Nobel mükafatlı iqtisadçılardan süni intellekt XƏBƏRDARLIĞI

200-dən çox iqtisadçı və süni intellekt tədqiqatçısı süni intellektin iqtisadiyyat və məşğulluğa təsiri ilə bağlı zəruri hüquqi tənzimləmələrin hazırlanmasına çağırış edib.

Sherg.az xəbər verir ki, Stanford Universitetinin yayımladığı açıq məktubda yaxın 10 il ərzində süni intellektin daha da güclənəcəyi bildirilib. Nobel mükafatlı 16 iqtisadçı, eləcə də Google, OpenAI və Anthropic şirkətlərinin bəzi rəhbərlərinin imzaladığı məktubda qeyd olunur ki, bu proses Sənaye İnqilabından daha böyük, lakin daha qısa müddətdə baş verəcək misli görünməmiş iqtisadi transformasiyaya səbəb ola bilər.

Məktub müəllifləri vurğulayıblar ki, süni intellekt həyat səviyyəsinin yüksəlməsi kimi mühüm imkanlar yaratsa da, genişmiqyaslı iş yerlərinin itirilməsi kimi ciddi risklər də daşıyır.

Sənəddə hökumətlərə çağırış edilərək, süni intellektin insan əməyini tamamlayan və cəmiyyətin rifahına xidmət edən istiqamətdə inkişaf etməsi üçün müvafiq qanunvericilik, stimullaşdırıcı mexanizmlər və institutların yaradılmasının vacibliyi qeyd olunub.