İllərdir, uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi müzakirə olunur. Artıq məsələ həllini tapdı. Belə ki, bu gün Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.
Uşaq bağçalarının İcra hakimiyyətinin tabeliyindən çıxarılması ilə bağlı "Sherg.az"a danışan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, birmənalı effektivlikdən danışmağa dəyməz. Çünki uzun müddətdir, uşaq bağçalarında korrupsiya hallarına rast gəlinir:
"Korrupsiya olan cəmiyyətlərdə yeni administrasiya gələndə korrupsiyaya qarşı mübarizə aparmaq illər çəkir. Güman edirəm müəyyən müsbət dəyişikliklər olacaq.
Birincisi, uşaq bağçalarında pedaqoji adamlar fəaliyyət göstərəcək. Əvvəl bağçaların ərzaq tələbatını qarşılayırdılar, eyni zamanda duruma nəzarət edirdilər. Sağ əllə götürüb, sol cibinə qoyurdular. Öz əlləri, başları idi. İstədikləri kimi yeyirdilər. İndi isə İcra hakimiyyəti yeməklə təmin edəcək, Təhsil Nazirliyi isə yeməyi bölüşdürəcək və təlim-tərbiyə işi ilə məşğul olacaq. Bunlar arasında inteqrasiya prosesi müsbət dartışmalardır.
İkincisi, hər halda korrupsiya nöqteyi nəzərindən Təhsil Nazirliyi(TN) ilə İcra Hakimiyyətini müqayisə edəndə nazirliyi müsbət orqandır. Üçüncüsü, korrupsiya tamamilə ləğv olunmasa da, bu istiqamətdə müsbət dəyişikliklər olacaq. Əvvəllər uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyindən alınmasını istəyirdilər. Nəticəsdə uşaq bağçalarında rüşvətin hansı səviyyədə olduğunu gördülər. İndiki halda isə müsbət dəyişikliklər olacaq, amma radikal fərqlər olmayacaq".
N.Qulamoğlunun sözlərinə görə, Mikayıl Cabbarov Təhsil naziri olduğu vaxtlarda verdiyi bütün əmrlər korrupsiyaya qarşı olub:
“M.Cabbarov korrupsiyaya qarşı mübarizə aparmaq istəyirdi. Güman edirəm bu ənənə davam edir. Gələn il görəcəksiz ki, uşaq bağçalarına qəbul onlayn qaydada keçirilir".