Son illərdə xaricdə təhsilə maraq və tələbat günü-gündən artmaqdadır. Bu maraq özü ilə bərabər təəssüf ki, tələbələrə xoş olmayan problem yaradır. Hansı ki, xaricdə universitetə sevinclə qəbul olub bitirdikdən sonra ölkəyə qayıtdıqda gənclər diplomun tanınmaması ilə üzləşirlər.
Bəs xarici diplomlar Azərbaycanda hansı hallarda tanınmır?
Diplomun tanınmamasının əsas səbəbi tələbələrin tədris zamanı həmin ölkədə olmaması ilə bağlıdır. Əyani təhsildə min. 90 gün, qiyabi təhsildə isə 15 gün nəzərdə tutulub. Digər səbəb isə həmin universitetin rəsmi statusunun olmamasıdır.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, xaricdə təhsil alan azərbaycanlıların diqqət yetirilməli olduğu bəzi məsələlər var:
“Bu, o qədər də çətin bir prosedur deyil. Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin Keyfiyyətinin Təminatı Agentliyi deyilən bir qurum fəaliyyət göstərir. TKTA-nın rəsmi saytında bütün tələblər, xarici təhsil üçün zəruri tövsiyyələr var və hazırladıqları əlavə video materiallarda təlimatlar verilir. Biz amma həmin təlimatdan istifadə etmirik. Elə bu gün əlimizin altında olan telefon, noutbuk və kompyuterlərdə yarım dəqiqənin içərisində daxil olaraq vacib məlumatlardan faydalanmırıq. Amma sonra bunun əzabını çəkirik. Biz sanki rəsmi tövsiyələrinə inanmamaq, azarına tutulmuşuq. TKTA-nın önərdiyi təlim videoları və təlim materiallarından istifadə etmək lazımdır. Orada hansı universitetlərin diplomunun tanınıb tanınmadığı, və müəyyən problemləri yaradan səbəblərin nə olduğuna dair bütün məlumatlar əks olunub. Biz adı-sanı, soyadı bilinməyən xarici təhsil şirkətindən, yarım peşəkar, yaxud da ki, peşəkar olmayan adamlardan məsləhətlər alırıq. Amma dövlət agentliyinin birbaşa bu işə cavabdeh olan müəssisəsinə, qurumun tövsiyələrinə əhəmiyyət vermirik. Xarici diplomların tanınması üçün dövlət tərəfindən təsdiqlənmiş və Elm və Təhsil nazirliyinin saytında TKTA-nın rəsm saytında olan universitetlərə müraciət etmək vacibdir. Həmin universitetlərin nüfuzunun nə dərəcədə olduğunu yoxlamaq lazımdır. Ümumiyyətlə ölkəmizdə distant təhsil forması yoxdur və distant şəkildə alınan təhsil, universitetin nüfuzundan asılı olmayaraq etibarlı sayılmır. Yəni qanunvericilik budur. Şəxsən mən efirdə demişəm ki, arzu edirəm ki, bizdə distant təhsil tanınsın, diplomu etibarlı hesab olunsun. Amma qanunvericilik var və biz yaşadığımız ölkənin vətəndaşı olduğumuz üçün qanunvericiliyinə tabe olmalıyıq, onunla ayaqlaşmalıyıq. İndi qanunvericiliyimiz hələ ki, distant təhsil haqqında qərar qəbul etməyib. Ukrayna, Rusiya və Türk universitetlərinə attestat üsulu ilə qəbul olub ildə iki dəfə getməli olduğu halda, ümumiyyətlə getməyən, sonradan da gəlib təsdiq diplomu təsvir etmək istəyənlər var. Ümumiyyətlə, getməyəndə qiyabi oxusalar belə biz də nostifikasiya prosesində onu distant təhsil kimi dəyərləndirirlər və qəbul etmirlər. Bu gün də problemlər çoxdur”.