İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Qısa zaman çərçivəsində görülən iş nəhəngdir
“Onlayn Azərbaycan” meqalayihəsinin yekun hesabat tədbiri keçirilib. Tədbirdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru Şahin Babayev, “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) regional direktoru Natalia Moçu, eləcə də tənzimləyici qurumların nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində layihənin icrası, əldə olunan nəticələr və gələcək perspektivlər haqqında geniş məlumat verilib.
Açılış nitqi ilə çıxış edən Şahin Babayev bildirib ki, “Onlayn Azərbaycan” layihəsi ölkənin bütün ərazilərində həm biznes, həm də ev təsərrüfatlarının müasir texnologiyalar vasitəsilə yüksəksürətli, sabit genişzolaqlı internetlə təmin olunmasını hədəfləyirdi. Bir çox tərəfdaşların birgə səyləri nəticəsində ölkədə genişzolaqlı internet şəbəkəsinin qurulmasına nail olduq. Mürəkkəb struktur və strateji əhəmiyyətə malik layihə mərhələli şəkildə icra edildi. Son 4 il ərzində ölkədə sabit genişzolaqlı yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatdı, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edildi. Bu layihə internet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji addımlardan biri oldu.
Qeyd edilib ki, “Onlayn Azərbaycan” layihəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə “Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində icra olunub. Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən bu göstərici 66 Mbit/s-ni keçib.
“Onlayn Azərbaycan” layihəsinin yekunu haqqında “Sherg.az"a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, qısa zaman çərçivəsində görülən iş nəhəngdir:
"“Aztelekom" layihənin uğurla başa çatdırıldığını, ölkənin ən ucqar ərazilərində də keyfiyyətli internetə əlçatanlığın təmin edildiyini diqqətə çatdırıb. Hazırda sabit genişzolaqlı internet istifadəçi sayının 3 milyona çatdırıldığı bildirilib. Təxminən 15-20 il olardı ki, ölkədə bu problem vardı. Xatırladıram ki, 10 il öncə, 2014-cü ildə hökumət bu problemin həlli üçün Dövlət Neft Fondunun büdcəsində 0.5 milyard manat nəzərdə tutmuşdu. Hansı ki sonralar hökumət müxtəlif səbəblərdən bu pulu Nazirliyə verməkdən imtina etdi. Amma problem də həll edilməmiş qaldı.
İndi görünən budur ki, Nazirlik, "Aztelekom" dövlət-özəl tərəfdaşlıqla daha az xərcləməklə ölkənin bu nəhəng problemini birdəfəlik həll ediblər.
İndi ən ucqar ərazilərdə də ev təsərrüfatları və biznes üçün, təhsil, mədəniyyət və sosial müəssisələr üçün keyfiyyətli internetə əlçatanlıq yaradılıb.
Bu cür nəhəng işin reallaşmasına görə nazir Rəşad Nəbiyevin, "Aztelekom" komandasının, layihədə iştirak edən partnyorlar və provayderlərin, vendorlar və digər əməyi keçənlərin fəaliyyəti çox təqdirəlayiqdir.
