Paşinyan Qarabağ hərəkatından tükənən xalqın səsini toplamağa çalışır - ŞƏRH

Həşim Səhrablı: “Həqiqətən də, Ermənistanda Qarabağ məsələsi ilə bağlı verilən itkilərə və ölkəyə dəyən ziyana laqeyd qalmayan xüsusi bir kütlə var"

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca ortaya çıxan faktlar Baş nazir postuna namizəd olanlar arasında çalxalanma yaradıb. İyunun 7-də keçiriləcək seçkilərdə, Baş nazir Nikol Paşinyanın qarşısında sabiq prezident Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və biznesmen Qaqik Sarukyan dayanır. Köçəryanın yenidən hakimiyyətə gəlmək üçün Rusiya prezidentindən kömək istədiyinə dair danışıqların internetdə yayımlanması, Paşinyanın qəzəbinə tuş gəlib.

O, qondarma Qarabağ elitasının kökünü kəsəcəyini açıqlayıb. Müxalif blokla, Paşinyanın mövqeyi arasındakı əsas fərqlər də bu yöndə inkişaf edir. Paşinyan Qarabağ məsələnin birdəfəlik bağlandığını açıqlasa da, Azərbaycan torpaqlarına göz dikən Köçaryan bloku, tək iddialarının Qarabağ olduğunu bildirirlər. Diqqət çəkən məqam isə odur ki, Paşinyan, Qarabağla yanaşı, Sumqayıt, Gəncə, Bakı və Yevlaxa qayıdışın mümkünsüzlüyündən bəhs edərək, Azərbaycan ərazilərinin adlarını tək-tək sadalayıb. 

Mövzu ilə bağlı hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Paşinyanın dedikləri seçkiöncəsi kampaniyaya hesablanmış açıqlamalardır:

“1980-ci illərdə separatçı “Miatsum” hərəkatı baş qaldıranda, Qarabağın işğalı illərində və 44 günlük Vətən müharibəsi dövründə şovinist erməni dairələri Yevlaxa qədər irəliləyəcəklərini, hətta Bakı və Gəncəni də işğal edəcəklərini açıqlayırdılar. Şübhəsiz ki, onlar Sumqayıtı da öz əraziləri kimi görürdülər. Buna 1988-ci ilin fevral ayında ermənilərin törətdikləri qırğınları misal göstərmək olar. Bütün bunları nəzərə alan Paşinyan, ermənilərin şüuruna qazılan ərazilərin Ermənistana deyil, Azərbaycana aid olduğunu xatırlatmağa çalışır”. 

Ekspertin sözlərinə görə, hayların qondarma xəritələrində, Kür-Araz ovalığına qədər uzanan ərazilərin Ermənistan sərhədləri daxilində göstərildiyi qeyd olunurdu:

“Paşinyan yaxşı anlayır ki, Ermənistanın güclü dövlətə çevrilməsi istiqamətində addımlar atılsa belə, türk dünyası ilə müqayisədə nə tarixi irs, nə geosiyasi potensial, nə də gələcək inkişaf imkanları baxımından rəqabət aparmaq üçün əlverişli şərait formalaşmayacaq. Çünki ermənilərin tarixin heç bir mərhələsində türklər qədər dünyaya səs salan dövlətləri olmayıb. Azərbaycan türklərinin qurduğu Səlcuqlular, Səfəvilər, Atabəylər və Şirvanşahlar kimi dövlətlərin tarixi, dünya tarixinin gedişatına təsir göstərəcək qədər zəngin və misilsiz hadisələrlə zəngindir”.

H.Səhrablı qeyd edib ki, Paşinyan seçki qabağı bu cür mövzulara toxunmaqla, Qarabağ hərəkatından tükənən xalqın səsini toplamağa çalışır:

“Həqiqətən də, Ermənistanda Qarabağ məsələsi ilə bağlı verilən itkilərə və ölkəyə dəyən ziyana laqeyd qalmayan xüsusi bir kütlə var. Həmin kütlənin Birinci Qarabağ müharibəsi dövründə susmasının əsas səbəblərindən biri, Rusiyanın və erməni havadarlarının dəstəyi ilə Azərbaycana qarşı işğalçı siyasətin həyata keçirilməsinə şəraitin yaradılması idi. Onlar məğlubiyyətdən sonra “Qarabağ klanı”nın qondarma dövlət yaratmaq ideologiyasının təsirinə düşdüklərini və bundan nə qədər zərər gördüklərini dərk etməyə başladılar”.