BDU nümayəndələri Çində beynəlxalq təlimdə iştirak ediblər -FOTO

​2026-cı il mayın 27–30-da Çin Xalq Respublikasında yerləşən Çin Xarici İqtisadi Ticarət Universiteti tərəfindən “Təhsildə innovasiyalar və süni intellekt” mövzusunda beynəlxalq təlim-seminar təşkil olunub.

Sherg.az xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva və Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Arzu Isayeva iştirak ediblər. Təlim proqramı çərçivəsində iştirakçılara süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqi, ali təhsilin rəqəmsal transformasiyası, innovativ tədris metodları, müasir təhsil modelləri və rəqəmsal texnologiyaların öyrənmə prosesinə inteqrasiyası ilə bağlı təqdimatlar təqdim olunub. Seminar zamanı süni intellektin tədris keyfiyyətinin yüksəldilməsi, fərdiləşdirilmiş təhsil imkanlarının genişləndirilməsi və təhsil idarəçiliyinin təkmilləşdirilməsində rolu ətraflı izah edilib. Müzakirələr zamanı təhsil sistemində baş verən qlobal dəyişikliklər, rəqəmsallaşmanın yaratdığı yeni imkanlar və süni intellektin ali təhsilin gələcəyinə təsiri diqqət mərkəzində olub. Xüsusilə süni intellektin inkişafı fonunda müəllim və tələbələrin yeni rəqabət mühitində qarşılaşdığı çağırışlar, əmək bazarında gözlənilən dəyişikliklər və bəzi peşələrin transformasiyası məsələləri geniş şəkildə təhlil edilib. Bildirilib ki, texnologiyaların sürətli inkişafına baxmayaraq, yaradıcılıq, tənqidi təfəkkür, etik məsuliyyət, kommunikasiya bacarıqları və emosional intellekt kimi xüsusiyyətlər insan faktorunun əvəzolunmazlığını qoruyub saxlayır. Bu baxımdan gələcəyin təhsil modelində müəllimin istiqamətləndirici, tələbənin isə yaradıcı və təşəbbüskar rolu daha da aktuallaşır. Təlim iştirakçıları Çin universitetlərinin innovativ təhsil təcrübələri ilə yaxından tanış olub, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Seminar çərçivəsində keçirilən görüşlər təhsil və elmi tədqiqat sahələrində yeni əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Qeyd edilib ki, proqram Bakı Dövlət Universitetinin əməkdaşlarının müasir təhsil texnologiyaları və süni intellekt sahəsində beynəlxalq təcrübə ilə tanış olması, eləcə də fakültənin beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.