Əlbəttə, belə nəhəng layihənin reallaşmasında çatışmazlıqlar, risklər və problemlər də qaçılmazdır. Xüsusilə də bugünkü təqdimatda da qeyd etdiyim kimi, internetin əlçatanlığında infrastrukturla yanaşı 2-ci vacib faktor olan qiymət məsələsi mühüm əhəmiyyət kəsb edir. Antiinhisarın da qeyd etdiyi kimi, hələlik ölkədə internet qiymətləri ilə bağlı vətəndaşların seçim imkanlarında problemlər var. Ötən ilin 15 avqustunda bütün provayderlər minimal tarifləri eyni anda 25 manat müəyyənləşdiriblər. Xüsusilə də, regionlarda biznesə və adi istifadəçiyə eyni qiymət tətbiqi doğru yanaşma deyil. Eyni zamanda adambaşına düşən milli gəlirlərdə internet xərcinin payı, orta əmək haqlarında internet xərcinin payı da onu göstərir ki, internet qiymətlərində əhaliyə ehtiyaclarına uyğun seçim imkanlarının verilməsi doğru olardı. Digər bir məqam isə "Aztelekom"un bazarda xüsusi çəkisinin hədsiz artması ilə bağlıdır. Aparılan uğurlu "Onlayn Azərbaycan" layihəsi nəticəsində biz həmçinin internet və telekom bazarında daha nəhəng dövlət şirkəti qazanmışıq. Hansı ki bu qurum həm magistrala sahibdir, həm də pərakəndə internet satışını reallaşdırır. Hazırda "Aztelekom" Nazirliyin əlindən alınıb və "AZCON Holdinq"in tərkibinə daxil edilib. "Aztelekom"un "Baktelekom"la birləşməsi də demək olar ki, yekunlaşıb. "Aztelekom" həm də ötən ildən "bəkbon" olaraq fəaliyyət göstərir. Bu baxımdan düşünürəm ki, gələcəkdə rəqabətli mühitin inkişafı baxımından "Aztelekom"un yalnız magistrala sahib olması, pərakəndə internet satışının özəlləşdirilməyə çıxarılması doğru olardı”.
İKTA-nın bu tip məsələlərdə, həm də dövlətə məxsus rabitə şəbəkələrindən istifadənin tənzimlənməsində rolunun artacağına ümid edən O. Gündüz qeyd edib ki, "Onlayn Azərbaycan" layihəsinin uğurla başa çatması ölkədə informasiya cəmiyyətinin formalaşmasına, rəqəmsal transformasiyaya, müxtəlif xidmətlərə, dövlət xidmətlərinə əlçatımlığa, biznesin inkişafına ciddi təkan verəcək.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov da bizimlə söhbətində “Onlayn Azərbaycan” layihəsinin uğurla həyata keçirilməsinin ölkənin rəqəmsal transformasiyası və texnoloji inkişafı baxımından əhəmiyyətli bir addım olduğunu vurğulayıb. Onun sözlərinə görə, son 4 ildə sabit genişzolaqlı, yüksək sürətli internetə çıxış imkanı olan təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb:
“Ölkənin tam internet əhatəsini təmin etməsi rəqəmsal bərabərliyə, eləcə də rəqəmsal iqtisadiyyatın və sosial rifahın artırılmasına böyük töhfə verir.
Bu uğur Azərbaycanın regional və qlobal miqyasda rəqəmsal inkişafını güclü şəkildə irəlilədərək, ölkəni texnoloji sahədə daha da möhkəmləndirir. “Onlayn Azərbaycan” layihəsi kənd və qəsəbələrdə yaşayanlar üçün rəqəmsal bərabərsizliyi aradan qaldırmaqla yanaşı, təhsil, səhiyyə, biznes və dövlət xidmətlərinin daha əlçatan olmasına şərait yaradıb. Yüksək sürətli internet kiçik və orta bizneslərin (KOB) inkişafına, onlayn ticarətin genişlənməsinə və elektron təhsilin tətbiqinə imkan yaradaraq, iqtisadiyyatda yeni iş yerlərinin və innovasiyaların yaranmasına zəmin hazırlayıb.
Bu uğur Azərbaycanı gələcəkdə 5G, ağıllı şəhərlər (smart cities) və Nesnələrin İnterneti (IoT) kimi texnologiyaların tətbiqi üçün hazır vəziyyətə gətirir və rəqəmsal çağda lider mövqe tutmağa təşviq edir. Qısacası, bizneslərin və vətəndaşların onlayn platformalara daha rahat inteqrasiyası üçün tam şərait yaradılıb. Bu göstəricilər Azərbaycanın rəqəmsal ekosisteminin güclənməsinə və rəqəmsal xidmətlərin genişlənməsinə imkan yaradır”.