Deputat seçirsiz, JEK-ə üzv yox: Vətəndaşları seçki ilə bağlı maarifləndirmək lazımdır

“Parlament seçkilərinə çox sayda ictimai fəalın, gənclərin, vətəndaş cəmiyyəti və KİV təmsilçilərinin qatılması seçki kampaniyasını maarifçiliyə çevirmək üçün fürsət verir”.

Sherg.az-ın xəbərinə görə, bunu siyasi ekspert Zaur İbrahimli deyib. 

Ekspert bildirib ki, yaranmış imkanlardan istifadə edərək seçicini maarifləndirmək lazımdır: 

“Seçicilərə izah etmək lazımdır ki, parlamentə üzv seçirsiniz, bələdiyyə, yaxud JEK və kommunal təsərrüfata üzv seçmirsiniz. Parlament seçkiləri sponsor seçkisi, xeyriyyə marafonu deyil. Ölkənin problemləri sadəcə bir dairənin problemləri, 40-47 min seçicinin çətinlikləri ilə məhdudlaşmır. Millət vəkilləri qanunların qəbulu zamanı fikir söyləyərkən, parlament müzakirələrində iştirak edərkən yalnız bir dairəyə məxsus məsələlərlə bağlı mövqe ortaya qoymurlar. Qanunlar, qaydalar da bir dairə üçün deyil. Parlament bütövlükdə ölkənin inkişafı üçün çalışmalıdır. Millət vəkilləri ayrılıqda heç nə edə bilməzlər, onların əsas vəzifəsi parlamentin güclü, effektiv olmasına çalışmaqdır. Parlamentin ölkədəki problemlərə seyirçi qalmamasına nail olmaqdır”. 



Zaur İbrahimli: “Ölkənin problemləri sadəcə bir dairənin problemləri, 40-47 min seçicinin çətinlikləri ilə məhdudlaşmır”


Z.İbrahimli vurğulayıb ki, seçicilər hökuməti cavabdeh saxlayan, özü də məsuliyyət götürən və təşəbbüskar olan parlament formalaşmasına çalışmalıdır: 

“Buna töhfə verə biləcək şəxslərə dəstək verilməlidir. Yoldan, havadan, sudan, təmir və tikintidən danışmaqdansa, bu problemlərin ölkə miqyasında həllinə çalışan parlamentin formalaşmasının vacibliyindən söz açılmalıdır. Seçilməsi qeyri-mümkün görünən namizədlər ümumi işə təbliğat və təşviqatla töhfə verə bilərlər. Qoy seçicilər maariflənsin, kim seçiləcəksə ona, ümumlikdə parlamentin fəaliyyətinə münasibətdə tələbkar olsunlar. Qısası seçicilərə izah etmək lazımdır ki, balıq yemək istəyənə balıq alıb verməkdənsə, tutmağı öyrətmək və buna şərait yaratmaq ən yaxşı çıxış yoludur”.