2030-cu ilə qədər yaşıl ixtisaslar üzrə ali və peşə təhsili alanların sayı ən azı 50 faiz artacaq
Azərbaycanda COP29 çərçivəsində iqlim dəyişikliyi, dayanıqlı inkişaf və “yaşıl” iqtisadiyyatın inkişafı istiqamətində keçirilən tədbirlər yalnız ekoloji deyil, həm də sosial və iqtisadi sahələrə əhatəli təsirlər göstərib. Təhsil sistemi bu proseslərin mərkəzində dayanır və müxtəlif pillələrdə ciddi yeniliklər və islahatlar üçün zəmin yaradılıb.
COP29-un Azərbaycanda keçirilməsi, təhsil sisteminə təsirləri, perspektivlər və gələcək gözləntilərlə bağlı fikirlərini “Sherg az"la bölüşən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov deyib ki, COP29 çərçivəsində məktəbəqədər təhsil müəssisələrində ekoloji təhsil xüsusi diqqət mərkəzinə çevrilib. İqlim dəyişikliyi ilə bağlı erkən yaşlarda maarifləndirmənin uşaqlarda ekoloji düşüncə tərzinin formalaşmasına xidmət etdiyini xatırladan ekspert deyib ki, ümumi təhsildə ekoloji savadlılıq üzrə tədris planlarında ciddi dəyişikliklər baş verib:
“ Azərbaycan məktəblərində ekoloji layihələrin, həyətyanı bağçaların və “yaşıl laboratoriyaların” yaradılması təşviq edilib.
Statistikaya əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşən 30-a yaxın orta məktəbdə şagirdlərin iştirakı ilə ekoloji seminarlar keçirilmiş, iqlim dəyişikliyi ilə bağlı yeni tədris vəsaitləri təqdim olunub. Müasir texnologiyalardan istifadə edərək “yaşıl” mövzuların oyunlar və layihələr vasitəsilə tədrisi səmərəliliyi artırıb.
Məsələn, 5-11-ci siniflər üçün tədris olunan biologiya və coğrafiya dərsliklərinə “İqlim dəyişikliklərinin sosial-iqtisadi təsirləri” adlı bölmə əlavə olunub. Təhsil Nazirliyi tərəfindən təsdiq edilən bu yeniliklər şagirdlərə iqlim dəyişikliyinin qlobal və lokal təsirlərini dərindən öyrənmək imkanı verir.
K.Əsədovun sözlərinə görə, COP29-un ən ciddi təsir göstərdiyi sahələrdən biri məhz orta ixtisas və peşə təhsilidir. Onun sözlərinə görə, təhsilin bu pilləsində “Yaşıl texnologiyalar”, “ekoloji menecment” və “bərpa olunan enerji mənbələri” üzrə yeni ixtisaslar təqdim edilib: “ Bu, əmək bazarında “yaşıl” sahələrə olan tələbatı qarşılamq üçün önəmli addımdır. Onu da deyim ki, peşə təhsili müəssisələrində “yaşıl” peşələr üzrə tələbə sayı son bir il ərzində 25 faiz artıb.
2023-cü ildə 8000-dən çox tələbə bərpa olunan enerji və ekoloji təmiz texnologiyalar üzrə təlimlərdə iştirak edib.
COP29 çərçivəsində keçirilən tədbirlərdə vurğulandı ki, Azərbaycan regionlarında fəaliyyət göstərən peşə təhsili müəssisələri xüsusən kənd təsərrüfatı və ekoloji turizm istiqamətində daha çox mütəxəssis hazırlamalıdır. Dünya Bankının hesabatına görə, “yaşıl” iqtisadiyyat üzrə peşəkar kadr hazırlığı Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsinə təkan verəcəkdir”.
COP29-un ali təhsil sahəsinə təsirinə gəldikdə isə Mərkəz direktoru bildirib ki, universitetlərdə iqlim dəyişikliyi ilə bağlı tədqiqat mərkəzləri və yeni ixtisas proqramları yaradılıb:
“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Bərpa olunan enerji texnologiyaları” və “İqlim dəyişikliklərinin sosial təsirləri” üzrə magistratura proqramlarına start verib.
Bundan əlavə, UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) dayanıqlı iqtisadiyyat mövzularında xüsusi fənləri tədris etməyə başlayıb. Universitetlərarası əməkdaşlıq da artırılıb. ADA Universiteti və BP şirkəti arasında imzalanan memorandum çərçivəsində “yaşıl biznes modelləri” üzrə tədqiqat layihələri həyata keçirilir.
Qeyd etmək istərdim ki, beynəlxalq səviyyədə, xüsusən də Skandinaviya ölkələrinin ali təhsil sistemində iqlim dəyişikliyi ilə bağlı fənlər və ixtisaslar geniş yayılıb. Azərbaycan universitetlərinin bu modeli tətbiq etməsi beynəlxalq əməkdaşlıq perspektivlərini də artırır. Məsələn, Norveçdə hər bir universitetdə iqlim dəyişikliyi ilə bağlı 5-dən çox ixtisas proqramı mövcuddur. COP29-nin təcrübəsi bu yanaşmanın Azərbaycanda genişlənməsi üçün baza rolunu oynayır.
Bilirsiniz ki, Azərbaycanın əmək bazarı dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat prinsiplərinə uyğun dəyişir. COP29 çərçivəsində “yaşıl iş yerləri” konsepsiyası genişləndirilmiş və yeni iş imkanları yaradılıb. 2024-cü ildə bərpa olunan enerji sektoru üzrə 2000-dən çox yeni iş yeri açılacağı gözlənilir. Dünya Bankının hesabatında qeyd olunur ki, Azərbaycanın “yaşıl iqtisadiyyat” sahəsində potensialı illik 2 milyard dollar əlavə gəlir gətirə bilər.
Hesab edirəm ki, COP29-un təsiri uzunmüddətli perspektivdə təhsil və əmək bazarında yeni tendensiyaların yaranmasına səbəb olacaq. 2030-cu ilə qədər yaşıl ixtisaslar üzrə ali və peşə təhsili alanların sayı ən azı 50 faiz artacaq.
Təhsildə ekoloji layihələr və texnologiyaların tətbiqi genişlənəcək və Azərbaycanın qeyri-neft sektorunda yeni innovativ iş yerləri yaranacaq.
İqtisadiyyatın “yaşıl” transformasiyası Azərbaycan təhsilinə və cəmiyyətinə daha sabit və dayanıqlı bir gələcək təmin etmək üçün vacib təməldir və COP29-un təsirləri də bunun başlanğıcıdır”.