"Mən hörmətli Kamal Abdullanı günahlandırmıram" - SOSİOLOQ

"Bəzi qadınlar var ki, maddi üstünlük qazandıqdan sonra ərin sözünü eşitmir, özünü layiqli apara bilmir, ailədə, ərin üzərində hakimiyyət qurmaq istəyir"

“Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm. Aralarından xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir. Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər”.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Qafqazinfo”ya müsahibəsində səsləndirdiyi fikirlər hələ də müzakirə olunur. Akademik niyə Azərbaycan qadınının mətbəxə “bağlı” qalmasını istəyir? Yəni, bəzi qadınların. 

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında bildirdi ki, məsələyə iki tərəfdən yanaşılması daha düzgün olar: 

- Qadın da çalışmaldıır, kişi də. Qadınla kişi eyni hüquqa sahibdirlər. Biri-birindən üstünlükləri yoxdur. Bu, gender bərabərliyidir, Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş qanundur. Amma bizim yazılmamış qanunlarımız da var. Azərbaycan ailəsində, kişi – ata uca zirvədə dayanır. O bir ata, kişi obrazıdır. Bir sütundur. Ana – qadın isə ondan bir pillə aşağıda dayanır. Baxın, hər bir qurpda, komandada, ümumən cəmiyyətdə bir aparıcı qüvvə olur, digərləri isə bu komandanın üzvləridir. Ailədə də aparıcı qüvvə atadır. Biz övladlarımıza ata obrazınını nədən ibarət olduğunu təqdim etməliyik. Bəli, ata üstündür. Onu üstün saymağımız o demək deyil ki, qadın – ana ondan zəifdir və ya aşağıdır. Xeyr, sadəcə, hərəsini öz yeri, öz mövqeyi var. Qadın da işləyə bilər, işləməlidir, əgər buna elmi, savadı, dünyagöürüşü yetirsə. Gəlin, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı Zərifə xanımı yada salaq. Zərifə xanım görkəmli alim idi, qayğıkeş həyat yoldaşı, ana idi, ailəsini qoruyan qadın, övladlarını gözəl tərbiyə edən ana idi. Bizin nə qədər alim, tədqiqatçı, savadlı qadınlarımız, var. Cəmiyyətdə nüfuz sahibidirlər, dövlət işlərində çalışırlar. Amma burada məsələ qadının öz vəziflərini hansı dərəcədə yerinə yetirə bilməsidir. Qadın işi ilə ailə həyatını eyni səviyədə tuta bilirsə, əlbəttə, onun işləməsinə kimsə etiaz etməyəcək. Qadın əgər işini planlaşdıra bilirsə, çox yaxşı. Qadının çalışmasına təkcə ailəyə maddi dəstək verir kimi baxılmasın. Qadın işləyəndə, özünə baxımlı olur, cəmiyyətə çıxır, dünyagörüşü əhatəli olur, övladlarını da həyata daha yaxşı hazırlaya bilir. Mən hörmətli Kamal Abdullanı günahlandırmıram. Bəlkə söhbət elə səviyyədə gedib ki, məhz bu məqama gəlib çıxıb. 

M.Məmmədova qeyd etdi ki, müasir yeniyetmələrin, gənclərin bəzi davranışlarını gördükdə, valideyni günahlandırırq ki övladına nəzarət edə bilsəydilər, bu hadisələr baş verməzdi: 

- Kamal müəllim o mənada deməyib ki, qadınlar mütləq evdə oturmalıdır. Bu mənada deyib ki, qadın işinin öhdəsindən gələ bilirsə, ata-övlad, ana-övlad münasibətlərini tənzimləyə bilirsə, ailədə daxilində boşluq yaratmırsa, işləsin, çalışsın. Amma bəzi qadınlar var ki, maddi üstünlük qazandıqdan sonra ərin sözünü eşitmir, özünü layiqli apara bilmir, ailədə, ərin üzərində hakimiyyət qurmaq istəyir. Gəlin, həmcinslərimizdən bəzilərini hansı xarakterə malik olduğundan danışaq. Evdə hakimiyyəti ələ alır, kişini alçaldırlar. Bununla övladın gözündə ata kultu zəifləyir. Amma ağıllı, əxlaqlı qadınlar belə etmir. Qadın işləməlidir, kişi ilə bərabər. Amma unutmayaq ki uşağın tərbiyəsi daha çox ana ilə bağlıdır. Qadının ən ümdə vəzifəsi övlad yetişdirmək, övladı düzgün tərbiyə etməkdir. İşləyək, amma maddi cəhətdən üstünlük əldə etdikdə gözümüz dumanlanmasın, ağlımız çaşmasın, ailəmizə, həyat yoldaşımıza sədaqətli qalaq, övladlarımızı doğru tərbiyə edək, belə olduqda biz cəmiyyət üçün yararlı vətəndaş ola bilərik.