Prezidentin çağırışı çox önəmlidir

Ən böyük tərbiyəni verən təhsil ocaqlarıdır

Vətənpərvərlik ruhu uşaqlara birinci sinifdən aşılanmalı və yuxarı siniflərdə də davam etdirilməlidir



Gənclərin vətənpərvərlik ruhunda böyüməsi işinin mühüm istiqamətlərindən birini təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Yeni Təhsil naziri  Emin Əmrullayevi qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüş zamanı bu mövzuya xüsusi diqqət ayırıb. Gənclərin tərbiyə edilməsi prosesində  Təhsil Nazirliyinin  funksiyalarına toxunan dövlət başçısı deyib ki,  bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir.

Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan ölkə başçısı qeyd edib ki, bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir". 
"Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir" - deyə prezident əlavə edib. 

Mövzu ilə bağlı "Şərq"in suallarını cavablandıran sabiq təhsil naziri, professor Firudun Cəlilov  ilk növbədə bu cür məsuliyyətli və ağır vəzifəyə təyin olunan nazirə uğurlar arzulayıb:

"Onun bu  cür gərəkli bir işin öhdəsindən layiqincə gələcəyinə əminəm. Özü də bu prosesin içində olduğundan düşünürəm ki, yeni nazir təhsil sahəsinin kifayət qədər çətin və bir o qədər də əhəmiyyətli bir sahə olduğunu yaxşı bilir. 

Konkret sualınıza gəldikdə  ölkə başçısının toxunduğu məsələnin kifayət qədər əhəmiyyətli olduğunu düşünürəm.  Prezidentin də qeyd etdiyi kimi gənclərin milli vətənpərvərlik ruhunda böyüməsində təhsil sektorunun rolu çox böyükdür. Hətta deyərdim ki, bu tərbiyə uşaqlara birinci  sinifdən aşılanmalı və yuxarı siniflərdə də davam etdirilməlidir. Hər fənnə uyğun vətənpərvərlik  mövzuları tərtib edilib dərsliklərə salınmalıdır.  Bu istiqamətdə əsas məsuliyyət müəllimlərin üzərinə düşdüyü üçün  müəllim seçimində diqqətli olmaq lazımdır. Şagirdlərdə milli ruhu formalaşdırmaq üçün  onlara dərs deyən müəllimlərin bu ruha sahib olması lazımdır". 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Bu sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir.

 Ekspert hesab edir ki, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini daha yaxşı aşılamaq üçün  orta məktəbin V sinfindən məktəbi qurtarana kimi siniflərində oxuyan şagirdlərə və ali təhsil müəssisələrində təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər daha çox verilsin. Təkcə tarix və ədəbiyyat dərslərində yox, bütün fənlərdə müəyyən informasiyalar verilməlidir:

"Orta məktəb şagirdlərində vətənə, millətə qarşı sevgini oyatmaqda dərsliklərin çox böyük əhəmiyyəti var. Aşağı siniflərdən bütün şagirdlərə vətəni sevmək və onun milli dəyərlərinə hörmət etmək aşılanmalıdır. Yeniyetmələrə bu duyğunu aşılamaqda hər bir fənnin öz yeri var. Rütbələr, silahların növləri haqqında hər bir şagird məlumatlandırılmalıdır. Milli ordumuzun istifadə etdiyi atıcı silahlarla tanış edilməlidir. Məktəblərə xüsusi olaraq istismardan çıxmış silahlarla təmin olunması üçün lazımi otaqların olması ilə yanaşı  yeniyetmələrə hərbi duyğuları aşılarkən fənn seçimi edilməməlidir. Hətta fiziki-psixoloji dərsləri vasitəsilə belə şagirdlərdə milli ruhu artırmaq lazımdır". 

K.Əsədovun  sözlərinə görə, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır:

“Keçirilən dərslərdə işğal olunmuş  torpaqlarda fədakarlıqla döyüşən Milli qəhrəmanlarımızı, Qarabağ haqqında uşaqlara Qarabağı tanıtmaq, onun başına gətirilən faciələri aşılamaq lazımdır. Şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu mütəmadi olaraq aşılamaq lazımdır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər.

Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar və onu qorumağı özünə borc hesab edər”.