Müdirlər elektron sistemə "barmaq edirlər" - Yenə xahişlər, yenə rüşvət halları...

Kamran Əsədov: “Bütün hallarda narazılıqlar yoxlanmalı, qanunazidd hərəkətlərə yol verənlər cəzalanmalıdır”
  Bağçalara elektron qəbuldan narazılar var. Razı qalanlar da az deyil. 3 nümunə təqdim edək, sonra problemin nədən yarana biləcəyinə baxaq.
  Sosial şəbəkə istifadəçilərindən biri belə paylaşım edib: “Həmişə tənqid etdiyim Azərbaycan Respublikası Təhsil Nazirliyini bu dəfə təqdir edəcəm. İyul ayında bq.edu.az saytında bağçaya qəbul üçün növbəyə yazılmışdıq. Başqa heç yerə müraciət etmədən, incidilmədən, süründürülmədən qəbul ediləcəyimizə güvənib gözlədik. Budur, oğlum artıq bağçalıdır - #rüşvətsiz!”
Digər istifadəçi isə narazılığını bildirir: “Kiçik qızım Abdulla Zoya Ayyət qızını Abşeron rayon, Xırdalan şəhəri 25 saylı uşaq bağçasına onlayn qeydiyyatdan keçirmişəm. Növbədə 1-cidir. Digər növbə tutan qohum-qonşulara sms gəlir, dəvət olunurlar, sənədlər yığılır. Bizdə isə necə deyərlər, səs-soraq yoxdur. Prosesin şəffaf şəkildə həyata keçiriləcəyinə inanmaq istəyirəm”.
  Bir başqası cavab yazıb: “Növbəniz prioritetsizdirsə, heç nə sübut edə bilmirsiz. Qarşınıza o qədər cavab qoyacaqlar ki! Əllərində imkan var! Təhsil Nazirliyinə 10 dəfə zəng elədim, dedilər bağçanın öz işidir, qarışa bilmərik. Öyrənmişəm ki, bağçalar sayt açılana qədər doldurublar bağçaları. Xırdalanda 26 saylı bağça var. Orda qardaşım qızı növbədə 5-ci yerdədir. Tanış müəllimə işləyir orda. Heyrətlə soruşdum: bəs məktəb yaşlı uşaqlar iyunda çıxdı getdi məktəbə. Hardasa 2,3 qrup yer boşalmalıdır da. Onların yerinə götürdükləri uşağın hamısı şəhid, qazi, əlil övladı oldu? Qayıtdı dedi ki, uşaqları yay boyu qəbul ediblər. Portal açılanda artıq bağça dolu imiş. Halbuki, mən müraciət edəndə deyilmişdi ki, portal açılacaq, hələ uşaq götürə bilmərik, get otur, gözlə. Mən gözləməkdə, bunlar işlərini görməkdə imiş…”
  Niyə belə vəziyyət yaranır? Yəni bu ölkədə hansısa işi, hətta elektron qaydada aparılan işi elə icra etmək olmaz ki, narazılıq yaranmasın?
  ADPU-nun Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidovanın AzEdu.az-a açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirilib. X.Həmidova deyib: “Düşünürəm ki, bağçalara elektron qəbul məsələsi bir az problemlidir. Çünki ölkəmizdə sadəcə 20 faiz uşağı əhatə edə biləcək qədər bağça fəaliyyət göstərir. Bu da o deməkdir ki, yerdə qalan 80 faiz uşağın bağçaya getmək imkanı yoxdur. Doğrudur, uşaqların əksəriyyəti məktəbəhazırlıq qruplarına gedir, müəyyən icma əsaslı qruplar fəaliyyət göstərir. Məsələn, icma əsaslı qruplar və məktəbəhazırlıq qrupları günün 2-3 saatını əhatə edir. Amma valideynlərin əsas üstünlük verdiyi yer bağçalardır. Çünki tam əhatəli və bütün gün müddətində qayğı və təhsilin birgə olduğu yer məhz bağçalardır. Amma bağçalarda yerin azlığı prosesi ləngidir”.
  Müəllim elektron qeydiyyat zamanı müşahidə oluna biləcək problemlərdən danışıb: "Valideyn onlayn qeydiyyatdan keçərkən, yaşadığı ərazidə yerləşən müəssisəyə üstünlük verir. Amma həmin ərazidə fəaliyyət göstərən bağça uşaqların sıx olduğu bağça ola bilər. Valideyn ərazini seçir, qeydiyyatdan keçir və gözləmə müddətində keçilir. Bağça rəhbəri uşaqların hamısını eyni zamanda qəbul edə bilməz. Çünki yer məhdudiyyəti var, qanunvericiliyə əsasən hər qrupda maksimum 20 uşaq ola bilər. 3 yaşdan aşağı və qarışıq qruplarda bu rəqəm 15-dir. Əgər bağça 3 qrupla fəaliyyət göstərirsə, körpələr qrupuna 15, digər iki qrupa isə 20 uşaq götürülərsə, 55 nəfərlik yeri var. Həmin bağça artıq 56-cı uşağı qəbul edə bilmir, sadəcə, bir uşaq bağçadan çıxdıqdan sonra, başqa biri qəbul oluna bilir. Ona görə də onlayn qeydiyyat zamanı gözləmə mövqeyində qalan valideynlər çox olacaq. Əgər uşaq 2-3 ilə məktəbə başlayacaqsa, amma bu müddətdə yer boşalmayacaqsa, o uşaq yenə gözləmə mövqeyində qalacaq”.
