Beyrut limanına sığınanların köçü ciddi partlayış effekti verir
Avqustun 4-də Livanın paytaxtı Beyrutun dəniz limanında baş vermiş partlayış səbəbindən Beyrutda azı 150 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Partlayış dalğası Beyrutda yüzlərlə binanı dağıdıb və ya zədələyib, 300 mindən çox insan evsiz qalıb.
Partlayış nəticəsində Beyrutda zərərçəkmiş tikililər arasında erməni məhəllələri, o cümlədən Müqəddəs Gevork kilsəsi, Livandakı Ermənistan səfirliyinin binası da var. Ölən ermənilərdən biri Livan “Əl-Kataib” partiyasının baş katibi Nizar Najaryandır. Ümumilikdə, hadisə zamanı 3 erməninin öldüyü, yüzə yaxın yaralının olduğu bildirilir.
Onu da qeyd edək ki, Livan ermənilərin ən çox məskunlaşdığı ölkələrin başında gəlir. Beyrut həm də ASALA terror təşkilatının yarandığı yer kimi yadda qalıb. İndiki durumda Livandan ermənilərin Ermənistana müəyyən sayda köçünün olacağı isə istisna olunmur. Bu fonda qondarma Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Arama zəng edib.
O, Beyrutdakı partlayışa görə 100-150 erməni ailəsinin Livandan Qarabağa köçürülməsini təklif edib. Birinci Aramın təklifə müsbət cavab verdiyi və prosesin detallarının müzakirəsinə başlanıldığı bildirilir. Ekspertlər isə qeyd edir ki, İrəvan Livan ermənilərini Ermənistandan daha çox işğal altındakı Azərbaycan ərazilərinə köçürməyə çalışacaq. Çünki Ermənistanın indiki sosial-iqtisadi vəziyyəti xaricdən yeni şəxslərin cəlbinə imkan vermir. Qarabağa köçürülən ermənilərə isə ilk mərhələdə diaspor yardım edir.
Maraqlıdır ki, BMT və digər beynəlxalq qurumlar buna reaksiya vermirlər. Bu prosesin qarşısı hansı formada alınmalıdır?
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli livanlıların ölkəmizin işğal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama verib:
"Təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti tərəfimizdən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır".
Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktının ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alındığını vurğulayan XİN sözçüsü bildirib ki, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır: "İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasətin həyata keçirilməsidir.
Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.
Ermənistan dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri onun gözlədiyi nəticələri verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azərbaycanlı əhalisi öz evlərinə və mülklərinə geri qayıdacaq və işğalçı Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaqdır”.
Millət vəkili Əziz Ələkbərlinin sözlərinə görə, ermənilər hər fürsətdə öz çirkin niyyətlərini bir az daha artıq həyata keçirməyə cəhd etdiklərindən Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki ermənilərin Qarabağa köçürülməsi bizim üçün təəccüblü bir məlumat deyil. Bunu sadəcə Ermənistanın bu günə qədərki işğalçılıq və terrorçuluq əməllərinin davamı hesab etmək lazımdır: "Azərbaycan XİN-in məsələyə operativ reaksiya verməsi, məsələ ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırması çox yaxşıdır, amma bu, heç nəyi dəyişməyəcək.
Erməni öz çirkin əməllərindən heç vaxt geri durmayıb, bu gün də durmayacaq. Beynəlxalq təşkilatlar da belə hərəkətlərinə görə Ermənistana heç vaxt təzyiq göstərməyib, bundan sonra da göstərməyəcək. Livan, Suriya və s. kimi ölkələrdən Qarabağa ermənilərin köçürülməsinin qarşısını almaq üçün bu ölkələrdə təbliğat işini genişləndirməyin, maarifləndirici iş aparmağın faydalı ola biləcəyi fikri ilə də razı deyiləm.
Ümumiyyətlə, ideoloji mübarizədə ermənilərin arxasınca sürünməkdən qurtarmaq lazımdır, niyə hər dəfə erməni bu və ya digər addımı atmalı, biz isə mütləq ona cavab verməliyik? 32 ildir bu münaqişə davam edir, biz hələ təbliğatdan danışırıq.
Cənab Prezident dəfələrlə deyib ki, müdafiə taktikasından hücum taktikasına keçmək lazımdır. Əgər biz ermənilərə qarşı effektiv ideoloji mübarizə aparmaq istəyiriksə, mütləq bu tarixi münaqişənin mahiyyətini, təfərrüatını, mənşəyini və mərhələlərini, metod və üsullarını, bu gününü və perspektivlərini öyrənən bir Elmi-Strateji Mərkəzə malik olmalıyıq. Başqa yolu yoxdur!".
Livanda 200 mindən çox erməninin yaşadığını xatırladan politoloq Qabil Hüseynlinin sözlərinə görə, ermənilər dünyanın bir çox ölkəsində yaşasa da, Livan onlar üçün çox önəmlidir:
"Bu ölkə, xüsusilə də Beyrut limanı ermənilərin dünyaya açılan qapısı hesab edilir. Ermənilərin Livana gəlişi XIX əsrin sonlarına təsadüf edir. Bu ermənilər Osmanlı sultanı ikinci Əbdülhəmidin dövründə mərkəzi hakimiyyətə vaxtaşırı üsyan etdikləri üçün Şərqi Anadoludan sürgün ediliblər.
