İlqar Muradov sonbeşiyini evləndirir: "Mən bu gün varam, sabah olmaya bilərəm"

"Qoy sərbəst yaşayıb ailə başçısı olmaq məsuliyyətini hiss etsinlər"



Xalq artisti İlqar Muradov oğlunu nişanlayıb. Adətən ailədən az danışan Xalq artisti hər bir ata kimi oğlunun toyunu, mürvətini görmək arzusunda olduğunu da gizlətmədi: «Hər bir valideynin arzusudur ki, övlad toyu görsün. Əvəz sonbeşiyimdir. İnşallah, 2020-ci ildə toyuna hazırlaşırıq. Bir müddətdir nişanlamışıq. Toyunu da görmək qismətimiz olar».

Xalq artisti övladlarının seçiminə hər zaman hörmətlə yanaşdığını da qeyd etdi: 

«Ailə qurmaq məsuliyyət tələb etdiyi qədər həm də könül məsələsidir. Ona görə də sevgiyə, seçimə sayğı etmək də ata olaraq borcumdur. Oğlum iqtisadçıdır. Düşünürəm ki, savadlı, təmkinli bir övladdır. Vacib olan isə balalarımın can sağlığıdır. Mən Allahdan tək onların sağ-salamat olmasını arzu etmişəm. 5 nəvəm var. Uşaqlarımdan da şükür razıyam. İnşallah, Əvəzdən də nəvə payı görərəm».
 İlqar Muradov oğlu Əvəzin toydan sonra ayrı yaşayacaqlarını da qeyd etdi. Gənc ailələrə hər zaman sərbəstlik verməyin vacibliyini vurğulayan İlqar Muradov «Böyük oğlum da evləndikdən sonra ayrı yaşadı. Əvəz də evləndikdən sonra ayrı evdə yaşayacaq. Onlar gənc ailədirlər, səmimi ortama ehtiyacları var. Valideyn kənardan da əzizləyə, nəzarət edə bilər. Əsas odur onlar üçün rahat şərait olsun. Sevib-sevilən çağlarıdır. Qoy rahat olsunlar. Bizə nə lazımdır? Uşaqlarımız xoşbəxt yaşasınlar. Hamı bir yerdə olanda çətin olur. Bir də həyatın gerçəkliklərini ancaq sərbəst yaşayarkən, qərarlarını sərbəst verərkən görmək olur. Mən bu gün varam, sabah olmaya bilərəm. Qoy sərbəst yaşayıb ailə başçısı olmaq məsuliyyətini hiss etsinlər».

İlqar Muradov Əvəz üçün çaldıracaqları toyun adət-ənənələr çərçivəsində olacağına da eyham vurdu: 

«Təbii ki, toy adətlərimiz var ki, onlar nəzərə alınacaq. El adətimizə uyğun toy nəzərdə tutulur. Müasir çalarların olması da normaldır. Ancaq qaydasında. Toya da sənət dostlarımı dəvət edəcəm, imkanı, vaxtı olan gəlib qatılar. Təxminən 2020-ci ilin noyabr aylarına nəzərdə tutulur toy məclisimiz. İnşallah ki, o vaxta qədər hazırlıqlar da bitər».