Mütəxəssis: Azərbaycanda süni intellektin tətbiq sahələri artmaqdadır

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC TR 24028:2024 “İnformasiya texnologiyaları - Süni intellekt - Süni intellektin etimadı doğrultmasına dair icmal” və AZS ISO/IEC TR 24372:2024 “İnformasiya texnologiyaları - Süni intellekt (Sİ) - Sİ sistemləri üçün hesablama yanaşmalarının icmalı” dövlət standartları qəbul edilib.
Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.
Sözügedən dövlət standartları Sİ sistemlərinin etimadı doğrultma mövzularını, o cümlədən bu sistemlərin əsas hesablama xüsusiyyətlərini, onlarda istifadə olunan vacib alqoritmlər və yanaşmaları müəyyən edir.
Yeni dövlət standartlarının tətbiqində məqsəd Sİ sistemlərinin müxtəlif platformalar və sahələrdə düzgün işləməsi üçün ümumi qaydalar və təlimatların yaradılmasını, həmçinin qarşılıqlı şəkildə işləməsini təmin etməkdir.
Qeyd edək ki, yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 05) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, Süni intellekt (Sİ/ Aİ) insan zəkasının funksiyalarını kompüter sistemləri tərəfindən təqlid edən texnologiyadır:

“Bu texnologiya maşınların öyrənmə, məntiqi nəticə çıxarma, problem həll etmə və qərar qəbul etmə kimi qabiliyyətlərə sahib olmasını təmin edir. Azərbaycanda süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib. Bu standartlar süni intellekt sistemlərinin müxtəlif platformalarda düzgün işləməsi üçün ümumi qaydalar və təlimatların yaradılmasını, həmçinin qarşılıqlı şəkildə işləməsini təmin etməyi hədəfləyir. Bu standartlar Sİ sistemlərinin etibarlılığı, əsas hesablama xüsusiyyətləri, istifadə olunan alqoritmlər və yanaşmaları müəyyən edir. Azərbaycanda süni intellektin tətbiq sahələri artmaqdadır. Müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə və biznesdə süni intellekt texnologiyalarının istifadəsi genişlənir. Məsələn, “Coursera” platformasında azərbaycanlı istifadəçilərin süni intellekt kurslarına marağı son bir ildə 7 dəfə artıb. Ümumilikdə, Azərbaycanda süni intellektin inkişafı və tətbiqi istiqamətində mühüm addımlar atılır və bu sahədə fəaliyyətlər genişlənir”.