Bal artımı məsələsi qeyri mümkündür -EKSPERT

Sosial şəbəkələrdə abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədi verilməsi dələduzluqdur.
Bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, DİM valideynləri diqqətli olmağa və belə hallarla rastlaşanda hüquq mühafizə orqanlarına müraciət etməyə çağırıb:
"Dövlət İmtahan Mərkəzinin məlumat bazası yüksək təhlükəsizliklə təmin edilib və ora giriş edib imtahan nəticələrini dəyişmək mümkün deyil".


Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, sosial şəbəkələrdə bəzi dələduzlar tərəfindən abituriyentlərə və yaxud onların valideynlərinə bu kimi vədlər verilir:

“Dövlət İmtahan Mərkəzinin istər saytlarına hər hansı kiber və yaxud da texnoloji müdaxilə mümkün deyil. Bunlar hamısı sadəcə dələduzluq məsələləridir. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq bu hərəkətə yol verən şəxslərin müvafiq məsuliyyətə cəlb olunması müəyyən edilib. Vətəndaşlara da müraciətimiz ondan ibarətdir ki, bu kimi fikirlərə aldanmasınlar. Əgər hər hansı bir şəxs məhz belə bir fikir səsləndirirsə, dərhal həmin şəxs haqqında hüquq mühafizə orqanlarına müraciət edilməlidir. Eyni zamnda Daxili İşlər Nazirliyinin qaynar xəttini saxlayıb şəxs barədə məlumat verilməlidir. Biz ötən illərdə belə halları müşahidə etmişik. Bəzi hallarda valideynləri və yaxud abituriyentləri aldadıb, öncədən onların vəsaitlərini əldə ediblər. Bal artımı məsələsi qeyri mümkündür. Belə hal bu vaxta qədər müşahidə olunmayıb. Çünki Dövlət İmtahan Mərkəzi sözügedən prosesi xüsusi diqqət diqqətdə saxlayır. Hətta təkcə Dövlət İmtahan Mərkəzi deyil, dövlətin bəzi qurumları da bu prosesə nəzarət edirlər”.