Türkiyə Təhsil Dərnəyinin (TED) düşüncə quruluşu TEDMEM-in hesabatına görə, Türkiyədə gənclər süni intellektdən yalnız ev tapşırıqları və təqdimat hazırlamaq üçün deyil, dərdlərini bölüşmək, narahatlıq və kədərlərini ifadə etmək üçün də istifadə edirlər.
Sherg.az xəbər verir ki, “Təhsildə Süni İntellekt: Qlobal Tendensiyalar və Türkiyə üçün Siyasət Tövsiyələri” adlı hesabatda gənclərin süni intellektlə emosional bağ qurmasının bir sıra risklər yaratdığı bildirilir.
Hesabatda qeyd olunur ki, Türkiyədə süni intellektdən istifadə edən hər 10 nəfərdən 4-ü 25 yaşdan aşağıdır. Mütəxəssislər əsas risklərdən birinin düşünmə, analiz və yaradıcılıq proseslərinin tədricən süni intellektə həvalə edilməsi, digərinin isə gənclərin emosional ehtiyaclarını texnologiya vasitəsilə qarşılamağa başlaması olduğunu vurğulayırlar.
TEDMEM həmçinin süni intellekt infrastrukturlarının az sayda qlobal şirkətin nəzarətində cəmləşməsinin “rəqəmsal diktatura” və ya “texno-avtoritarizm” riskini artırdığını bildirir.
Hesabatda 17–27 yaş aralığında gənclərlə aparılan qlobal araşdırmaya da istinad edilir. Araşdırmaya görə, gənclərin 61%-i süni intellektin yanlış və ya uydurma məlumatlar yarada bildiyini müəyyənləşdirməkdə çətinlik çəkir.
TEDMEM məktəb məzunları üçün süni intellektdən təhlükəsiz, etik və məsuliyyətli istifadə bacarığını təsdiqləyən “Süni İntellekt Vəsiqəsi” tətbiqini də təklif edir. Hesabatda vurğulanır ki, süni intellekt insanı təqlid edə bilər, lakin onu tam əvəz edə bilməz.