İlk kompüter proqramçılarının qadınlar olduğunu bilirdinizmi? Bu gün texnologiya sahəsi daha çox kişilərlə əlaqələndirilsə də, kompüter proqramlaşdırmasının ilk illərində vəziyyət tam fərqli idi.
Sherg.az xəbər verir ki, 1940-cı illərdə kompüterlərin aparat hissəsini qurmaq ağır mühəndislik işi sayıldığından “kişi işi” hesab olunurdu. Proqram yazmaq isə sadəcə maşına əmrlər daxil etmək kimi görülür və aşağı statuslu ofis işi sayılırdı. Məhz buna görə də 1946-cı ildə yaradılan ilk ümumi təyinatlı elektron kompüter - ENIAC üçün proqramları yazanların hamısı qadınlar idi. Onlar heç bir hazır proqramlaşdırma dili və ya təlimat olmadan kodlaşdırmanı faktiki olaraq sıfırdan yaratmışdılar.
1960-cı illərdə NASA-da da bir çox qadın mürəkkəb orbit hesablamaları aparır və “insan kompüterlər” adlandırılırdı. Lakin zaman keçdikcə şirkətlər proqram təminatının sistemin əsas hissəsi olduğunu və böyük gəlir gətirdiyini anladılar. Beləliklə, sahənin statusu yüksəldi və “proqram mühəndisliyi” anlayışı formalaşdı.
Status artdıqca işə qəbul prosesləri dəyişdi və müxtəlif testlər tətbiq olunmağa başladı. Bu testlər daha çox kişilərin üstünlük qazana biləcəyi meyarlar üzərində quruldu. 1980-ci illərdən sonra isə fərdi kompüterlərin əsasən oğlan uşaqları üçün nəzərdə tutulmuş texniki oyuncaq kimi təqdim edilməsi də qadınların bu sahədən uzaqlaşmasına səbəb oldu.
Nəticədə 1984-cü ildə ABŞ-da kompüter elmləri üzrə qadın məzunların payı 37 faiz olsa da, sonrakı illərdə bu göstərici xeyli azaldı. Bu gün isə dünyada proqramçıların yalnız təxminən 28 faizini qadınlar təşkil edir. Bu tarix göstərir ki, bir sahə aşağı statuslu sayıldıqda qadınların payı yüksək olur, lakin sahə nüfuzlu və gəlirli olduqda qadınların iştirakının azalması tendensiyası ortaya çıxır.