İmtahandan keçə bilməyən müəllimləri dərhal işdən çıxarmaq olmaz -EKSPERT

Attestasiyanın düzgün təşkili, yalnız qiymətləndirmə metodikası ilə deyil, həm də sosial ədalət prinsiplərinə söykənməlidir



Mədəniyyət Nazirliyi tərəfindən keçirilən attestasiya imtahanlarının nəticələri bəzi müəllimləri qane etməyib. İmtahandan kəsilən müəllimlər arasında 30 nömrəli Uşaq Musiqi Məktəbinin 22 müəllimi də var.
Şikayətçi müəllimlərin iddiasına görə, imtahanda istifadə edilən musiqi aləti işləməyib, imtahan deyilən saatdan xeyli gec başlayıb, suallar isə proqramdan fərqli olub. Odur ki, həmin müəllimlər barələrində verilən qərarla razı deyillər.
30 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri bildiriblər ki, martın 2-si baş tutan attestasiya imtahanı qeyri-şəffaf keçirilib. Məlumata görə, təkcə bu məktəbdən 18 fortepiano müəllimi və 4 nəzəriyyə müəllimi imtahandan keçə bilməyib. Onların arasında 62 yaşlı pensiya yaşına bir neçə il qalmış işdən azad edilən müəllim - pedaqoq da var: “42 ildir savadlı müəllim idim, 20 dəqiqədə oldum savadsız. Saat 3-də başlanmalı imtahan 18:30-da başlayıb. Təzyiqim qalxıb...”
20 ildən çox təcrübəsi olan, konsertmeyster kimi çalışan Ülviyyə Məmmədova deyir ki, tam cavablandırmadığı suallar da olub. Lakin ifasını nəzərə almamaqlarını ədalətsiz qərar hesab edir.
Nəticələrin onu təəccübləndirmədiyini deyən musiqi məktəbinin direktoru Zakir Əsədov isə bildirib ki, ümumi olaraq 48 müəllim attestasiyada iştirak edib, onlardan 4 nəzəriyyə, 18 fortopiano müəllimi imtahandan kəsilib. Həmin müəllimlərin məktəbdə fəaliyyətinə bu ayın 7-si xitam veriləcək.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, sözügedən müəllimlərin şikayəti üzrə nazirlikdə araşdırma aparılır. O da qeyd olunub ki, 650 nəfər attestasiya prosesindən uğurla keçib, 492 müəllim isə tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə əmək müqavilələrinə xitam verilməyəcək.
Həmçinin, yaşı 60-dan yuxarı olan, habelə ağır xəstəliklərdən əziyyət çəkən təxminən 40 nəfərə alternativ iş yeri təklif olunacaq. Attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklər.


Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, Mədəniyyət Nazirliyi qarşısında keçirilən aksiyada da səsləndirilən bu şikayətlər, müəllimlərin sadəcə qiymətləndirmə nəticələrindən deyil, qiymətləndirmə metodikasının və məzmununun ədalətsizliyindən narazı olduqlarını göstərir: 
“Martın 18-də keçirilmiş attestasiya imtahanlarında iştirak edən musiqi müəllimlərinin böyük əksəriyyəti – təxminən 120 nəfərdən 80-i – imtahandan kəsilmiş, nəticədə bir çoxu işdən çıxarılmış, bir hissəsinə isə “Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi” tətbiq edilərək əmək müqaviləsinə xitam verildiyi bildirilib. Müəllimlər isə etiraz edərək iddia edirlər ki, imtahan şəffaf keçirilməyib, sualların əksəriyyəti ixtisasla əlaqəli olmayıb və cavab versələr də, nəticədə onlara “0 bal” yazılıb. 
Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsinə işçinin tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edildikdə xitam verilə bilər. Amma bu qərarın hüquqi əsaslı olması üçün həmin “uyğun olmama” vəziyyəti obyektiv, şəffaf və çoxmərhələli qiymətləndirmə prosesi əsasında sübuta yetirilməlidir. Bu baxımdan, müəllimlərin etiraz etdiyi əsas məsələ təkcə nəticələr yox, həmin nəticələrin formalaşdığı prosesin obyektivliyidir. Müəllimlər bildirirlər ki, test sualları musiqi fənninin spesifikasına uyğun gəlməyib, bəzi hallarda ümumi mədəniyyət və pedaqogika ilə bağlı qeyri-aydın suallar təqdim olunub.
Bu problem təkcə fərdi müəllimlərin taleyinə təsir etmir, bütövlükdə təhsil sisteminin institusional etibarını zəiflədir. Attestasiya imtahanı — qanunla müəyyən edilmiş bir qiymətləndirmə mexanizmidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsində göstərilir ki, dövlət müəllimlərin peşəkarlığının artırılması üçün şərait yaratmalı və bu prosesin davamlılığını təmin etməlidir. Həmin qanunun ruhuna uyğun olaraq, attestasiya təkmilləşmə vasitəsi kimi həyata keçirilməlidir, cəza və ya istisna mexanizmi kimi deyil. Əgər bu proses nəticəsində bir fənn üzrə iştirak edən müəllimlərin 70 faizdən çoxu uğursuz nəticə göstərirsə, bu, qiymətləndirmənin özü ilə bağlı ciddi metodoloji suallar doğurur”.

