Oxuyub-yazmağı bacarmayanlar var:"“Funksional savadsızlıq”...”

Ölkəmizdə 9-11-ci sinif şagirdləri arasında oxuyub-yazmağı bacarmayanlar var. Bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat yer alıb. Qeyd edilib ki, 9 və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 34 nəfərdir. 9-cu siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir:

Bərdə rayonunda 4 nəfər, Bakı şəhərində 3 nəfər, Goranboyda 3 nəfər, Gədəbəy, Göygöl, Lənkəran, Lerik, Sabirabad, Şəki və Yardımlı rayonlarının hərəsində 2 nəfər, Ağdaş, Ağsu, Astara, İsmayıllı, Kəlbəcər, Masallı, Oğuz, Qazax, Salyan və Şəmkir rayonlarının hərəsində 1 nəfər. 11-ci siniflər üzrə belə hallara yalnız Gəncə şəhərində və Kəlbəcər rayonunda (hərəsində 1 nəfər) rast gəlinib.

Sözügedən rəqəmlər barədə fikirlərini “Sherg.az”la bölüşən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, təhsildə belə savadsızlığa “funksional savadsızlıq” deyilir:

“ “Funksional savadsızlıq” sovet dövründə də olub. Səbəb isə insanların maddi durumunun aşağı olması idi. Pandemiya dövrünə qədər “Funksional savadsızlıq”la bağlı hansısa məlumat əldə etməmişəm. İndi valideynlər ayıq-sayıqdırlar, övladlarını oxutmaq üçün səylə çalışırlar, yeri gəlsə, pul xərcləyirlər. Yəqin ki, sözügedən rəqəmlər pandemiya dövrü ilə bağlıdır. Bunun da obyektiv səbəbləri var. Birincisi, məhz pandemiya ilə əlaqəlidir. Koronavirusun gətirdiyi bəlalardan biri də odur ki, insanlar özlərinə iş-güc tapmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. İkinci səbəb isə valideyn və yaxud məktəb rəhbərliyinin səhlənkarlığıdır. İstəməzdim ki, sözügedən məqamı “Funksional savadsızlıq” adlandırsınlar. Düşünürəm ki, əlimizdəki metod və imkanlardan istifadə edib, pandemiya dövründə itirdiklərimizi qısa müddətdə əldə etmək imkanımız olsun. Ümid edirəm ki, bu istiqamətdə gec-tez addımlar atılacaq. Hələ ki, pandemiya ilə mübarizə gedir, ona görə də tezliklə optimist halın olacağına inanmıram”.