Məktəb direktorları da sertifikasiyadan keçsin! - Təhsil eksperti

  • Direktor və müavinlər hər 5 ildən bir yoxlanılmalıdır

Müəllimlərin sertifikatlaşdırılması təhsil sistemində ən mühüm islahatlardan biri kimi təqdim olunur. Bu prosesin əsas məqsədi müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, təhsilin keyfiyyətini yüksəltmək və əməkhaqqı sistemində differensial yanaşmanı təmin etməkdir. Lakin təhsil ictimaiyyətində getdikcə daha çox səslənən bir sual var: əgər məktəbdə keyfiyyətin təmin olunması üçün müəllimlər mütəmadi qiymətləndirilirsə, bəs təhsil müəssisəsinin idarə olunmasına cavabdeh olan direktorlar niyə bu prosesdən kənarda qalırlar?

Ekspertlərin fikrincə, məktəb rəhbərlərinin fəaliyyətinin dövri qiymətləndirilməsi mexanizminin olmaması həm sistemdə qeyri-bərabərlik yaradır, həm də idarəetmədə mövcud problemlərin aradan qaldırılmasını çətinləşdirir. Bu baxımdan, direktorların da sertifikatlaşdırılması məsələsi təhsil sahəsində növbəti islahat mövzularından birinə çevrilib.

Mövzunu şərh edən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, müəllimlər üçün keçirilən sertifikasiya prosesi təhsilin keyfiyyətinin yüksəldilməsində və müəllimlərin peşəkar inkişafında böyük rol oynayır. Lakin ekspert hesab edir ki, təhsil sisteminin əsas hərəkətverici qüvvəsi olan məktəb rəhbərlərinin bu prosesdən kənarda qalması qəbul edilən deyil və islahatların tamlığına kölgə salır. Təhsilin keyfiyyətinin təkcə sinif otaqlarında müəllimlərin fəaliyyətindən yox, həm də həmin təhsil müəssisəsinin idarəetmə səviyyəsindən birbaşa asılı olduğunu deyən ekspert, müəllimdən inkişaf tələb olunduğu halda, onu idarə edən rəhbər heyətin də eyni dərəcədə, bəlkə də daha artıq məsuliyyət daşımalı olduğunu qeyd edib. Bu səbəbdən Əmrah Həsənli Azərbaycanda orta məktəb direktorları və direktor müavinlərinin mütləq şəkildə hər 5 ildən bir sertifikasiyaya cəlb edilməsini təklif edir və bunun məktəb idarəetməsinin sağlamlaşdırılması üçün olduqca vacib addım olduğunu vurğulayıb.

Məktəb rəhbərliyinin sertifikatlaşdırılması məsələsində qabaqcıl beynəlxalq təcrübəyə də toxunan TİHA sədri qeyd edib ki, bu sistem dünya təhsilində artıq sınaqdan keçmiş uğurlu bir modeldir: “Bu gün ABŞ-ın demək olar ki, bütün ştatlarında direktor işləmək üçün dövlət səviyyəsində xüsusi lisenziya tələb olunur və bu lisenziya daimi olmayıb hər 5 ildən bir yenilənir. Eyni zamanda Böyük Britaniyada məktəb rəhbəri olmaq istəyən şəxslərin mütləq şəkildə direktorluq üzrə milli peşəkar kvalifikasiya sertifikatı almalıdır. Sinqapur və Estoniya kimi ölkələrdə də direktorların mütəmadi olaraq idarəetmə, liderlik və təşkilati bacarıqlar üzrə dövlət səviyyəsində ciddi qiymətləndirmədən keçir. 

Rəhbər heyətin 5 ildən bir sertifikatlaşdırılması ölkəmizdə bir neçə mühüm strateji problemi eyni anda həll edə bilər. Bu sistem ilk növbədə direktorların sadəcə inzibati işləri deyil, müasir menecmenti, maliyyə idarəçiliyini və təhsil qanunvericiliyini nə dərəcədə bildiyini yoxlamağa imkan verəcək. Digər tərəfdən, müəllimlər öz rəhbərlərinin də eyni peşəkar sınaqlardan keçdiyini gördükdə prosesə qarşı inam və ədalət prinsipi bərqərar olacaq”.

 Əmrah Həsənli vurğulayıb ki, yaxşı idarə olunmayan məktəbdə keyfiyyətli müəllim yetişdirmək və saxlamaq mümkün olmadığı üçün bu sistem təhsil müəssisələrindəki idarəetmə boşluqlarını tamamilə aradan qaldıracaq:

“Məktəb rəhbərliyinin sadəcə təyinatla əldə olunan status deyil, mütəmadi olaraq sübut edilən peşəkarlıq göstəricisi olmalıdır. Güclü direktor olmadan güclü məktəb və keyfiyyətli təhsil qurmağın qeyri-mümkündür”.