"Məhz bu səbəbdən MİQ imtahanında yüksək bal toplayan hər kəs sinif otağında eyni performansı göstərə bilmir”
"Əsas hədəfimiz imtahandan keçən müəllimin sinfə girdiyi ilk gün şagirdin gözündə o maraq qığılcımını yandıra bilməsidir”
2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib. Minlərlə namizədin iştirak etdiyi MİQ prosesi hər il olduğu kimi bu il də təhsil sektorunun ən çox müzakirə olunan mövzularından biridir. Müəllim çatışmazlığı, vakant yerlərin bölgüsü, imtahanların şəffaflığı və namizədlərin narazılıqları fonunda builki müsabiqəyə marağın yüksək olacağı gözlənilir.
Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra bu gün saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin sənəd qəbulu mərhələsinin başlaması, əslində təhsilimizin "ürək döyüntülərini" yoxlayan ən kritik dövrlərdən birinin startıdır. Onun sözlərinə görə, bu proses artıq sadəcə bir imtahan formatı deyil, təhsilin gələcək simasını müəyyən edən strateji bir filtrdir:
“Ümumi vəziyyətə baxsaq, son illərdə bu mexanizmin tam rəqəmsallaşması və şəffaflaşması dövlətin bu sahədəki ən böyük uğurlarından biridir, lakin bu sistemin şəffaflığı həm də həllini gözləyən daha dərin və struktur problemlərini qabarıq üzə çıxarıb. Bu gün MİQ müsabiqəsi ətrafında yaranan gərginliyin və sıxlığın ən böyük səbəblərindən biri məhz təklif olunan vakansiya sayı ilə müraciət edənlərin ordusu arasındakı kəskin disbalansdır. On minlərlə namizəd bir neçə min yer uğrunda mübarizə aparır. Burada əsas məsuliyyət zəncirin ilk halqasının – ali təhsil müəssisələrinin üzərinə düşür. Universitetlərimiz hələ də əmək bazarının real tələbatını, coğrafi ehtiyacları nəzərə almadan, sanki "plan dolsun" prinsipi ilə hər il kütləvi şəkildə məzun ixrac edir. Hasilat çox, tələbat azdır. Ali təhsil ocaqları Təhsil Nazirliyi və əmək bazarı ilə koordinasiyalı şəkildə işləməli, bazara lazım olan sayda və ixtisasda kadr verməlidir. Universitet sadəcə diplom verməklə işini bitmiş hesab etməməli, verdiyi təhsilin bazarda qarşılığının olub-olmadığına görə məsuliyyət daşımalıdır. Digər tərəfdən, mövcud qəbul mexanizmi daha çox nəzəri bilikləri və test vərdişlərini ölçür, lakin müəllimin ən vacib silahı olan pedaqoji taktikanı, emosional zəkanı və sinif idarəetməsini qiymətləndirməkdə çətinlik çəkir. Bizə "test müəllimi" deyil, "təhsil memarı" lazımdır. Məhz bu səbəbdən MİQ imtahanında yüksək bal toplayan hər kəs sinif otağında eyni performansı göstərə bilmir”.
Ə. Həsənlinin sözlərinə görə, kadr çatışmazlığı məsələsi sadəcə kəmiyyət deyil, daha çox coğrafi paylanma problemidir:
“Bakı və Abşeron kimi böyük mərkəzlərdə inanılmaz bir sıxlıq və vakansiya qıtlığı olduğu halda, ucqar kəndlərimizdə hələ də fizika, riyaziyyat, kimya kimi fənlər üzrə ciddi müəllim ehtiyacı duyulur. Həvəsləndirmə tədbirləri olsa da, gənc kadrların regionlara axınını tam təmin etmək üçün sosial paketlərin və iş mühitinin daha da cəlbedici olması şərtdir. Müəllim adını qazanmaq istəyən hər bir namizəd anlamalıdır ki, dövlət artıq sadəcə diplomu olanı deyil, daim öz üzərində işləyən, texnologiyanı dərsinə inteqrasiya edə bilən və şagirdi mərkəzə qoyan peşəkarı axtarır. Builki prosesin də təhsil sistemimizə yeni nəfəs gətirəcəyinə inanıram, lakin əsas hədəfimiz imtahandan keçən müəllimin sinfə girdiyi ilk gün şagirdin gözündə o maraq qığılcımını yandıra bilməsidir”.