İkinci aydır dərslər başlayıb, şagirdlərə dərslik verilməyib

Nə vaxta qədər uşaqlar telefondan dərs oxumalıdır

  Yeni tədris ilinin ikinci ayı başladı, amma ümumtəhsil məktəbləri dərsliklərlə təmin edilməyib. Valideynlər narazılıq edir, bəzi orta məktəblərdə, məsələn, VII  siniflərə “Riyaziyyat”, “İngilis dili”, III siniflərə “Ana dili” dərsliklərinin hələ də verilmədiyindən, digər siniflərdə də “Həyat bilgisi”, “Azərbaycan dili”, “Tarix” kimi əsas fənlərin dərsliklərinin verilmədiyindən şikayətlənirlər. 

Valideynlər soruşur ki, “nə vaxta qədər uşaqlar telefondan dərs oxumalıdır, ya da PDF variantından? Valideynlər verilməyən dərslikləri PDF variantında çap etdirir, uşaqlar da tapşırıqları bu yolla həll edir, növbəti dərsə hazırlaşırlar. Nəinki dərsliklər, müəllim üçün metodik vəsaitin, hətta sinif jurnalının yoxluğundan şikayətlənənlər də var. 

  Təhsil eksperti Kamran Əsədov da yaranmış vəziyyətdən təəssüfləndiyini bildirib: 

- Artıq oktyabrdır, ikinci aydır ki, orta məktəblərdə dərslər başlayıb, amma şagirdlərə kitablar verilməyib. Şagirdlər kitabsız məktəbə gedib gəlirlər. Valideynlər kitab satışı yerlərindən öz pulları ilə kitab alır, pdf-dən çap etdirir, imkanı olmayanlar isə bundan məhrumdurlar. 

  K.Əsədov Elm və Təhsil Nazirliyini qınayıb:

 - İşləyə bilmirsiniz, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi! Tam heyətiniz ilə ərizə yazıb istefa verib gedin. Qaldığınız hər saniyə elmə, təhsilə zərərsiniz, zərərlisiniz.