- "Hamı İT-yə axışır, amma 4 il sonra nə olacaq?"
- "Bu günün tələbatı sabah keçərli olmayacaq”
Builki qəbul imtahanlarında ən gərgin mübarizə və ən böyük müsabiqə I ixtisas qrupunda oldu. Rəsmi məlumata görə, ümumilikdə 20150 plan yerinə qarşı 28924 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq etmişdi. Bu isə o demək idi ki, digər ixtisas qruplarına nisbətən ən çox abituriyent - 8774 nəfər məhz I ixtisas qrupunda müsabiqədən kənarda qalacaq.
Niyə I ixtisas qrupuna maraq bu qədər böyükdür? Cavab sadədir; I ixtisas qrupunda uzun illərdir ən aşağı keçid balı müəyyənləşir. Xalqımızın böyük qisminin “diplom həvəsi” hələ keçmədiyindən keçid balı aşağı olur deyə, məhz I ixtisas qrupuna üz tuturlar. Amma nəzərə alaq ki bu ixtisas qrupu təkcə 200-dən aşağı bal toplayanların “sevimli məkanı” deyil. Bu ixtisas qrupunu riyaziyyat, fizika, kimya kimi dərin fənləri əla bilənlər və hətta 600-dən yuxarı bal toplayanlar da seçir. Ona görə də güclülərlə zəiflər eyni müstəvidə qarşılaşır. Builki qəbul imtahanlarında yüksək bal toplayanların böyük əksəriyyətinin informasiya texnologiyalarını seçməsi də analiz ediləcək mövzudur. Son illər dünyada informasiya texnologiyalarının, rəqəmsallaşmanın, süni intellektin, roboto-texnikanın inkişafı gəncləri bu sahəyə yönəldir. Biz, həm də “küyə gedən” xalqıq. Birisinin çıxıb “hazırda informasiya-texnologiyaları sahəsi inkişaf edir, kadr tələbatı var” deməsi, əksəriyyətin bu sahəyə yönlənməsi üçün kifayət edir. Və bu da maraqlıdır ki hazırda ölkənin demık olar əksər ali məktəblərində informasiya texnologiyaları ixtisası tədris olunur. Yəni, dəbdir. Təsəvvür edin, Azərbaycan Diplomatik Akademiyası başda olmaqla, Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (əvvəlki Neft Akademiyası), İqtisad Universiteti, Texniki Universitet, Mühəndislik Universiteti, Sumqayıt, Gəncə universitetləri, UNEC-in Zaqatala filialı... Hələ əsasən başqa ixtisaslarda təhsil alanların sonradan magistratura seçimində informasiya texnologiyalarını seçməsi... Demək, elliklə informasiya texnolçogiyalarına üz tutmuşuq.
Amma, məsələn, nə qədər kadra ehtiyac var, hesablama aparılıbmı, əmək bazarının tələbatı öyrənilibmi? Gənclər bu ixtisas üzrə iş tapa biləcəkmi? Bir halda ki süni intellekt həyatın bütün sahələrinə nüfuz edib, insanlar adi məsələləri Sİ-dən soruşur, qadınlarımız az qalır ki xörəyi də robot xanımdan öyrənsin, dünya nəhəngləri məsələləri 1 düymə ilə həll edir, bir düymənin “başında” neçə nəfər əyləşə bilər?
İxtisas seçimi üzrə mütəxəssislər həmçinin bu sualı da açıq qoyur; ölkə ali məktəbləri informasiya texnologiyaları üzrə müasir dövrlə ayaqlaşacaq bilik və bacarıqlar verirmi? Yoxsa gənc daxili ali mıktəbi bitirdikdən sonra təkmilləşmə üçün gərək mütləq hansısa xarici ölkədə təhsilini davam etdirsin? Və hər kəsin buna maddi imkanı çatacaqmı? Məsələ kifayət qədər ciddidir. 
Mövzu ilə bağlı fikirlərini Sherg.az-la bölüşən iqtisadçı Rauf Qarayev bildirdi ki, əksəriyyətin kompüter texnologiyaları, informasiya-kommunikasiya üzrə ixtisasları seçməsi sabah əmək bazarında kadr bolluğu yaradacaq. Bu isə gənclərin iş tapmasını çətinləşdirəcək:
- Yüksək nəticələrlə informasiya texnologiyaları üzrə Azərbaycanın müxtəlif ali məktəblərinə qəbul olunanlar çoxdur. 600-697 bal arası nəticə göstərmiş tələbələrin böyük bir qismi informasiya texnologiyaları sahələrini seçir. Məsələ burasındadır ki, onlar 4 ildən sonra bazar tapa biləcəklərmi işləməyə? Məsələyə dünyəvi baxımdan baxsaq bu sahələr getdikcə tələbatlı olacaq. Bazar bu sahəyə doğru genişlənir - süni intelekt, robotlaşma və s. Amma düşündürücü həm də budur ki, Azərbaycanda bu sahə ilə bağlı bilik və bacarıqlar nə yerdədir? Bu sahə üzrə müəllimlərin bilikləri müasir zamana uyğundurmu? Onların yetişdirdiyi tələbələr bazarın tələblərinə cavab vercəkmi? Yoxsa bu tələbələrin bilikləri 4 ildən sonra heç kəsə lazım olmayacaq? Hazırda Azərbaycandan bu sahə üzrə müxtəlif ölkələrdə dövlət proqramı ilə oxuyan tələbələr var. Onların geri dönüş və özünü təsdiqlə ehtimalı neçə faizdir? Ölkədə bunun üçün kifayət qədər laboratoriya varmı? İş yerləri, yüsək texnologiyalara əsaslanan zavodlar varsa da, nə qədərdir? Hesab edirəm ki, bu sahəni seçən tələbələr bazarın gedişatına diqqət yetirməlidir. Ölkə ali məktəblərində bu sahə üzrə təhsil alanlar, məsələn, Cənubi Koreyada dövlət hesabına oxyan tələbə ilə rəqabət apara biləcəkmi? Əgər apara bilməsə, o halda o biliyini mükəmməl etmək üçün əlavə vəsait xərcləməli olacaq və ya özünə uyğun olmayan sahədə çalışmalı olacaq. Bir çoxları mənə deyir; 4 il bakalavr + 2 il magistr təhsil alıb işsiz qalırıq. Səbəb də təcrübəmizin olmamasıdır. Sonda məcbur olub ölkəni tərk edirik. Bəs bu təcrübəni haradan qazanaq? Əslində iş mühiti haqqında artıq ali təhsil ocağına qəbul olunan vaxt düşünmək lazımdır. 6 ildən sonra yox. Çünki bazar daim yenilənir. Hətta 6 ildə əldə etdiyin bilik sonradan sənə lazım olmaya bilər. Çünki bazar yerində dayanmır. İş mühitinə daxil olduqda bunu asanlıqla görmək olur. Ona görə bu gün 697 bal yığan, 4 ildən sonra işsiz kimi məşğulluqda qeydiyyatdan keçə bilər. Gələcəyi düzgün proqnozlaşdırmaq da xüsusi bacarıq tələb edir. Hazırkı tələbatı nəzərə alıb yaxın gələcəyə fokslanmaqansa uzaq gələcəyi düşünmək lazımdır.