Tələbələr üçün təcrübəyə başlamaq üçün ən uyğun vaxt açıqlandı

Tələbələrin peşəkar təcrübə proqramlarına qoşulması üçün ən uyğun mərhələ ikinci kurs hesab olunur. Bu dövrdə onlar artıq ixtisas üzrə əsas bilik və bacarıqlara yiyələnir, eyni zamanda məzuniyyətə qədər kifayət qədər vaxt qaldığından şirkətlər onların inkişafını yaxından izləyə və gələcək əməkdaşlıq üçün qiymətləndirə bilirlər.

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, birinci kursda əsas diqqət tələbələrin peşə mühiti ilə tanış olmasına yönəldilməlidir. Bu mərhələdə ekskursiyalar, karyera tədbirləri və maarifləndirici görüşlər daha faydalıdır, çünki tələbələr hələ universitet həyatına və yeni təhsil sisteminə uyğunlaşma prosesində olurlar.

İkinci kursdan etibarən isə onlar real layihələrdə iştirak edə, iş mühitini yaxından tanıya və praktik bacarıqlarını inkişaf etdirə bilərlər. Sonrakı kurslarda ödənişli təcrübə proqramları və daha məsuliyyətli layihələrə cəlb olunmaları məqsədəuyğun sayılır.

Məzuniyyətə yaxın dövrdə isə şirkətlər daha çox birbaşa işə qəbul prosesinə üstünlük verirlər. Bu mərhələdə uğurlu tələbələr artıq müxtəlif iş imkanlarına sahib olduqları üçün işəgötürənlər arasında rəqabət daha yüksək olur.

Ümumilikdə, tövsiyə olunur ki, şirkətlər tələbələrlə əlaqəni erkən mərhələdə qursun, əvvəlcə onları peşə ilə tanış etsin, daha sonra təcrübə və inkişaf proqramlarına cəlb etsin, sonda isə uğurlu namizədlərə daimi iş imkanı təqdim etsinlər. Bu yanaşma həm gənclərin peşəkar inkişafına, həm də şirkətlərin perspektivli kadrlar qazanmasına şərait yaradır.