Yaponiya süni intellekt sahəsində ABŞ və Çindən asılılığını azaltmaq niyyətindədir

Yaponiya hökuməti süni intellekt sahəsində ABŞ və Çindən asılılığını azaltmaq məqsədilə yeni beynəlxalq əməkdaşlıq strukturları yaradır. Bu təşəbbüs xüsusilə inkişaf etməkdə olan ölkələri və Avropa İttifaqı üzvlərini əhatə edir.

Oxu.Az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu sahədə Hindistan ilə praktiki razılaşmalar əldə olunub və süni intellekt problemləri üzrə müntəzəm ikitərəfli dialoq sistemi formalaşdırılıb. Hər iki ölkə böyük həcmli informasiya massivlərinin emalı üçün birgə mərkəzlərin yaradılması istiqamətində əməkdaşlıq edəcək.

Yaponiya və Fransa isə iyun ayından etibarən hər iki ölkənin qabaqcıl özəl şirkətlərinin rəhbərlərinin iştirakı ilə süni intellektlə bağlı dialoqa başlayıblar. Tokio hazırda oxşar əlaqələri Malayziya ilə də qurmaqdadır.

Agentliyin qeyd etdiyinə görə, Yaponiya ABŞ rəsmilərinin və korporasiyalarının ən qabaqcıl layihələrə çıxışı məhdudlaşdırmasından narahatdır. Bununla yanaşı, Tokio mühüm məlumatların sızmasından ehtiyat edir və milli dillərdə süni intellekt sistemlərinin yaradılması üçün ciddi səylər göstərmək niyyətindədir.