Ekspertin sözlərinə görə, musiqi fənni tədrisi digər fənlərdən fərqli olaraq praktiki bacarıqlara, musiqi duyumuna, alətlərin istifadəsinə və şagirdlərlə estetik əlaqənin qurulmasına əsaslanır:
 “Belə bir sahənin təkcə yazılı test və ya şifahi müsahibə ilə qiymətləndirilməsi qeyri-peşəkar yanaşma sayıla bilər. Dünya təcrübəsində yaradıcılıq yönümlü fənlərin qiymətləndirilməsi üçün kompleks qiymətləndirmə üsulları tətbiq olunur. Məsələn, İngiltərədə musiqi müəllimləri “performance-based assessment” — yəni ifa və dərs təqdimatı ilə qiymətləndirilir. Finlandiyada müəllimlərin fəaliyyətinə dair qiymətləndirmə məktəb rəhbərliyi, həmkar rəyləri, şagird nəticələri və dərs müşahidələri əsasında aparılır. Test və ya şifahi imtahan isə yalnız bu prosesin kiçik bir hissəsini təşkil edir. Azərbaycanın hazırkı attestasiya sistemində isə musiqi müəllimləri əsasən test və şifahi imtahanla qiymətləndirilir. Hər iki formatın spesifik çatışmazlıqları var. Testlər çox zaman nəzəri bilikləri ölçür, lakin musiqi müəllimi üçün vacib olan praktiki bacarıqlar (intonasiya, musiqi alətində ifa, ritm duyumu, şagirdlərlə praktiki məşğələ qurmaq bacarığı və s.) bu üsulla qiymətləndirilə bilməz. Şifahi imtahanlarda isə obyektivlik problemi ortaya çıxır – cavabın necə qiymətləndirildiyi, hansı meyar əsasında bal verildiyi və bunun nə qədər şəffaf olduğu ciddi suallar doğurur. Bu da müəllimlərdə haqlı narazılıq yaradır və nəticədə qiymətləndirmənin legitimliyi sarsılır”.

K.Əsədov hesab edir ki, attestasiyanın düzgün təşkili, yalnız qiymətləndirmə metodikası ilə deyil, həm də sosial ədalət prinsiplərinə söykənməlidir. Müəllimə əvvəlcədən hazırlıq imkanı verilməlidir, qiymətləndirmənin formatı, sualların nümunəsi və meyarları şəffaf şəkildə elan edilməli, nəticələrə etiraz proseduru aydın və əlçatan olmalıdır. Əgər müəllim imtahandan keçə bilmirsə, ona dərhal işdən çıxarılmaq yox, yenidən hazırlaşmaq və növbəti mərhələdə iştirak etmək hüququ tanınmalıdır. Çünki əsas məqsəd müəllimi sistemdən uzaqlaşdırmaq yox, onu sistemin ehtiyaclarına uyğun şəkildə inkişaf etdirmək olmalıdır:
 “Attestasiya sisteminin müsbət tərəfi odur ki, bu, müəllimlərin peşəkar səviyyəsinin artırılması üçün bir stimuldur. Lakin bu stimullaşdırma qeyri-şəffaflıq, qorxu və sosial ədalətsizliklə müşayiət olunarsa, əks effekt verir – müəllim motivasiyasını itirir, sistemdən uzaqlaşır və təhsil keyfiyyəti aşağı düşür. Ən böyük təhlükə isə ondan ibarətdir ki, bu yanaşma pedaqoji sahəyə yeni gəlmək istəyən gəncləri də ruhdan salır. Yəni problem təkcə mövcud müəllimlərin taleyi ilə məhdudlaşmır, gələcək nəsil müəllimlərin sistemə münasibətini də formalaşdırır. Hazırkı vəziyyət onu göstərir ki, musiqi müəllimlərinə tətbiq edilən attestasiya formatı və nəticələrin hüquqi tətbiqi (işdən çıxarma) sistemli surətdə yenidən baxılmalı, musiqi fənninin spesifikasına uyğun qiymətləndirmə modeli hazırlanmalı və müəllimlərə alternativ – inkişaf yönümlü dəstək proqramları təklif edilməlidir. Əks halda, bu proses sadəcə selektiv xarakter daşıyacaq və təhsil sisteminin keyfiyyətinə zərər verəcək”.