Ali məktəb ali davranış göstərməyib

Təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarının yayılması mədəniyyətsizlikdir

"İndiki zamanda tələbəni təhsil haqqını ödəməyə məcbur etmək etik deyil. Hamımız bilirik ki, pandemiya insanların gəlirlərini azaldıb. Bunu nəzərə almaq lazımdır"

   “Şəxsi informasiyaların ictimaiyyətə açıqlanması mədəniyyətsizlikdir”. Bu sözləri “Şərq”ə açıqlamasında təhsul eksperti Kamran Əsədov bildirdi. Ekspert    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarının yayılması hadisəsinə münasibət bildirərkən qeyd edib ki, bütün hallarda bu, yolverilməzdir:
- Universitet rəsmilərinin hansı izahı, hansı açıqlamanı verməsindən asılı olmayaraq şəxsi informasiyaların yayılması istənilən halda mədəniyyətsizlikdir. Mən gözləyirdim ki, universitet rəhbərliyi baş vermş hadisəyə görə üzrxahlıq edəcək. 

Amma təəssüf! Müxtəlif  izahlar verildi, səbəblər göstərildi. Bunların heç biri tələbə haqqında şəxsi informasiyanın yayılmasına haqq qazandırmır. Ödənişli təhsil, təhsil haqları ilə bağlı hər hansı müqavilə şərtləri ola bilər. Bunlar məlumdur. Ola bilsin, müqavilə şərtlərində şəxsi informasiyanın yayılıb-yayılmamasına dair heç bir bənd yoxdur. Lakin bu, ölkə qanunvericiliyinin pozulmasına əsas vermir. Şəxsi toxunulmazlıq, məlumatların əldə edilməsinə dair konkret qanun mövcuddur. Heç kəsin şəxsi məlumatları yayıla bilməz. Təhsil haqqı məsələsi ali məktəblərin dekanlıq və mühasibatlığı və tələbə arasında ola məsələdir. Mühasibatlıq dekanlığa bu barədə məlumat verməlidir ki, təhsil haqlarının ödənməsində vəziyyət necədir. Lakin dekanlıq heç bir halda bu məlumatları yaymamalıdır. Ali təhsil ocağı nəzərə almalıydı ki, internet resursları üzərindən məlumat paylaşmaq həmin məlumatı böyük bir kütlə üçün əlçatan edir. Bir universitet tələbənin şəxsi məlumatlarını qoruya bilmirsə, daha o, nə  universitetdir?!   Deyirlər ki, təhsil haqqını ödəyə bilməyən tələbələrə qarşı humanist davranılır. Elədikləri yaxşılığın ardınca da informasiya yayıb yaxşılığı heçə endirirlər. Əlbəttə, bu, sızdırılmış məlumatdır və belə hal qətiyyən baş verməməliydi. İndiki zamanda tələbəni təhsil haqqını ödəməyə məcbur etmək etik deyil. Hamımız bilirik ki, pandemiya insanların gəlirlərini azaldıb. Bunu nəzərə almaq lazımdır. Guya ki, hansı təhsil ocağımız aldığı haqq müqabilində təhsil verir? Təəssüf ki, biz yenə də ali məktəb rəhbərliyi tərəfindən  ali davranış görmədik. Yalnız bəraətə, özlərinə haqq qazandırmağa çalışdılar.    

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarının yazıldığı siyahının universitet divarından asılması haqqında məlumat yayılmışdı. 

Məsələ sosial şəbəkədə geniş təpki doğurduqdan sonra ADMİU-dan açıqlama verildi ki, tütorlar tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədilə "Whatsapp" qrupuna göndərilib. Təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarını yayan şəxslər universitet tərəfindən cəzalandırılıb.

 Bu barədə universitetin mətbuat katibi Şəhanə Müşviq məlumat verib. O qeyd edib ki, universitetdə tələbələrin adlarının siyahısı asılmayıb:

 “Tyütorlar tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədilə "Whatsapp" qrupuna göndərilib. Universitet rəhbərliyi bunun da əleyhinədir və elə məsələ açılan kimi operativ şəkildə araşdırıldı, sənədin yayılmasına səbəbkar olan tütor və dekan cəzalandırıldı. Haqlarında təqdimat yazıldı və töhmətlə cəzalandırıldılar"- məlumatda qeyd edilib”. Bundan əvvəlki açıqlamasında bildirmişdi ki, bakalavr təhsil pilləsində bütün ödənişli ixtisaslar üzrə illik təhsil haqqı 1800 manatdır. Universitetə ödənişli əsaslarla qəbul olan tələbələrlə bağlanmış fərdi müqavilənin "Ödəniş qaydaları" bölməsinə əsasən, onlar ödəmənin qaydalarıyla tanış olur və müvafiq imzayla şərtləri qəbul etdiklərini təsdiqləyirlər. Bununla belə, ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir, humanist yanaşaraq onlara təhsil haqqını ödəməsi üçün müəyyən edilmiş zamandan daha uzun müddət vaxt verir.

 "Sözügedən siyahıya nəzər saldıqda görmək olar ki, həmin siyahıda 3600 AZN, 3500 AZN, 3352 AZN kimi böyük məbləğlər var. Bu da təhsilinin III və ya IV ilində olan tələbənin 2 (iki) təhsil ilinin haqqını ödəmədiyi halda, kursdan-kursa keçirilməsində universitet rəhbərliyi tərəfindən bir problem yaradılmadığının sübutudur. 

Bu şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur. Sosial şəbəkələrdə ADMİU ilə bağlı yazılmış iddialar əsassızdır. Bildiririk ki, görüntüləri yayımlanmış siyahı universitetdə nümayiş etdirilməyib. Universitet rəhbərliyinin təhsil haqqını ödəməyən tələbələrin siyahısının nümayişiylə bağlı heç bir tələbi olmayıb. 

Bu siyahı semestr imtahanları öncəsi sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahısıdır. Daxili sənədin şəklinin çəkilərək yayılması təəssüf doğurur", - açıqlamada deyilir.