Boloniya sistemi tələbəyə daha geniş imkanlar, sərbəstlik verir

Tələbəni qaiblə “qorxutmaq” köhnəfikirlilik və yeniliyə açıq olmamaq deməkdir

"Bütün bu problemlər sovetdənqalma ideologiyanın hələ də universitetlərimizdə mövcud olmasıdır"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri sosial şəbəkədə bildiriblər ki, unibook sistemində baş vermiş texniki xətaya görə qaiblərin hesablanmasında səhvə yol verilib. Məsələ ilə bağlı "Trend"ə açıqlama verən ali məktəbin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov problemin aradan qaldırılacağını deyib. B.Nəzərov bildirib ki, pandemiya səbəbindən dərslərin sentyabrın 15-i deyil, 29-da başlaması universitetin unibook sistemində müəyyən texniki problemlər yaradıb: "Proqram dərs saatlarını 15-sentyabrdan hesablayıb. Buna görə də sistemdə bəzi tələbələr qaib limitini keçmiş kimi göstərilib. Qısa müddətdə problem tamamilə aradan qaldırılacaq. 

Tələbələrin narahatlığına heç bir əsas yoxdur".

Təhsil eksperti Kamran Əsədov  isə “Şərq”ə açıqlamasında qeyd etdi ki, tələbəni qaiblə “qorxutmaq” köhnəfikirlilik və yeniliyə açıq olmamaq deməkdir:

 - Əvvəlcə qeyd etmək istəyirəm ki, hazırda ölkədə fəaliyyət göstərən bütün  universitetlərdə təhsil və tədris Boloniya sistemi ilə həyata keçirilir. Yəqin ali məktəblərə yaxın bir neçə ildə qəbul olunanlar Boloniya kredit sistemi haqqında məlumatlıdırlar. Boloniya sistemi tələbəyə əvvəlki sistemdən fərqli olaraq daha geniş imkanlar və sərbəstlik verir. Amma nədənsə bizim universitetlərimizdə bu sistemin də “Azərbaycan versiyası” yaradılıb. Bir az öncə qeyd etdiyim kimi, tələbəyə sərbəstlik verilmir. Boloniya sisteminə görə tələbə universitetdə məcburi saxlanılmır. O, istənilən vaxt mühazirələrə gələ bilər. Tələbə keçilən dərs barədə məlumatları oxuduğu fakültədən elektron variantda götürür və semestr sonu gəlib imtahanını verir. Amma bizdə tələbə universitetə gəlməyə məcbur edilir, gəlməsə qaib yazılacağı və hər dərs üzrə 30 faiz limiti keçərsə qovulacağı bildirilir. Qaib limitini keçən tələbə imtahanda iştirak etmədən kəsilmiş sayılır. Bəs, biz sərbəstlikdən danışırdıq, nə oldu? Ali təhsil müəssisələrində dərsə davamiyyətlə bağlı qaib limitinin tətbiq olunması bəzi hallarda neqativ hallara yol açır. Belə ki, qaib limiti dolan və ya bu prorblemi olan tələbələr pulla – müəllimə, dekanatlığa rüşvət təklif etməklə problemi həll etməyə çalışırlar ki, bu da universitetdə sağlam təhsil mühitinə mənfi təsir göstərir. Hər bir yerdə texnologiyanın, dünyanın sürətli inkişafından söz açılır. Ali məktəblər, tələbələr də bu  inkişafla ayaqlaşa bilməlidir. Bunun üçün də təhsili  istiqamətləndirəcək yeni fikirli, ideyalı müəllimlərə, kadrlara ehtiyac var. Hesab edirəm ki, bütün bu problemlər sovetdənqalma ideologiyanın hələ də universitetlərimizdə mövcud olmasıdır. Universitetdə tələbələrə dərs deyən müəllimlərin demək olar ki, əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Onlarsa  illərlə sahib olduqları mühafizəkar fikirlərdən birdən-birə əl çəkə bilmir. Yeniliyi də qəbul etmirlər. 

K.Əsədov qeyd etdi ki, universitet rəhbərliyinin elektron sistemdə belə bir yanlışlıq baş verəcəyini proqnozlaşdıra bilməməsi yalnız təəssüf doğurur:   

- 2021-ci ildə ali təhsil müəssisəsi texnologiyanın pik həddə istifadə edildiyi zamanda, texniki xəta edirsə, onun əmək bazarına buraxdığı kadra şübhə ilə yanaşmaq olar.