Politoloq: "Həmsədrlər mənasız görüşlər təşkil etməzdən öncə Ermənistana ciddi təzyiq göstərməlidir"

"Onsuz da XİN rəhbərlərinin görüşündən gözləntimiz yox idi. Çünki Ermənistanın mövqeyi həmişəki kimi qeyri-konstruktivdir”. Bunu Sherg.az-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib. 

Professor bildirib ki, düşmən ölkə rəhbərliyinin münaqişənin həllinə yanaşması bir sıra sərsəm bəyanatlarla və təxribatlarla müşahidə olunur: 

“Adətən Nyu-Yorkda, BMT-nin Baş Assambleyasında təşkil olunan görüşlər ayaqüstü formatda olur. Sanki ATƏT-in Minsk Qrupunun həmsədrləri bu cür mənasız görüşlərin baş tutmasında maraqlıdır. Əslində proses tamamilə başqa formatda getməlidir. Daha doğrusu rəsmi Bakı İrəvanı sülh masasına oturmağa məcbur etməlidir. İşğalçı Ermənistan özünü “qəhrəman” tərəf kimi aparmamalıdır”. 

Politoloqun sözlərinə görə, Ermənistan təcavüzkar ölkədir və onların zəbt etdiyi Dağlıq Qarabağdakı qondarma rejim dünyanın heç bir dövləti tərəfindən tanınmır: 

“Həmsədrlər tərəflər arasında nəticəsiz görüşlər təşkil etməzdən öncə Ermənistana ciddi təzyiq göstərməli, Qarabağdakı qanunsuz proseslərə mane olmalıdır. Əks halda danışıqların Nyu-Yorkda təşkil olunması heçnəyi dəyişmir. Əgər vasitəçilər bu reallığı dərk etmirlərsə, onları başa salmaq lazımdır. Yox əgər qəsdən bu cür yanaşma sərgiləyirlərsə, o zaman birdəfəlik kənara çəkilməlidirlər. Biz problemimizi başqa cür həll etmək gücündəyik”.