“Paşinyan hökuməti normal müzakirələrə hazır deyil”


“Azərbaycan və Ermənistan xarici işlər nazirləri BMT asambleyası çərçivəsində görüşəcəklər”. 

Bunu “Sherg.az”a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. 

Politoloq bildirib ki, rəsmi Bakının gündəmsiz danışıqlara razılıq verməsi xeyrimizə deyil: 



“Gündəmsiz danışıqlar prosesin uzanmasına və status-kvonun qorunmasına xidmət edir ki, bu da sadəcə Ermənistana sərf edir. Məhz İrəvan hökumətinin də istədiyi budur. Nikol Paşinyan deyirsə ki, “Qarabağ Ermənistanındır, nöqtə”, biz bu halda danışıqlara getməməliyik. Çünki danışıqların əsas predmeti Qarabağın işğaldan azad olunmasıdır”. 

Analitikin sözlərinə görə, danışıqlar yalnız ilkin mərhələdə üç rayonun boşaldılması üçün aparılır: 

“Rəsmi Bakı bu məsələdə israrlıdır. Ancaq Ermənistan əleyhinədir. İrəvan deyir  ki, birinci növbədə Dağlıq Qarabağın statusu həll edilməli, ondan sonra sonra üç rayon söhbəti müzakirə olunmalıdır. Ona görə də bu cür danışıqlara ümid bəsləmək əbəsdir.

Danışıqlardan çəkilib, cəbhə boyu güclü hərbi təzyiqlərə başlamalıyıq. Yalnız o halda Ermənistan özü real danışıqlarda maraqlı ola bilər. Hazırda isə Paşinyan hökuməti normal müzakirələrə hazır deyil”.