"Dünya güclərini ədalət və sabitlik deyil, öz maraqları düşündürür" - Partiya sədri

“Türkiyənin bu əməliyyata başlayacağı heç kəsdə şübhə doğurmurdu. Həmçinin, belə bir hərbi əməliyyat keçirmək Türkiyənin haqqı idi”. 

Bunu Sherg.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

Partiya başqanı bildirib ki, başda ABŞ olmaqla dünya gücləri Türkiyənin sərhəddində terror dövləti qurmaq istiqamətində xeyli işlər görüblər: 

“Qərb ölkələri özlərini “ordu” adlandıran terrorçulara minlərlə silah-sursat yardımı edib. Əlbəttə, Türkiyə kimi dövlətin buna izin verəcəyini və göz yumacağını heç kim gözləmirdi. Eyni zamanda bu əməliyyata başlayacağı təqdirdə dünyanın Türkiyənin haqlı mövqeyini dəstəkləyəcəyi gözlənilmirdi. Çünki, dünya güclərini bu gün ədalət və sabitlik deyil, sadəcə öz maraqları düşündürür. Türkiyənin haqlı davasında kimin onun yanında olub-olmayacağına baxmayaraq, Azərbaycan dövləti birmənalı şəkildə qardaş ölkənin yanında durmalıdır. Qətiyyən şübhəm yoxdur ki, şanlı türk ordusu siyasi rəhbərliyin onun qarşısına qoyduğu tapşırığı tam və qüsursuz icra edəcək. Bununla da Türkiyə müstəqil və iddialı dövlət kimi ona qurulan növbəti tələni darmadağın edəcək”. 

T.Abbaslı hesab edir ki, Qərb dövlətlərini PKK-nın hədəfləri maraqlandırmır: 

“Onlar sadəcə olaraq terrorçulardan istifadə edərək Türkiyənin böyüməsinin, regionda və dünyada yeni güc mərkəzinə çevirilməsinin qarşısını almağa çalışırlar. Lakin unudurlar ki, artıq zaman və Türkiyə dəyişib. Yüz il öncə dünya güclərinin Osmanlının başına açdığı oyunları bu gün şanlı imperiyanın varisi olan Türkiyə Cümhuriyyətinin başına gətirə bilməyəcəklər”.