Sürgündən sonra ermənilər Yaxın Şərqin bir çox strateji nöqtəsini, eyni zamanda Livanın Beyrut limanını özləri üçün məskən seçiblər. Dünyaca tanınan ASALA terror təşkilatının mərkəzi Beyrut şəhəridir. Təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsi vaxtı Livandan Dağlıq Qarabağa ASALA-nın çoxsaylı militan dəstələri köməyə gəlirdi”.
Politoloqun sözlərinə görə, Beyrutda partlayışdan ən çox zərər çəkənlər yerli ermənilərdir. Onların bir çoxu liman ərazisində yaşayırdı və geniş biznes sahələri vardı:
"Partlayış zamanı evlərini, mülklərini itirən erməniləri rəsmi İrəvan sevə-sevə qarşılamağa hazırdır. Xüsusilə də bu ermənilər ilk növbədə işğal altındakı Dağlıq Qarabağa yerləşdirilə bilər. Məqsəd isə Dağlıq Qarabağda ermənilərin sayını artırmaqdır. Bildiyiniz kimi, orda hazırda 50-60 min erməni qalıb. Lakin Livan ermənilərinin Dağlıq Qarabağa yerləşməsi ümumilikdə o qədər də asan məsələ deyil. Burda bir neçə səbəb var. Birincisi, Azərbaycanın müqaviməti, ikincisi, Dağlıq Qarabağın və ümumiyyətlə Ermənistanın iqtisadi baxımdan regional layihələrdən kənarda qalması, investisiya üçün əlverişsiz olmasıdır. Təsadüfi deyil ki, Ermənistanın özünə investisiya yatırılmır.
Digər ən önəmli məsələ Ermənistanın okeanlara çıxışının olmamasıdır. Livan erməniləri liman şəhərində yaşayırlar və böyük ticari əlaqələri də bunun üzərindən qurublar. Onlar Ermənistanda ərik əkib, Rusiyada satmağa və yaxud turizmin çökdüyü bir vaxtda Dağlıq Qarabağ ermənilərinin yeganə ümid yeri olan turizmə sərmayə qoya bilməzlər. Nəzərə alsaq ki, Qarabağa turist cəlbi də mümkün deyil və Azərbaycan bu cəhdləri ciddi şəkildə bloklayır, onda Livan ermənilərinin Dağlıq Qarabağda yerləşməsi çətin görünür. Amma bütün hallarda, Azərbaycanın bu prosesi diqqətdə saxlaması vacibdir. Bu hal olarsa, Bakı Qarabağ məsələsində daha sərt və güc üzərində köklənən siyasətə üstünlük verməli olacaq".
Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi prosesinin zamanında həyata keçirildiyini vurğulayan politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Livan ermənilərinin yenidən Qarabağa köçürülməsi burada yeni terror qruplaşmasının yaradılmasına gətirib çıxara bilər: “ASALA” terror təşkilatının yenidən dirçəlməsi və bu təşkilatın Qarabağda yeni təlim düşərgələri açması və fəaliyyət göstərməsi üçün geniş imkanlar var. Beynəlxalq münasibətlər sistemində gərginliyin artması, ermənilərin yenidən “ASALA”-nı dirçəldərək, Azərbaycan və Türkiyəyə qarşı terror hücumları keçirməsi mümkündür.
Biz Tovuz hadisələrində ABŞ-da “ASALA”-nın fəaliyyətinin şahidi olduq. Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi baş verərsə, Azərbaycan Qarabağ danışıqlarından geri çəkilməli, bu ərazilərdə hərbi obyektləri və infrastrukturları vurmalıdır. Göründüyü kimi ermənilər, o qədər arxayındırlar ki, Qubadlıda, Zəngilanda qəsəbələr salıb, xaricdən erməni ailələrini bu ərazilərə köçürürlər. Bu, Qarabağ danışıqlarında Azərbaycana qarşı mesajdır ki, biz bu ərazilərdən çıxmaq istəmirik və sülh danışıqlarında maraqlı deyilik.
Azərbaycan bu haqda beynəlxalq təşkilatlara və Minsk Qrupunun həmsədrlərinə müraciət etsə də, Ermənistan heç bir çağırışları və beynəlxalq hüququ nəzərə almayacaq. Ermənilər beynəlxalq hüququ heçə sayırlar.
Ona görə də Azərbaycan Ermənistanla beynəlxalq hüquq dilində danışmamalıdır. Ermənistanla güc dilində danışmalıdır və ciddi zərbələr vurulmalıdır. Məhz ona görə də Türkiyə Azərbaycanla birgə hərbi təlimlər keçirir və ölkəmizin yanındadır. Mütləq şəkildə siyasi iradə ortaya qoyulmalı, qətiyyətli addımlar atılmalıdır. Ermənistanın məskunlaşma siyasətinin qarşısı alınmalıdır.
Növbəti aylarda hərbi eskalasiyanın baş verməsi mümkün ola bilər. Azərbaycan hakimiyyəti ilk növbədə ordu rəhbərliyində ciddi islahatlar aparıb, sonra işğal olunmuş ərazilərdə hərbi əməliyyatlara başlamalıdır".