2-3 il hazırlığa getmək yüksək balın qarantiyası deyil - Təhsil eksperti

  • Müəllim yol göstərir, yolu gedənsə şagirdin özüdür

İlk növbədə hazırlıq müddətinin uzunluğu nəticənin yüksək olacağı anlamına gəlməməlidir. Bəzən şagird 8-9 ay düzgün proqramla çalışır, imtahanda yüksək bal toplayır. Digəri 2-3 il hazırlığa gedir, amma gözlənilən nəticəni əldə etmir. Buad əsas məsələ vaxt deyil, vaxtdan səmərəli istifadədir.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli ikinci cəhd qəbul imtahanlarının nəticələrinin bəzi abituriyentlər üçün uğursuz olması barədə danışarkən bildirib. Qeyd edək ki, ikinci cəhd qəbul imtahanlarının nəticələri hələ açıqlanmayıb, lakin abituriyentlər nə qədər bal toplayacaqlarını demək olar 90 faiz bilir. Amma illərlə hazırlıq kurslarına, repititor yanına gedən şagirdin imtahanda zəif nəticə göstərməsi də anlaşılmazdır. Bu illər ərzində şagirdi bir kınara qoyaq, valideyn maraqlanmayıb ki övladı hansı səviyyəni əldə edir? 

Ə.Həsənli bildirdi ki, müəllim peşəkarlığı, hazırlıq kursu mühüm rol oynayır. Müəllim peşəkarlığı əsas faktordur: 

- Müəllim, sadəcə mövzunu izah etmələ kifaətlənməməli, şagirdin zəif tərəflərini müəyyən etməli, buan müvafiq fərdi yanaşma tətbiq etməli, mütəmadi şəkildə sınaqlarla inkişaf dinamikasını izləməlidir. Eyni zamanda kursun sistemli proqramı, nziam-intizam, nəzarət mexanizmi nəticələrə əlbəttə təsir göstərir. Lakin bütün məsuliyyəti müəllimin və ya kursun üzərinə qoymaq da düzgün deyil. Şagirdin özünün motivasiyası, məsuliyyəti olmalıdır, dərsdən kənar müstəqil hazırlığı, oxusu, analiz bacarığı, psixoloji hazırlığı, davamlılığı, öyrənmə vərdişləri... bunlar da ən azı müəllim qədər vacib amillərdir. Müəllim yol göstərir, yolu gedənsə şagirdin özüdür. Burda valideyn məsuliyyəti də var ki xüsusi nəzarət etməlidir. Düşünürlər ki, bir neçə müəllim yanına göndərdim, nəticə avtomatik yüksələcək. Belə deyil. Əksinə, bu, şagirdin həddindən artıq yüklənməsi, istirahət rejiminin pozulması və psixoloji təzyiqdir ki bunlar əks təsir göstərir və nəticələr aşağı düşür. Problem təkcə bilikdə deyil. İmtahan həyəcanı, vaxtın düzgün bölüşdürülməməsi, diqqət dağınıqlığı şagird real potensialını göstərə bilməməsinə təsir edir. 

Ə.Həsənli qeyd etdi ki, uğurlu nəticə 4 əsas sütunun üzərində qurulur: peşəkar müəllim, sistemli hazırlıq proqramı, məsuliyyətli və intizamlı şagird və dəstəkləyici valideyn: 

- Bunlar bir-birini tamamlayan amillərdir. 2-3 il hazırlıq kursuna, repititor yanına gedən şagirdin imtahanlarda az bal toplamasını kursun səviyyəsi və ya şagirdin bacarığı ilə əlaqələndirmək düzgün yanaşma olmayacaq. Burada hər bir nəticə ayrıca təhlil olunmalıdır. Məqsəd günahkar axtarmaq deyil, harda boşluq yaranıb, boşluq hardadır və onu aradan qaldırmaq olmalıdır.