Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının yaranmasının 20 illiyinə həsr olunmuş ustad dərsi keçirilib.
Kafedranın professorları Həmid Vəliyev və Sabir Məmmədli "Beynəlxalq jurnalistika müasir dövrün elm sahəsi kimi" mövzusunda çıxış ediblər.
20 illik münasibətilə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova “Sherg.az”a açıqlama verib.
O bildirib ki, kafedra yarandığı gündən sürətlə inkişaf edir:
“Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrası jurnalistikanın beynəlxalq standartlara yaxınlaşmasını, beynəlxalq jurnalistika nəzəriyyələrinin daha geniş tədris olunmasına duyulan ehtiyacı, eləcə də jurnalistika fakültəsinin magistratura pilləsində Beynəlxalq jurnalistika ixtisası üzrə kadr hazırlığının həyata keçirir. Kafedranın magistrantları arasında əcnəbi tələbələr üstünlük təşkil edir. Cari tədris ilində 10 çinli magistrant və 1 çinli, 1 türkiyəli dissertant təhsil alır. Demək olar ki, 20 yaşı tamam olan kafedranın yaradılması bu gün öz müsbət nəticəsini verir. Kafedranın fəaliyyəti kütləvi informasiya vasitələrində əsas etibarilə peşəkarların işləməsini təmin etməklə, jurnalistikamızın beynəlxalq miqyasda özünə layiq yer tutmasında kafedra böyük rol oynayır.
Bu il kafedranın əməkdaşları arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun böyük məsləhətçisi, MEDİA-nın Naxçıvan regional idarəsinin rəisi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin ABŞ üzrə xüsusi müxbiri təyin edilənlər də var".
Qeyd edək ki, kafedra 2004-cü ildə yaradılıb. 2004-cü il dekabrın 21-də kafedra müdiri vəzifəsinə seçkilərdə filologiya elmləri namizədi professor Həmid Vəliyev bu vəzifəyə seçilib. Kafedra fakültədə bakalavr pilləsi üçün ümumi, magistr pilləsi üçün isə ixtisas fənlərinin tədrisi ilə məşğuldur.