Osman Gündüz: 4SİM sektorda hələlik daha aktiv görsənir

Süni intellektin inkişafı ilə əlaqəli hər hansı konseptual sənəd ortada yoxdur


Süni intellekt sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı müəyyənləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişikliyə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həm də rəqəmsal inkişaf və süni intellekt sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olacaq. İmzalanan fərmanla süni intellekt sahəsində tənzimləmə RİNN-ə həvalə olunur.

 Süni intellekt sahələrində dövlət siyasətinə və tənzimləməsinə nəzarətin RİNN-ə həvalə edilməsiylə bağlı münasibət bildirən Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz fikrini belə izah edib: 
- Xatırladıram ki, hazırda süni intellektlə bağlı ölkədə iki qurum, RİNN tərəfindən yaradılan Azərbaycan Süni İntellekt Laboratoriyası və Prezident tərəfindən İN tabeliyində yaradılan “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (4SİM) fəaliyyət göstərir. Ədalət naminə qeyd etmək lazımdır ki, 4SİM sektorda hələlik daha aktiv görsənir. Hələlik süni intellektin inkişafı ilə əlaqəli hər hansı konseptual sənəd ortada yoxdur. Baxmayaraq ki, hər iki qurum belə bir sənəd layihəsinin hazırlandığını elan ediblər. Eyni zamanda süni intellektin inkişafı üçün hamının bəhrələnə biləcəyi Superkompüter Mərkəzi də ölkəmizdə hələlik yaradılmayıb. Ümid edək bundan sonra RİNN süni intellekt sahəsində səylərini daha da gücləndirəcək. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, yuxarıda adıçəkilən Fərman əsasında RİNN-in İKT, rəqəmsal hökumət və nəqliyyat sahəsində də səlahiyyətləri xeyli genişləndirilib və dəqiqləşdirilib. RİNN səlahiyyətləri xeyli artıb. 
Xatırladaq ki, noyabr ayının əvvəlində Prezident İlham Əliyev AZCON -   Azərbaycan Nəqliyyat və Kommunikasiya  Holdinqinin yaradılmasıyla bağlı Fərman imzalayıb. Fərmanda məqsəd olaraq nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin yüksəldilməsi, çevik idarəetmə sisteminin qurulması qeyd edilir. 

Osman Gündüzün fikrincə, bunu səmərəlilik və rəqabətə davamlılıq baxımından sektorda daha münbit mühit yaratmaq üçün atılan addımı uğurlu hesab etmək olar: 
- Sözügedən fərmanla bir neçə dövlət müəssisəsi, həmçinin RİNN-in tabeliyində olan qurumların bir çoxu Holdinqin tərkibinə verilib. Güman ki, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün, gəlir gətirməsi üçün hökumət effektiv mexanizmlər hazırlamağı nəzərdə tutur. Düşünmək olar ki, hökumət bu qurumlara gələcəkdə nəinki subsidiyalar vermək, əksinə, onların hesabına büdcə gəlirlərini artırmağı hədəfləyir.