Hamı qadının işləməsini tələb edir, amma onun həm evdə, həm ailədə daşıdığı məsuliyyəti görməzdən gəlir. Hətta öz uşaqlarım belə məni işləmədiyimə görə qınayırlar. Qadının yalnız evdar olması artıq cəmiyyət tərəfindən normal qəbul edilmir və bu da bir çox qadın üzərində əlavə psixoloji təzyiq yaradır. Hamının ilk sualı budur: niyə işləmirsən? Elə bilirlər ki, iş var, mən isə işləmək istəmirəm. İnsana elə münasibət göstərirlər ki, sanki ailəsinin qədrini bilməyən, gününü çayxanalarda keçirən avara biriyəm. Halbuki məsələ tam başqadır. Bu gün harada olur-olsun, məcbur qalıb iş axtarıram. Çünki işləmək artıq seçim deyil, zərurətə çevrilib. Ən ağır hiss isə budur ki, insan özünü sevmədiyi bir məcburiyyətin içində hiss edir. Mən bu məcburiyyət hissinə nifrət edirəm”.