Telefonla danışdılar: Kılıçdaroğlu qurultay mesajı verdi

Türkiyədə CHP-nin 38-ci növbəti qurultayının ləğvi ilə bağlı məhkəmə qərarından sonra partiyada yeni proseslər yaşanır.

Sherg.az xəbər verir ki, məhkəmənin qərarı ilə yenidən CHP sədrliyi vəzifəsinə qaytarılan Kamal Kılıçdaroğlunın mətbuat müşaviri Atakan Sönmez bildirib ki, Kılıçdaroğlu “ən uyğun zamanda qurultayın keçirilməsinin” tərəfdarıdır.

Onun sözlərinə görə, hazırda Kılıçdaroğlu ilə Özgür Özel arasında üzbəüz görüş planlaşdırılmayıb, lakin tərəflər arasında telefon danışığı baş tutub.

Bu arada Özgür Özəl Kılıçdaroğlu ilə əlaqə saxlamağa çalışdığını, lakin telefonunun bağlı olduğunu açıqlayıb. Daha sonra tərəflərin telefon danışığı keçirdiyi bildirilsə də, görüşün məzmunu barədə məlumat verilməyib.

Digər tərəfdən, Türkiyənin Yüksek Seçim Kurulu (YSK) CHP-nin müraciətini müzakirə etmək üçün iclas keçirib.

Kılıçdaroğlunun müşaviri həmçinin bildirib ki, məhkəmə qərarı ilə onun səlahiyyətləri artıq qüvvəyə minib və yaxın vaxtlarda CHP Baş Qərargahında fəaliyyətinə başlayacaq. O vurğulayıb ki, bundan sonrakı proses gərginlik olmadan və qarşılıqlı anlaşma şəraitində davam etdiriləcək.

Qeyd edək ki, məhkəmə qərarının icrası ilə bağlı sənəd artıq Kılıçdaroğluna rəsmi qaydada təqdim olunub. Bundan sonra CHP-də rəhbərlik və mümkün qurultay prosesi ilə bağlı addımların necə atılacağı diqqət mərkəzindədir.