İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Ona görə də insanların "hərşeyşünas" olmasına deyil, konkret bir sahə üzrə ixtisaslaşmasına çalışmalıyıq
XXI əsr dünyada yeni elmi inqilab və texnoloji inkişaf çağı hesab olunur. Dünya ölkələrinin iqtisadi inkişafını hesabatlarında açıqlayan beynəlxalq təşkilatlar tərəqqini şərtləndirən informasiya texnologiyalarından istifadənin yaratdığı səmərəni də qeyd edirlər. Beynəlxalq aləmdə nüfuzu yüksələn, texnoloji mübarizə yüzilliyi olan XXI əsrin çağırışlarına uğurları ilə cavab verən ölkəmizin əsas hədəflərindən biri də ən müasir texnologiyaların respublikamıza gətirilməsidir. Kosmik sənaye sahəsində çalışacaq mütəxəssislərin hazırlığının diqqətdə saxlanılması, ümumtəhsil müəssisələrində informasiya texnologiyaları üzrə fənnin tədrisində əyani vəsaitlərdən istifadə, informatika kabinələrinin yaradılması və digər çoxsaylı layihələr Azərbaycanda informasiya texnologiyalarının tətbiqinə göstərilən diqqətdir. Ölkəmizin orta və ali təhsil müəssisələrində yaradılmış kompüter otaqlarında ən müasir informasiya texnologiyaları vasitələri gənclərin istifadəsindədir. Dünyada müasir dövrün tələblərinə uyğun olaraq meydana çıxan innovativ yeniliklər, mütərəqqi təcrübələr və müsbət təcrübələr Azərbaycanda tətbiq edilməlidir.
Bakıda yeni yaradılacaq Türkiyə-Azərbaycan Universitetinin də ali təhsilə fərqli bir perspektiv gətirəcəyi, təhsil ocağında yeni texnologiyaların, innovasiyaların tətbiq olunacağı, fəaliyyət sahələri arasında informatikanın olacağı vurğulandı. Universitetin fərqli universitetlərin müxtəlif proqramlarını eyni dam altında birləşdirən “yeni nəsil” ali təhsil ocağı olacağı söyləndi. Həmçinin qeyd olundu k, xarici universitetlərin də istifadəsinə verilən tədris müəssisəsində Sorbon və ya Yel universitetlərinin proqramları əsasında təhsil vermək mümkün olacaq. Yəni həmin universitetlər istəsələr, sistemdə iştirak edə biləcəklər. Türkiyə-Azərbaycan Universitetində tədris ilk mərhələdə ingilis və türk dilində aparılacaq. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib ki, hazırda Azərbaycan və Türkiyənin bir çox ali təhsil müəssisələri arasında əməkdaşlıq mövcuddur. Bu layihədə iştirak edəcək universitetlər də reytinqli ali təhsil müəssisələri olacaq. Müşavir qeyd edib ki, ilkin mərhələdə Türkiyə-Azərbaycan Universitetində bakalavr pilləsi üzrə tələbə qəbulunun aparılması nəzərdə tutulur. Ortaq universitet Türkiyənin ən nüfuzlu universitetlərini və ən yaxşı proqramlarını Bakıda bir araya gətirəcək. Daha əvvəl oxşar məqsədlər üçün yaradılmış Qırğızıstan-Türkiyə Manas Universiteti və Ahmet Yesevi Universitetindən fərqli bir model olacaq. İnzibati və maliyyə işləri Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin tərəfində olacaq.
