Dilimiz əldən gedir, mütləq müzakirə olunmalıdır

Gürcüstandakı soydaşlarımız daha Bakıya təhsil almağa gəlmir

Çünki Azərbaycan dilində ədəbiyyat, riyaziyyat və digər fənlər üzrə ali məktəb pilləsinə şagird yetişdirmək üçün baza qalmayıb


Gürcüstan vətəndaşı olan soydaşlarımız arasında Azərbaycanda ali təhsil alanların sayı getdikcə azalır. Sovet dönəmində Azərbaycan ali məktəblərində gürcüstanlı soydaşlarımız çoxluq təşkil edərdi. Bunu o illərdə ali məktəb tələbəsi olanlar təsdiq edər. Amma son illərdə bu say hiss ediləcək dərəcədə azalıb. Səbəblərsə çoxdur.

Milli Məclisin deputatı Fazil Mustafa “Şərq”ə açıqlamasında səbəblər barədə danışdı: - Əsas səbəb Azərbaycan dilli təhsilin səviyyəsinin aşağı düşməsidir. Müəllim çatışmazlığı var. Yaşlı, təcrübəli müəllimlər təqaüdə göndərilib, onları əvəz edəcək gənc kadrlarsa yoxdur. Müəllim heyəti yenilərlə əvəzlənmir. İkincisi, Gürcüstanda gürcü dilinin öyrənilməsi, bu dili bilmək tələbi qoyulub. Gürcü dilini bilməyənlər dövlət idarələrində işə alınmır. Dərslik problemi də var. Bu məsələ dəfələrlə tərəfimizdən qaldırılıb. Lakin həllini tapmır. Bütövlükdə Gürcüstanda azərbaycanlıların mədəni həyatlarını inkişaf etdirməsinə məhdudiyyətlər qoyulur. Götürək, Elat bayramının keçirilməsinə yaradılan süni əngəlləri. Sonra başqa dövlətlərin təsiri ilə dini cəhalət artıb. Diqqət edəndə görünür ki, dini cəhaləti ehtiva edən tədbirlər əksər hallarda Gürcüstan azərbaycanlılarının iştirakı ilə keçirilir. Burada söhbət zombiləşmiş təbəqədən gedir. Bu da kimlərəsə sərf edir. Bu köklü problemlərin həlli üçün mütləq kompleks tədbirlərin icrasına ehtiyac var. Gürcüstana Azərbaycandan savadlı, bilgili insanlar axın etməlidir ki, durum müsbətə doğru dəyişməyə başlasın. 

Millət vəkili Gürcüstan vətəndaşı olan soydaşlarımızın gürcü dilini öyrənməsində heç bir qəbahət olmadığını, əksinə, bunun vacibliyini vurğuladı: 
- Azərbaycanlılar gürcü dilini öyrənməlidirlər, bilməlidirlər. Bu, vacibdir. Amma eyni zamanda Azərbaycan dilində də təhsil almalıdırlar. Ana dilinin unudulmasına heç cür imkan vermək olmaz. Gürcü dilini bilmək bizim gənclərin gürcü cəmiyyətinə inteqrasiyasına kömək edəcək əsas amillərdəndir. Həmçinin dövlət qulluğunda çalışmaq üçün də gürcü dilini bilmək vacibdir. Amma bunlar heç bir halda ana dilinin unudulması, ana dilli təhsilin zəifləməsi hesabına olmamalıdır. Bəs, Gürcüstan vətəndaşı olan soydaşlarımızın Azərbaycan ali məktəblərinə marağının azalması nəylə bağlıdır? 

Millət vəkili qeyd etdi ki, buna səbəb Gürcüstanda ali məktəb pilləsinə şagird hazırlayacaq ana dilli tədrisin olmamasıdır: 

- O baza artıq yoxdur. Azərbaycan dilində ədəbiyyat, riyaziyyat və digər fənlər üzrə ali məktəb pilləsinə şagird yetişdirmək üçün baza qalmayıb. Buna imkan verilmir. Amma sovet vaxtı şagirdlərə ali məktəb səviyyəsinə çatacaq dərəcədə təhsil verilirdi. Azərbaycan dilli təhsilin ali məktəb səviyyəsi daralır, əvəzində Gürcüstan cəmiyyətinə inteqrasiya, gürcü dilli ali təhsli almaq imkanları genişlənir. Bu məsələlər dövlətlərarası səviyyədə müzakirə edilməlidir. Və çıxış yolları tapılmalıdır.   
         
Xatırladaq ki, Gürcüstandakı soydaşlarımız bir müddət öncə bu ölkənin baş nazirinə müraciət etmişdilər. Sənəddə Gürcüstanda Azərbaycandilli kadrlar hazırlayacaq ali məktəbin təsis edilməsi xahiş olunurdu.

“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin icraçı direktoru Aygül İsayeva məsələ ilə bağlı fikir bildirərək qeyd etmişdi ki, Gürcüstanda Azərbaycandilli universitetin yaranması Azərbaycandilli məktəblərin bağlanmasının qarşısını alar. 
Çünki Gürcüstanda ilbəil Azərbaycan məktəbləri bağlanır. 1989-cu ildə Gürcüstanda 183 Azərbaycan məktəbi fəaliyyət göstərirdi. 2019-cu ildə 120 məktəb qalıb. Məktəblərin bağlanmasının əsas səbəbi kadr çatışmazlığıdır. Təqaüd yaşına çatmış müəllimlərin işdən uzaqlaşdırılması ilə kadr çatışmazlığı daha çox hiss olunur. Amma Azərbaycan dilində universitet yaransa, kadr çatışmazlığı məsələsi həllini tapacaq. Gürcüstan azərbaycanlıları çoxluq təşkil edən milli azlıq kimi bu ölkədə Azərbaycandilli kadr hazırlayan universitetin təsis olunmasını tələb edirlər.