  Xalidə xanım elektron qeydiyyat prosesinin yaxşılaşdırılması üçün yerinə yetirilməli olan prinsipləri və uşaqların doğru yerləşdirilməsi üçün vacib olan nüansları nəzərə çatdırıb: “Sistemin daha da yaxşılaşdırılması üçün bir sıra addımlar atılmalı, paylama prinsipləri yerinə yetirilməlidir. Belə olacağı təqdirdə, uşağın yaşadığı ərazidə yerləşən bağçada yer olmadığı halda, nisbətən daha yaxın başqa bir ərazidə yerləşən bağçada boş yer olduqda bu sistemdə görünsə və uşaq oraya ötürülərsə, daha məqsədəuyğun olar. Doğrudur, bu sistemi qurmaq üçün uzun müddət lazımdır və çətin bir məsələdir. Yəqin ki, nazirlik bu kimi prinsiplərdən istifadəni nəzərə alacaq və prosesi tənzimləyəcək. Hesab edirəm ki, burada valideyni işləyən uşaqların bütün günlük qəbulu daha düzgün olardı. İşləyən valideynlərin övladlarının bağçalara, işləməyən valideynlərin övladları isə icma əsaslı qruplara, alternativ məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatı daha məqbul olardı”.
  Təhsil eksperti Kamran Əsədov da “Şərq”ə açıqlamasında ölkədəki uşaq bağçalarının sayının bağçayaşlı uşaqların sayı ilə tərs-mütənasib olduğunu, problemin yaranmasının əsas səbəblərindən birinin məhz bu olduğunu dedi: - Hazırda ölkə üzrə 1693 uşaq bağçası və körpələr evi var. Onlardan 320-si paytaxtda yerləşir. Bu bağçaların tutumu 123 min yerlikdir. Amma bağça yaşlı uşaqların sayı 800 minə yaxındır. Rəqəmlər problemdən xəbər verir. 800 min uşaq 320 bağçaya necə yerləşsin?!. Xüsusən paytaxtın Xırdalan, Masazır qəsəbələrində uşaqların bağçaya yerləşdirilməsində ciddi problemlər var. Çünki bu qəsəbələrdə əhali sıxlığı böyükdür, uşaq bağçalarının sayı isə azdır. Gələk, bəzi valideynlərin elektron qəbulda üzləşdiyi problemə. Bəri başdan deyim ki, elektron qəbul tənqid olunsa da, hazırda bu, ən optimal yoldur. Növbə sistemi var, müraciətlərə ardıcıllıqla baxılır. Bəli, yenə xahiş, rüşvət halları olur, amma bu, kütləvi deyil. Bağçalara rüşvətsiz, xahişsiz-minnətsiz qəbul edilənlər də çoxdur. Digər tərəfdən, uşaq bağçalarına qəbulda da müəyyən kateqoriyadan olan ailələrin övladlarına güzəştlər var.
  Nə etmək olar ki, uşaq bağçalarından kənarqalma faizi azalsın? K.Əsədov bildirdi ki, dünya praktikasında bunun yolunu dövlət müəssisələri ilə yanaşı özəl sektorun inkişafında görürlər:
- Məsələn, Türkiyənin İstanbul şəhərində 7000 uşaq bağçasından 4000-i özəl sektora, 3000-i dövlətə aiddir. Özəl bağçalar şəbəkəsinin genişlənməsinə dövlət dəstək verir, bu bağçalar vergidən azad edilir, müəyyən güzəştlər tətbiq edilir. Ona görə də özəl bağçalarda ödəniş o qədər də yüksək olmur, özəl sektor uşaqların bağçalara yerləşdirilməsində dövlətin yükünü bölüşür. Bu o deməkdir ki, əgər bizdə də özəl bağçalara dövlət dəstəyi olsa, uşağın qeydiyyatda olduğu ərazidəki dövlət uşaq bağçasında əgər boş yer yoxdursa, valideyn yaxınlıqda yerləşən özəl bağçaya uyğun məbləğdə ödəniş etməklə övladını onlara tapşıra biləcək. Bununla müəyyən qədər problem həllini tapmış olacaq. Elektron qəbuldan narazılıqlar isə bütün hallarda yoxlanmalı, qanunazidd hərəkətlərə yol verənlər cəzalanmalıdır.