Neçə proqram və neçə tələbənin təhsilə qəbul olunacağına yaxın günlərdə Azərbaycan tərəfi ilə görüşdə aydınlıq gətiriləcək. O da bildirilib ki, Türkiyədə akademik biliklər qardaş Azərbaycana, bütün regiona və dünyaya ötürüləcək. “Universitet üçün maddi-texniki tələblər (torpaq, binalar, laboratoriyalar, avadanlıq və digər maliyyə xərcləri) Azərbaycan tərəfindən təmin edilir; akademik məsələlər (təhsil proqramları, tələbələrin müvəffəqiyyət səviyyələrinin qiymətləndirilməsi və s.) Türkiyə tərəfindən təmin ediləcək. Rektor və prorektorların necə seçiləcəyi və meyarların hansı olacağına qəyyumlar şurası qərar verəcək. Qeyd edək ki, fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” da imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar. Azərbaycan Türkiyə ilə texnologiya sahəsində ciddi əməkdaşlıqlar edir. Bu baxımdan yeni yaradılan universitetdə müasir texnologiyaları gələcəkdə istehsal edəcək, onları yaradacaq gənclərin, ixtisaslı kadrların yetişdirilməsi üçün fürsətlər yaranacaq. Bu, Azərbaycan və Türkiyə birliyini gələcəkdə daha da gücləndirəcək. Bu universitet gələcəkdə regionumuz, dünyamız üçün də bir nümunə olacaq. Tələbə, professor-müəllim mübadiləsi, birgə tədqiqatlar, innovativ layihələr ilə hər iki ölkə üçün qarşılıqlı faydalı ali təhsil təcrübəsi formalaşacaq.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov "Sherg.az"a açıqlamasında bildirib ki, dünyada bütün sahələr, istər sənayenin, istərsə də cəmiyyətin tərəqqisi artıq informasiya texnologiyaları müstəvisində inkişaf edir. İKT üzrə mütəxəssis vurğulayıb ki, yeni insan resurslarının, yeni insan kapitallarının müasir tələblərlə yetişdirilməsi, hazırlanması tələb olunur:
"Dünyanın müxtəlif ölkələrində fərqli təhsil modelləri var. Təbii ki, ən yaxşı və mükəmməl modeli gətirib ölkəmizdə tətbiq edə bilmərik. Çünki təhsil elə bir modeldir ki, ilk növbədə cəmiyyət həmin modelə hazırlaşdırılmalıdır. Azərbaycanda təhsil modellərinin çoxu sovetdən qalma ənənələrlə hərəkət edir. Hazırda inkişaf etmiş ölkələrdə təhsil müddətinin saatları azaldılıb, metodlar dəyişdirilib. Universitetlərdə yeni metodikalar tətbiq olunur. Həmin metodların hər biri öz cəmiyyətlərinə uyğundur. İndi operativlik qısamüddətli, sürətləndirilmiş, insanları bezdirməyən tədrislərdir. Tədris uzun-uzadı mühazirələr dinləməklə yox, daha çox təcrübələr əsasında aparılır. Bəzən hansısa universitetdə 4 il oxumuş bir tələbə təcrübəyə gələndə adi kursun 2-3 ay ərzində yetişdirdiyi insanlar səviyyəsində belə olmadığını görürük. Yəni kursdakı yoldaş 4 il universitetdə oxumuş tələbədən daha çox bilgilərə sahib olur. Dünya artıq tələb edir ki, tədrisin modeli dəyişməlidir. Əlavə bilgilər azaldılmalıdır. Bəzən universitetdə aldığımız hər hansı məlumat həmin sahədə çalışmadığımız üçün sadəcə fundamental məlumat olaraq qalır və bir müddət sonra yaddaşdan çıxır, xatırlanmır. Ona görə də insanların "hərşeyşünas" olmasına deyil, konkret bir sahə üzrə ixtisaslaşmasına çalışmalıyıq. Çünki dünya bunu tələb edir. Dünya "hərşeyşünas"ları qəbul etmir".
E.Abbasov vurğulayıb ki, sahəvi metodların qısamüddətli, sürətləndirilmiş şəkildə tədris olunması, daha çox təcrübəyə dayanan tədris metodlarına üstünlük verilməsi faydalı olmaqla yanaşı, həm də günün tələbi, çağırışıdır:
"Bütün sahələr üzrə - istər tibb, istər mühəndislik, istər ekologiya - fərq etməz, hamısı informasiya texnologiyaları bilgilərini tələb edir. Hər sahə üzrə rəqəmsal səriştələr tələb olunur. Dövrün tələbidir ki, artıq informatika sahəsi ana dilimiz kimi fundamental əhəmiyyət daşıyır. İnformasiya dərslərinin də modifikasiya olunması lazımdır. Yəni dünya təcrübələrini gətirməzdən öncə təhlillər aparılmalıdır, sorğular keçirilməlidir. Bilək ki, cəmiyyətimiz, gənclərimiz bu metodikaya nə qədər hazırdır? Əgər hazır deyiliksə, kənardan gətirdiyimiz metodun faydalarını, müsbət nəticələrini görməyəcəyik. Tədrisimiz həmin metodlara cavab verməlidir. Cəmiyyətə uyğun tədris metodu ilə işləməliyik. Sadəcə model inteqrasiyası ilə məşğul olmamalıyıq".