76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb

İstanbulun Beşiktaş səmtində yerləşən Akaretler Sıraevləri Osmanlı dövründə Dolmabahçe Sarayı əməkdaşları üçün lojman kimi inşa edilib.

Sherg.az xəbər verir ki, 1875-1876-cı illərdə layihələndirilən kompleks İstanbulun ilk planlı yaşayış məskənlərindən biri hesab olunur.

130-dan çox evdən ibarət olan sıraevlər saray işçilərinin yaşayış ehtiyaclarını qarşılamaq məqsədilə tikilib. Memarlıq quruluşunda sosial iyerarxiya da əks olunub: yüksək vəzifəli şəxslər üçün daha geniş, digər əməkdaşlar üçün isə daha sadə mənzillər nəzərdə tutulub.

Kompleksin tarixi əhəmiyyətini artıran məqamlardan biri də Mustafa Kemal Atatürk və ailəsinin burada bir müddət yaşamasıdır. Məlumata görə, Atatürk o dövrdə 76 nömrəli evdə (indiki 36 nömrə) qalıb.

2000-ci illərdə aparılan genişmiqyaslı bərpa işlərindən sonra Akaretlər butik otellər, sənət qalereyaları, kafelər və dizayn mağazaları ilə İstanbulun ən prestijli mədəniyyət və turizm məkanlarından birinə çevrilib. Tarixi memarlığını qoruyaraq müasir həyata uyğunlaşdırılan kompleks bu gün şəhərin ən çox ziyarət olunan və fotoşəkil çəkilən bölgələrindən biri sayılır.