Bir çox qəsəbədaxili yollar bərbad haldadır - PROBLEM

“Cənab Prezident paytaxtın mərkəzi hissələri istisna olmaqla, digər şəhər və qəsəbələrin yollarının yaxşı vəziyyətdə olmadığını deyərək onların təmirinə diqqət yetirilməsinin vacibliyini qeyd edib”.

Bu fikirləri Sherg.az-a açıqlamasında  “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı bildirib ki, həqiqətən də, çox bərbad vəziyyətdə olan xeyli şəhərdaxili, qəsəbədaxili, rayondaxili yollar, küçələr var:

“Əminəm ki, dövlət başçısının tapşırıq və tövsiyyələrindən sonra bu problemlərin qısa vaxtda həll edilməsi üçün çalışılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bunun üçün dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayrılır. Son dövrlərdə həqiqətən də xeyli yollar çəkilib, təmir edilib. Lakin onların çoxu keyfiyyətsiz salındığına görə bir neçə ilə sıradan çıxır, həm vətəndaşların nazılığına və narahatlığa səbəb olur, həm də dövlət büdcəsinə xeyli ziyan dəyir. Məsələn, asfaltın tərkibinə vurulan bitum bahalı bir maddədir, çox vaxt onu normadan xeyli az vururlar, həmin artıq qalan bitumu kənara satırlar, ya da pulunu hesablayıb götürürlər. Lakin o pulun az bir hisəsini bitum üçün xərcləyirlər ki, bu da yolların qısa vaxtda sıradan çıxmasına gətirib çıxarır.



Ekspert: "Dövlətə zərər vuran, vətəndaşlara narahatlıq yaradan məmurlar cəzalandırılmalıdır"


Agentlik rəhbərliyi bu məsələləri şəffaf və keyfiyyətli şəkildə həll etməlidir. Dövlətə zərər vuran, vətəndaşlara narahatlıq yaradan məmurlar cəzalandırılmalıdır. Yolların dağılmasında digər bir səbəb də normadan 2-3 dəfə çox yüklənmiş yük maşınlarıdır. Bu maşınlar çox baha qiymətə çəkilmiş, təmir olunmuş yolları qısa müddətdə sıradan çıxarır. Bunun qarşısını DYP almalıdır və belə hallarda ciddi cəza tədbirləri və böyük cərimələr tətbiq etməlidir. Ümumiyyətlə, yol infrastrukturu iqtisadi inkişaf üçün də son dərəcə vacibdir və onun yaxşı vəziyyətdə olmasını təmin etmək lazımdır. Ümid edirəm AAYDA bu işin öhdəsindən gələr”.