- “İllik plan və icmalların hazırlanması müəllimlər üçün əlavə bürokratik yükə çevrilmişdi. Əksər hallarda bu sənədlər formal xarakter daşıyır, real tədris prosesini tam əks etdirmirdi"
Azərbaycanda müəllimlərin iş yükünün azaldılması istiqamətində yeni addım atılır. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib ki, gələn ildən müəllimlərin illik plan və icmal hazırlamaq öhdəliyinin ləğvi nəzərdə tutulur:
Azərbaycan müəllimləri süni intellektdən ən çox istifadə edənlər sırasındadır. Azərbaycan dünyada birinci yerdə deyil, lakin yuxarı sıralarda qərarlaşıb. Azərbaycan müəllimləri süni intellektdən kifayət qədər geniş istifadə edirlər. Xüsusilə dərslərin planlaşdırılması və hazırlanması prosesində bu alətlərdən aktiv yararlanırlar. Onu da deyim ki, gələn ildən müəllimlərin illik plan və icmallar hazırlamaq öhdəliyinin aradan qaldırılması nəzərdə tutulur. İstəyirik ki, müəllim növbəti ildən etibarən illik planı, icmalı yazmasın. Müəllim vaxtını bu sənədlərin hazırlanmasına deyil, il ərzində hər bir dərsə necə hazırlaşacağına sərf etsin”.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, Vüsal Xanlarovun səsləndirdiyi fikirlər Azərbaycan təhsilində son illərin ən mühüm və inqilabi dəyişikliklərindən biri kimi qiymətləndirilə bilər.
Ekspertin sözlərinə görə, uzun illərdir müəllimlərin əsas problemlərindən biri, əsas giley-güzarı sinifdə dərs keçmək yox, dərsdənkənar vaxtlarının böyük hissəsini müxtəlif sənədləşmə, kağız- kuğuz işlərinə sərf etmələri olub: “İllik plan və icmalların hazırlanması müəllimlər üçün əlavə bürokratik yükə çevrilmişdi. Əksər hallarda bu sənədlər formal xarakter daşıyır, real tədris prosesini tam əks etdirmirdi. Müəllimlər çox zaman yoxlamalardan keçmək və tələb olunan sənədləri təqdim etmək üçün “kopyala-yapışdır” üsulu ilə icmallar hazırlayırdılar. Halbuki yaxşı yazılmış bir icmal heç də sinifdə yüksək keyfiyyətli dərsin keçirilməsi anlamına gəlmir”.
Əmrah Həsənli hesab edir ki, gələn ildən illik plan və icmalların ləğvi həm təhsilin keyfiyyətinə, həm də müəllimlərin psixoloji durumuna müsbət təsir göstərəcək: “Bu bürokratik öhdəliyin aradan qaldırılması müəllimləri süni hesabatçılıq və görüntü yaratmaq məcburiyyətindən xilas edəcək. Müəllim artıq diqqətini sənədlərə deyil, birbaşa şagirdlərə, onların fərdi inkişafına və dərsin keyfiyyətinə yönəldə biləcək”.
Ekspert vurğulayıb ki, müasir dövrdə texnologiya və süni intellekt müəllimlərin işini xeyli asanlaşdırır: “Bu gün müəllimlər dərslərin planlaşdırılmasında süni intellekt alətlərindən kifayət qədər fəal istifadə edirlər. Bir neçə saniyə ərzində hazırlana bilən planları müəllimə saatlarla əllə yazdırmaq zamanın tələblərinə uyğun deyil. Texnologiya müəllimin işini çətinləşdirmək üçün deyil, onu asanlaşdırmaq və daha səmərəli etmək üçün mövcuddur”.
Onun fikrincə, icmal yazılmasına sərf olunan vaxtın daha məhsuldar fəaliyyətlərə yönəldilməsi mümkündür: “Qazanılan vaxt interaktiv dərs metodlarının tətbiqinə, fərdi yanaşma tələb edən şagirdlərlə işləməyə, yeni tədris üsullarının hazırlanmasına və dərslərin daha maraqlı təşkilinə sərf oluna bilər. Bunun nəticəsində tədrisin keyfiyyəti də yüksələcək”.
Əmrah Həsənli qeyd edib ki, bu dəyişiklik müəllimin cəmiyyətdəki roluna və peşə nüfuzuna da müsbət təsir göstərəcək: “Müəllim özünü sadəcə sənəd hazırlayan bir kargüzar və ya arxiv işçisi kimi deyil, yaradıcı düşünən, gələcək nəsli formalaşdıran peşəkar mütəxəssis kimi hiss etməlidir. Üzərindən gərəksiz bürokratik yük götürülən, daha sərbəst və motivasiyalı müəllim sinfə daha yüksək enerji və yaradıcılıqla daxil olacaq”.
Ekspert hesab edir ki, müəllimin əsas vəzifəsi sənəd tərtib etmək deyil, şəxsiyyət və insan yetişdirməkdir:
“Bu qərarın icrası da dərslərin sadəcə keçirilməsi üçün deyil, şagirdlər tərəfindən həqiqətən də mənimsənilməsi üçün yeni bir mərhələnin başlanğıcı ola bilər.
Ümid edirəm ki, bu yanaşma tezliklə real tətbiqini tapacaq və məktəblərimizdə bu kağız üzərindəki uğurlardan canlı sinif otaqlarındakı real uğurlara keçidi sürətləndirəcək”.