Uşaqların məktəbəqədər hazırlıq qrupunda oxuması mütləqdir

Əks halda birinci sinifə gedəndə çox əziyyət çəkəcəklər

Qəbul prosesi başlayan kimi valideynlər vaxt itirmədən qeydiyyatdan keçsinlər


Məktəbəhazırlıq qruplarına qəbulun növbəti ay keçirilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib ki, məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.
Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib ki, qəbulda yeniliklər gözlənilmir.

Qeyd edək ki, koronavirus infeksiyası səbəbindən bəzi valideynlər 5 yaşlı uşaqlarını məktəbəhazırlıq kurslarına yazdırmaq istəmir. Bu səbəbdən də cari ildə bu qrupların təxirə salınmasını, pandemiya təhlükəsi tamamilə aradan qalxana qədər uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunmasını təklif edirlər. 

Təhsil eksperti Məlahət Mürşüdlü isə "Şərq"ə  açıqlamasında deyib ki,  məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir:

"Axı bu qruplara qəbulun keçirilməsi, cari dərs ilində təxirə salınması kimlərinsə arzu-istəyinə görə həyata keçirilmir. Bu proses təhsil proqramında öz əksini tapmış fəaliyyət növüdür. Əgər bu il məktəbəhazırlıq dərsləri keçirilməsə, bu uşaqlar gələn il birinci sinifə gedəndə çox çətinlik çəkəcəklər. Görünür, bəzi valideynlər məktəbəhazırlıq qruplarının mahiyyətini  bilmir.

Axı məktəbəhazırlıq qrupları təhsilin "0" (sıfır) pilləsi hesab olunur. İndiki  təhsil proqramına görə, bu mərhələni keçmədən birbaşa birinci sinifə başlamaq effektiv nəticə vermir.

Hesab edirəm ki, məktəbəhazırlıq qruplarına qəbul prosesi başlayan kimi valideynlər vaxt itirmədən qeydiyyatdan keçsinlər. Əks halda övladları birinci sinifə gedəndə çox əziyyət çəkəcəklər". 

Pandemiya səbəbindən yeni dərs ilində bizi gözləyən proseslərə diqqət çəkən ekspert indiki situasiyada konkret proqnoz verməyin çətin olduğunu deyib:

"COVİD-19 bugünkü səviyyədə davammı, yoxsa tamammı deyəcək?  Biz bu sualın cavabını bilmədiyimiz üçün dərs ilində bizi nələrin gözlədiyini bilmirik.  Əlbəttə, bu gün heç kim bunu proqnozlaşdıra bilməz. Koronavirusun yayılma səviyyəsi dərslərin tam zamanında və ənənəvi qaydada başlamasına imkan  verdiyi halda məktəblərimiz, sinif otaqlarımız tələb olunan sanitar-gigiyenik qaydalara hazırdırmı? 

Səmimi olaraq etiraf etməliyik ki, yox. Tualetlərin, su qovşaqlarının təmiri, sinif otaqlarının və bütövlükdə məktəblərin dezinfeksiyası, məktəblərin lazımi sağlamlıq materialları ilə təmin edilməsi, maddi-texniki bazasının güçləndirilməsi və s. tədbirlər vaxt aparan və eyni zamanda əlavə vəsait tələb edən həlli vacib problemlərdir.

Sinif otağında şagirdlərin sayi, xüsusi ilə də ibtidai siniflərdə, dərs cədvəllərinin 25 dəqiqə olmaqla tərtib edilməsi,  təlimin “divarsız, açıq hava” formasından, xüsusən də kənd rayonlarında istifadə edilməsi, valideyn və şagirdlərlə məlumat xarakterli maarifləndirici sessiyalarının təşkil edilməsi və digər  tədbirlər  A varianti olaraq görülməli olan işlərdir.

Əgər xəstəlik əks halda cərəyan edərsə, biz B variantı üzrə tədris ilinin başlanmasına,  təlimin distant formasında aparılmasına məcbur olacağıq. Keçən dərs ili göstərdi ki, ali məktəblərlə müqayisədə orta məktəblərimiz dərs ilini daha “ağrılı” başa vurdu.  Buna görə də hesab edirik ki, keçən tədris ilində çatışmayan cəhətlərin təhlil edilib ondan irəli gələn tədbirlər planının hazırlanması  vacibdir".