Həsənquliyev niyə Seyidovun dairəsindən namizəd oldu? - SƏBƏB

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bu dəfə namizədliyini 36 saylı Xətai dördüncü seçki dairəsindən irəli sürdüyünü deyib. Məlumdur ki, partiya rəhbəri ötən parlament seçkilərində 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən deputat seçilib. 

Onun hazırda namizədliyini irəli sürdüyü 36 saylı Xətai dördüncü seçki dairəsini isə Yeni Azərbaycan Partiyasının üzvü Səməd Seyidov təmsil edirdi.

Səməd Seyidov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin seçiminə münasibət bildirərkən deyib ki, hər kəs istədiyi dairədən namizədliyini irəli sürə bilər: 

“Qüdrət Həsənquliyevin istənilən dairədən namizədliyini vermək imkanı və hüququ var. Buna qarşı çıxmaq doğru hal deyil”. 

Qüdrət Həsənquliyevin dairəsini dəyişdirməsinin səbəbi və partiyanın seçkiyə hazırlığı ilə bağlı Sherg.az-a danışan BAXCP sədrinin müşaviri Azər Qasımov növbədənkənar parlament seçkisinə 32 namizədlə qatılacaqlarını deyib. Partiya təmsilçisinin sözlərinə görə, BAXCP sədri bu dəfə seçkilərə namizədliyini 36 saylı Xətai dördüncü seçki dairəsindən verməyi qərara alıb: 

“Bu, Qüdrət bəyin şəxsi təşəbbüsüdür. Partiyada hər iddialı şəxs özünün məqbul bildiyi dairədən namizədliyini verib. Yəni, partiya rəhbərliyinin namizədlərə heç bir xüsusi göstərişi olmayıb. Əslində, seçkiyə daha çox namizəd vermək imkanımız var idi. Lakin İdarə Heyətinin iclasında belə qərara aldıq ki, daha çox keyfiyyətə üstünlük verək, nəinki kəmiyyətə. Daha yaxşı seçki kampaniyası aparmaq üçün layiqli namizədlərlə seçkiyə getməyi düşünürük. Ona görə də qüvvələrimizi səfərbər etmişik. Qüdrət bəyin BAXCP tərəfindən namizədliyi verilib, dairə isə öz istəyidir”.